Səhər gözlərini bir neçə metr aralıda işləyən qartəmizləyən maşının gurultulu səsi ilə açdı . Üzərində büzüşdüyü karton kağızdan başını qaldırıb küçəyə nəzər saldı . Dünən axşam saatlarından yağmağa başlayan qar bu gün şəhəri ağappaq örtüyə bürümüşdü .
Dikəlib kartonun üzərində oturdu , nimdaş paltosunun üstündəki qarı təmizlədikdən sonra kürəyini yanındakı iri zibil qutusuna söykədi. Yuxusuzluqdan şişmiş gözlərini qıyaraq qartopu oynayan uşaqları izləməyə başladı . Tək dərdləri yoldaşlarının qar topasından yayınmaq olan bu körpələr ona necə də xoşbəxt görünürdülər ... Dərindən ah çəkdi . Bir zamanlar o da bu sevinc hisslərini yaşamışdı . Amma o çağların üzərindən uzun illər ötmüşdü . Hətta həmin anları əsrlər əvvəl yaşamış olduğu şübhəsinə qapıldı Ömər . Bir zamanlar qarın yağmasına sevinən uşaq indi qışın bitməsini , qarın tezliklə əriməsini arzulayan bir adama çevrilmişdi . Cünki bu qar onun uşaqlıgında gördüyü kimi məsum deyildi ...Artıq bu qış möcüzəsi onun gecələrini üşüyərək yuxusuz keçirməsinə səbəb olurdu .
" Ola bilsin ki, qar mənim kimi küçədə gecələyən bütün zavallıların ən böyük düşmənidir ."düşündü .
Ayağa qalxmaga çalışdıqda bütün bədəninin uyuşmuş olduğunun fərqinə vardı . Əlləriylə belini tutub bir-iki addım atdı .
Yaxınlıqda məhəllənin iki gənci dayanıb söhbət etməkdə idi . Ömərin qəribə yerişini görən gənclərdən saqqalı olanı :
-Nə olub , Ömər ? Hamilə filan deyilsənki ?- soruşub gülməyə başladı . Digər oğlan da yoldaşına qoşulub güləndə Ömər bu axmaq zarafatı eşitməmiş kimi davranıb gənclərdən uzaqlaşdı .
Həmin oğlanlar ,demək olar ki, onunla yaşıd idilər . Hansısa universitetin hansısa fakultəsində oxuyur , "boş" vaxtlarında da Ömərə sataşmaqla əylənirdilər .
Yavaş addımlarla hər səhər bir neçə dəqiqə isinmək üçün daxil olduğu marketə yaxınlaşdı . Satıcı çox mehriban qadındı və əksər hallarda Öməri isti çaya qonaq edirdi .
Tozlu papağını çıxararaq - Sabahın xeyir , Nuriyyə xala .- deyib öskürməyə başladı .
Qadın onu görüb gülümsədi .
- Xoş gördük , oğlum . Xəstələnmisən ? Otur o stulda . Nuriyyə xalan çay və limonla səni sağaldacaq .
Əyləşib qadının müştərisini yola salmasını gözləməyə başladı . Bu zaman gözləri magazadakı şirniyyatlara sataşdı . İki gün idi ki , dilinə bir tikə də dəymirdi . Baxışlarını məcburən şirniyyatlardan yayındırıb satıcıya baxdıqda bayaqkı müştərinin getmiş, yerinə başqa bir alıcının gəlmiş olduğunu anladı .
Artıq on dəqiqə idi ki , marketə daxil olan adamların onun cırıq , köhnə paltarları üzərindəki narahat baxışlarından sıxılaraq Nuriyyənin vəd etdiyi çayı gözləyirdi . Amma qadının müştərilərin əlindən vaxt tapmayacağını başa düşüb ayağa qalxdı . Burada olmağının insanların əhvalına pis təsir etdiyini anlayaraq qapıya doğru addımladı .
YOU ARE READING
Son qış
Short StoryArtıq bu sondur dediyimiz zaman özümüz belə bilmədən yeni bir başlanğıcın əsasını qoyuruq. Bəs əgər başlanğıc sandığımız şey sonumuzu yaxınlaşdırırsa ...