Bankda iş vaxtı bitdi. Bədirə qarşısındakı sənədləri yığışdırıb yerbəyer edəndən sonra paltosunu geyindi. Eyni kabinetdə oturduğu Rasimə ilə sağollaşıb dəhlizə çıxdı. Xidmət zalına keçəndə buradaki işçilərin də getməyə hazırlaşdıqlarını gördü. "Pul köçürmələri" masasının arxası isə boş idi. Nəsrin görünmürdü.
Qonşu masada yır-yığış edən cavan və gəşəng qıza yaxınlaşdı. Bədirə Leyla adlı bu qızı hər dəfə görəndə onu, sözün həqiqi mənasında,yemək istəyirdi. Bunu qızın özünə də demişdi bir dəfə. Demişdi ki, hər dəfə səni görəndə oğlan olmadığıma təəssüflənirəm. Qız təxminən bir il qabaq işə düzəlmiş, banka gəlib-gedən müştərilərin sayı xeyli artmışdı. Leylaya görə gəlirdilər bura.
-Gözəl bala,Nəsrin çıxıb?-Bədirə qızdan soruşdu.
Leyla həmişə ki kimi mehribancasına gülümsəyib hörmətlə cavab verdi:
-Bəli, Bədirə xanım, Nəsrin xanım indicə çıxdı.
Bədirə başını buladı.Deməli, dünən onun nahar fasiləsində dediyi söz əməlli-başlı şəstinə dəyibmiş Nəsrin xanımın. Bu gün səhər Bədirəni gözləmədən işə tək gəldi, nahar fasiləsində gözünə görünmədi. İndi də belə...
Onlar eyni binada yaşayırdılar. Eyni
blokun üçüncü mərtəbəsinfə... Blokun hər mərtəbəsində üç mənzil vardı.
Onların qapıları üzbəüz idi.Ortadaki mənzildə isə Asyagil yaşayırdı.
Bir ildən çox idi ki,işə birlikdə gedib-gəlirdilər.Səhər Bədirə evdən çıxıb
Nəsringilin qapısının zəngini çalırdı.Bərabər yaxınlıqdakı avtobus dayanacağına gedirdilər.Bu adət indiyədək heç pozulmamışdı.
Banka gələndə Nəsrini öz iş masasının arxasında gördü Bəsirə.İncik saldığı rəfiqəsi evdən çıxanda ona xəbər verməmişdi.Növbəti avtobusu gözləməyə məcbur qalmış Bədirə işə on beş dəqiqədən çox gecikmişdi.Ona görə də səhər xidmət zalından keçəndə ayaq saxlayıb Nəsrinə heç nə demədi. Tələsik öz kabinetinə keçdi. Nahar fasiləsində isə Nəsrin özü onun gözünə görünmədi. Deməli,Bədirənin haqlı sözü qonşusunun əməllicə qəlbinə toxunmuşdu. Bankın qapısından çıxıb pilləkəndən düşdü. Filiala bu ilin əvvəlində işə götürülmüş Rövşanə ilə Nigar nəsə danışaraq bərkdən gülə-gülə yanından keçib-getdilər. Hər ikisi nazik geyinmişdi. Fevral ayının soyuğu sanki veclərinə deyildi. Nə soyuq,nə də başqa problemlər... Bədirə qızların arxasınca baxıb ah çəkdi. Otuz dörd yaşı vardı və heç vaxt belə şən olmamışdı.
Ləmanla Minarə pilləkəndən bir az aralıda dayanıb kimisə gözləyirdilər. Yəqin ki, Esmiranı... Yolları bir idi. Bədirə qaşqabağını salladı. Düz iki il idi ki,Minarəni danışdırmırdı. Qızı Solmaz öləndə demişdi ki,Allah Bədirənin balasını bədniyyət olduğuna görə aldı əlindən.
Bunu Ləman xəbər vermişdi Bədirəyə.Bədirə isə dişinin dibindən çıxanı demişdi bu həyasıza.
Ləmanla sağollaşıb sağa döndü və yaxınlıqdakı avtobus dayanacağına doğru addımladı. Nəsrin burada dayanıb avtobus gözləyirdi.
Geyimi necə də yaraşırdı ona. Kasıb dolansalar da,Ceyhun həmişə yaxşı paltarlar alırdı gözəl arvadına. Boy-buxunu, qaməti baxanların diqqətini dərhal cəlb edirdi. Başına bağladığı hicab ağ,toppuş üzünü daha gözəl göstərirdi. Üzündən utancaq bir təbəssüm heç vaxt əskik olmurdu. Elə bil həmişə kimdənsə,nədənsə utanırdı. Qönçə dodaqları qırmızı yanaqları ilə ahəng yaradıb onu yaşından xeyli cavan göstərirdi. Otuz altı yaşında olsa da,heç kəs ona bu yaşı verməzdi.
