...

776 67 61
                                    

Xoşbəxt olun sadəcə. Deyərsiniz xoşbəxtlik dediyin nədir axı? Başa salaram sizlərə. Yox, yox, " sən kimsən ki bizə nəyisə başa salasan? " deyə cummayın üstümə. Sadəcə dinləyin məni. Ömrünüzdə bir dəfə də olsa, qışqırmağı kəsib məni dinləyin. Bilib - bilmədən danışmayın. Məni dinləyin sonra sözünüzü deyin. Hə, harada qalmışdıq? Xoşbəxtlikdə. Nədir xoşbəxtlik? Xoşbəxtlik hər insanda müxtəlif olur. Məsələn, bir körpənin gülüşü bir anaya dərdlərini unutdurur. Bir qadının qarşısındakının evlilik təklifinə "hə" deməsi onun üçün xoşbəxtlikdir. Və ya siz ən yaxşısı nənə - babalarınızın yanına gedin, ya da heç getməyin. Sizin bircə zənginiz, sizin səsiniz onlar üçün böyük xoşbəxtlikdir. Ya götürək, neçə ildir gözü görməyən birinin gözlərinin düzəlməsi və neçə ildir həsrət qaldığı günəş işığını yenidən görməsi. Bundan böyük xoşbəxtlikmi var? Anlaya bilirsiniz məni? Bəzən özünüzü başqalarının yerinə qoymaq lazımdır. "Mən onun yerinə olsa idim, necə hərəkət edərdim? Necə düşünərdim? Ağlayardımmı, gülərdimmi ya susardımmı? " söyləyərək özünüzə bir sual verin. Beləcə həyatı daha anlamlı yaşaya bilərsiniz. Görürəm, qətiyyən anlamırsınız. Sadacə yalandan başınız ilə təsdiqləyirsiniz. Amma mən ki sizin gözlərinizdən yağan anlamsızlığı, vecsizliyi çox gözəl görürəm. "Bu nə danışır? Bu ki dəlidir! Heç, nə danışdığını anlamır bu insan!" deyə qəlbində bağıran siz deyilmisiniz? Hə? Eh, bilirəm, onsuz dünyamızda fərqli düşüncəyə, fərqli geyim tərzinə, saça malik olan insanları barmaqla göstərir, dəli bilib gülürsünüz. Siz insanları geyim tərzinə görə mühakimə edənlərdənsiniz. Sanki biz şəkilli kitabıq. Oxumadan üz qabığını görüb bəyənilməyən atılmış kitablar! Amma bilirsiniz nə var? Həmin kitablarda digərlərindən fərqli olaraq, daha çox sirlər gizlənib. Həmin kitablar düşüncəli insan və ya insanlar tərəfindən anlanılmasını gözləyir.

Hələ susursunuz. Lakin mən yenə də danışım, içimdəkiləri töküm. Siz xoşbəxtlik görmək istəyirsiniz. O zaman gedin ya uşaqlar evinə ya da qocalar evinə. Nəsə almağa imkanınız çatmır? Buna nə gərək var ki?! Siz sadəcə gedin və uşaqların dodaqlarında yaranan təbəssümü yaxud yaşlıların kədərli təbəssümünü görün. Hər şeyi anlayacaqsınız. Bunlardır saf xoşbəxtliklər, bunlar.

Sizə məsləhətim bilirsiniz nədir? Uşaqlar kimi xoşbəxt olun. Xoşbəxt olmağı onlardan öyrənin. Güzgü qarşısına keçin və öz əksinizə bir baxın. Nə görürsünüz? Özünüzü? Hə, gəlin mən daha ətraflı izah edim sizləri. Siz robotsunuz! Siz robotlaşmısınız! Səmimiyyətsiz robotlarsız, ey insanlar. Gülüşünüzdən tutmuş göz yaşlarına kimi siz süniləşmisiniz. Neçə zəhləniz getdiyiniz insanın üzünə gülümsünüb "canım" demisiniz? Demirəm, həmin insanı döyüb - söyün. Yox. Susun və sadəcə uzaqlaşın. Qoy, çığırsın, bağırsın, sizi söysün. Lakin siz susun, siz ki içinizdə bilirsiniz ki, artıq ona qalib gəlmisiniz. Üzünə yalandan gülümsəməkdənsə ya onla sözləşməkdənsə, sadəcə uzaqlaşmaq ən böyük qələbədir məncə.

Bir az səmimiyətiniz olsun. Neçə yalanlarınızı örtmək üçün yalandan göz yaşı axıtmısınız? Cavab verə bilərsiniz? Hə, gözlərimə baxırsınız safcasına. Sanki bütün bunları edən siz deyilsiniz.