Bədirə isə rəfiqəsindən kəskin şəkildə fərqlənirdi. Daha alçaqboy idi. Əsmər dərisi sümüklərinə yapışmışdı. Sanki sifətini əllə basıb yastılamışdılar. Bir sözlə, Bədirə üçün nə qədər ağır olsa da,Nəsrinin ondan xeyli cazibədar olduğunu qəbul edirdi.
Nəsrin orta məktəbdə Nafizin sinif yoldaşı olmuşdu. Sonradan heç görüşməsələr də,hər ikisinin deməyinə görə, məktəbdə bacı-qardaş kimi olublarmış. Nəsrin sonradan İqtisadiyyat Üniversitetinə daxil olub. Əslən uzaq rayonların birindən olan Ceyhuna ərə gedib. Nafiz də, Nəsrin də Bakıda doğulub böyümüşdülər. Bədirə isə Bakıətrafı kəndlərdən birində...
Hə... İki il əvvəl Bədirənin on iki yaşlı qızı xəstələnib öldü və o, Nafizlə tək qaldı. Bir müddət sonra Nafiz təsadüfən ər -arvadla rastlaşdı. Ceyhun əlində müəllimlik diplomu olsa da, işsiz imiş həmin vaxt. Nəsrin ərini Nafizlə tanış etdi. Tanınmış rəngsaz və kafel ustası olan Nafiz Ceyhuna onunla işləməyi təklif etdi və Ceyhun razılaşdı. Elə o vaxtdan birlikdə işləyirdilər.
Bir müddət sonra Bədirəgillə üzbəüz mənzildə yaşayan Elmiragil mənzillərini satıb Almaniyaya köçmək istədi. Bunu bilən Nafiz dərman Ceyhuna məsləhət gördü ki, yaşadıqları köhnə həyət evinoi satıb bura köçkünlər. Sonra Nafiz Elmiranın əri ilə danışıb mənzili Ceyhuna dediyi qiymətdən də ucuz satmağa razı saldı. Üstəlik öz cibindən dörd min manat pul da qoydu Ceyhunun mənzili alması üçün. Üstündən bir ol yarım keçməsinə baxmayaraq, Ceyhun həmin pulun yarısını qaytara bilmişdi Nafizə.
Dünən nahar fasiləsində Bədirənin dediyi sözlər, bəlkə də, buna görə Nəsrinin şəstinə dəymişdi. Məsələ burasında idi ki, o biri qonşuları Təyyar da Nafizdən borc pul almışdı. Nə az, nə çox, üç min manat... Aradan bir il keçsə də, borcunu qaytarmaq barədə düşünmürdü.
Bədirə də dünən nahar fasiləsində Nəsrinlə oturanda Təyyarın adını çəkdi. Onun aldığı pulu geri qaytarmamasından gileyləndi. Dedi ki, bəzi adamlar başqasının pulu ilə arvadına alt paltarı alır, fikirləşmir ki, bəlkə,borc aldığı adama da pul lazımdır. Nəsrin bu sözləri eşitdikdən sonra əməllicə tutuldu.
Ancaq o, nahaq yerə hər sözü özünə götürürdü. Bədirə Təyyarın adını çəkməsəydi, bəlkə də, forslanmağa, inciməyə haqqı olardı. Lap tutaq ki,o sözləri deyəndə Ceyhunu nəzərdə tuturdu. Adama deyərlər, pulu almısan,indi də Nafizin əlinin altında işləyib azdan-çoxdan qazanırsan, əvvəlcə borcunu qaytar, sonra arvadına,qızına pal-paltar al. Bədirə bunu deməmişdi axı.
Elə Nəsrinin özünü də bankda işə Bədirə düzəltmişdi. Düzəltmişdi deyəndə ki,boş yer vardı, müsabiqə elan edib adam axtarırdılar. Bu yer üçün gələn neçə qız -gəlini geri qaytarmışdılar. Bədirə Nəsrinə dedi ki, bəlkə,gəlib bəxtini sınayasan. Nəsrin geyinib -keçinib gəldi və onu dərhal işə götürdülər. Yəqin ki, gözəlliyinə, naz-qəmzəsinə görə. Yəni o vaxt Bədirə bu iş barədə ona xəbər verməsəydi, Nəsrin indiyədək işsiz-gücsüz oturacaqdı evdə. Əslində,dünən nahar fasiləsində elə danışmayacaqdı. Üç-dörd ay əvvəl həbsxanadan çıxmış və kənddə ata-anası ilə yaşayan qardaşı Fərmana görə...
Fərman srağagün axşam bədirəyə zəng vurub demişdi ki, ona təcili iki min manat pul lazımdır. Bədirə onu arxayın elədi. Dedi ki, narahat olma,düzələr. Ancaq Nafiz əlində o qədər pulun olmadığını bilirdi. Bədirənin hirsi başına vurdu. Ərinə dedi ki, niyə Təyyardan, Ceyhundan pulunu almırsan. Yaxşı, Ceyhunla yoldaşsan,Nəsrin guya bacındır, bəs Təyyar nəyindir, yoxsa Asyaya görə nəsə deyə bilmirsən ona? Müxtəsər, evdə yenə mərəkə qopdu. Yaxşı ki, Nafiz o gün işləmişdi. İçkili olsaydı, yenə başlayacaqdı Bədirənin ata-anasını söyməyə.
Nafiz əvvəllər az içirdi. Yazıq Solmaz öləndən sonra başladı normasını artırmağa. Təkbaşına yarım litrlik araq butulkasını boşaldır, Bədirə nəsə deyən kimi dava düşürdü. İlk dəfə ana-atası söyüləndə Bədirə acıq eləyib valideynlərinin yanına getmişdi. Ancaq indi belə söyüşlərə alışdığı üçün heç yerə getmir, Nafiz birini deyəndə o, beşini deyirdi.
İnsafən Nafiz içmədiyi vaxtlarda əməlli-başlı adam olurdu. Hamıya can deyib can eşidirdi. Ceyhungil qonşu mənzilə köçüb gələndən sonra dərdi bir az dağılmışdı. Bu ailə ilə qaynayıb-qarışmışdılar. Ancaq içkini tərgidə bilmirdi. Özünə nə qədər söz versə də, araq şüşəsini görən kimi ağzı sulanırdı.
Elə qardaşı Fərman da içməkdə Nafizdən geri qalmırdı. Həbsxanadan çıxandan sonra Bədirə onun arağı necə su kimi içdiyini öz gözləri ilə görmüşdü. Atasıgildə olanda qardaşını xəlvətə çəkib demişdi ki, yazıqsan, içkini tərgit, otuza yaxın yaşın var,hələ ailə qurub bir yana çıxmamısan,axırın necə olacaq...
Qardaşını çox istəyirdi Bədirə.Əslində, Fərman səkkiz il əvvəl həbsxanaya Bədirəyə görə düşmüşdü.
Altıncı mərtəbədə Qürbət adlı bir adam yaşayırdı. Ticarətlə məşğul olub evə yaxşı pul gətirdiyi üçün arvadı Mətanətin forsu yerə-göyə sığmırdı. Onda Nafiz hələ yaxşı usta kimi tanınmamışdı. Bədirəgil biraz kasıb dolanırdı. Bir gün həyətdə Mətanətlə mübahisəsi düşdü. Mətanət dedi ki, orada-burada bizim dalımızca danışırsan, yaxşı yaşamağımız gözünə batır... Bədirə onsuz da bu qadının əlindən yanıqlı idi. Bu sözlərdən sonra isə başı lap xarab oldu və Mətanətin saçına əl atdı.
Adını kişi qoymuş əri bunları balkondan görürmüş. Özünü həyətə çatdırıb Bədirəni kobudcasına itələdi. Sonra nə dedisə,Bədirə onun üstünə atılıb çığıra-çığıra kişini vurmağa başladı. Həmin vaxtlar onların evinə tez-tez gəlib-gedən Fərman böyürdən çıxdı,yüyürüb Qürbətin qarnına dalbadal bıçaq zərbələri endirdi.
Fərmanı tutub apardılar. Qardaşının həbs olunması o vaxt Bədirəyə pis təsir eləmişdi. Bununla belə, onun hərəkətini alqışlayırdı. Çünki əri ölmüş Mətanət ədalı hərəkətləri ilə daha onu yandırıb -tökə bilməyəcəkdi.
Dayanacağa çatıb Nəsrinin yanında dayandı:
-Nə olub,ay qız?Səhər məni çağırmadın, işdən çıxanda gözləmədin... Yəni, doğurdan,belə çox incimisən məndən?
Bədirənin səsi Nəsrini diksindirdi. Üzünə baxıb gülümsəməyə çalışdı:
-Yox,niyə inciyirəm ki...
-Bəs nə olub sənə?Salamlar xoş oxumalar 🌸
ŞİMDİ OKUDUĞUN
Elxan Elatlı -Seçilmiş Cəza
Mystery / ThrillerBakıda, çoxmərtəbəli binaların birində yaşayan orta yaşlı kişi həyat yoldaşının işə getmək üçün evdən çıxdığı səhər saatlarında,öz mənzilində qəddarcasına qətlə yetirilir. Bəli,bu qətlə yalnız belə ad vermək olardı, çünki mərhumun üz və kəllə hissəs...