Ayılın! Ayılın deyirəm sizə! Elə bilirsiniz, zaman sizi gözləyir? Əlbəttə ki, yox. O gündən - günə sizi öldürmək üçün tələsir. Buna görə deyirəm sizə, həyatı yaşayın. Mənalı yaşayın. Özü də yaxşı insan kimi yaşayın. Bilirəm, deyəcəksiniz ki, onsuz da öləndə hər kəs yaxşı insan adı ilə torpağa basdırılır. Bəs sizin iç səsiniz nə deyir? Bəs sizin yas mərasiminə gələnlərin iç səsinə heç qulaq asacaqsınız? Onların sizin haqda necə mənfi düşüncəyə sahib olduqlarını eşitmək lazımdır, əslində. İndi də deyirsiniz ki, onsuz da yaxşılıq etsəm də, məni bəyənmirlər. Hər hərəkətimdə bir səhvlik tapıb sərtcəsinə üzümə çırpırlar. Ah, necə də, anlayıram sizi, əzizlərim. Amma narahat olmayın. Dünyamızda hələ də, az da olsa, insaflı insanlar vardır. Əmin olun mənə. Həm də ki siz yaxşılığı özünüz üçün edin. Qarşılıq gözləmədən edin. Sizin xeyirxahlığınızı anlamasalar da, yuxarıda Tanrı görür. Görür və vaxtı çatanda dəyərləndirəcək.

Bayaq ki məsələyə qayıdaq. Xoşbəxt olun. Hər şeydə, hər insanda yaxşı bir şey tapın. Özünüz üçün tapın. Deyirlər, insan qarşısında əslində özünü görür. Pis insan ətrafının da pisliklərlə dolu olduğunu sanır, yaxşı insanlar isə əksinə. Amma sizə bir şey deyim. Hər insanı da yaxşı bilib güvənməyin. Bilirsiniz, artıq çox da güvən qalmayıb insanlara. Ən yaxın bildiyin insan da gözləmədiyin anda sənə arxadan zərbə vurur. Buna görə özünüz və ətrafınız arasında bir sərhəd qoyun ki, insanlar da bu sərhədi aşıb sizin qəlbinizi qıra bilməsinlər. Artıq yaralı qəlbinizə duz səpməsinlər.

Demirəm sizlərə, kiçik uşaq kimi hər konfet görəndə sevinin. Siz ki hər halda artıq düşüncəli, böyümüş bir insanlarsınız. Sadəcə ətrafınızdakılara şükür edib xoşbəxt olun. "Mən daha yaxşısını istəyirəm" deyib naşükür olmayın. Unutmayın ki, sizdə olan başqasında yoxdur və sizə həsrətlə baxır. Sadəcə var olduğunuza şükür edin. Malik olduqlarınıza şükür edin.

Ən əsası isə özünüz kimi olun. Nə bütün dağları o yaradıbmış kimi özündən razı qürurlu birinə çevrilməyin, nə də ən alçağa düşüb belinizi büküb insanların qarşısında əzilməyin. Güclü olun. Özünüzə dəyər verin. Başqasının sizi alçatmasına heç zaman yol verməyin. Qəlbinizdə hər zaman "Mən də insanam. Mənim də duyğularım, düşüncələrim, xəyallarım var. Mən də sevilməyə layiqəm" deyərək sizi arzularınızdan uzaqlaşdıran, fikirlərinizə hörmət bəsləməyən, sizi anlamayan, sizi sevməyən sadəcə alçaldan, öz işləri xatirinə işlədən insanlardan uzaq olun.

Sevgi məsələsinə də diqqət edək. Dünyamızda gənclərin çoxu "sevgi" deyib dərdə düşməyibmi? Sevginiz qarşılıqsızdırsa, Onu unudun ya da Onsuzluğa öyrəşin sadəcə. Bəlkə O sizin ömrünüzün sevgisi heç deyil? Bəlkə sizin qismətiniz hələ qabaqdadır? Runuzu öldürməyə çalışmayın. Ümidsizliyə qapılmayın. Unutmayın ki, ümid hər zaman vardır. Ən inamsız insanın qəlbində də kiçik ümid qığılcımı gizlənib. Onu oyatmağa çalışın. Heç kim sizə inanmasa da, siz özünüzə qarşı inamı heç vaxt itirməyin. "Mən bacaracam! Mən bunu etməyə qadirəm! " deyib arzularınızın arxasınca qaçın. Bir gün, nəhayət, onlar yorulacaq və siz onlara çatacaqsınız. İnanın mənə. Xoşbəxt olun. Səmimi gülümsəyin. Səmimi ağlayın. Musiqiyə qulaq asın. Kitab oxuyun. Filmə baxın. Yanınızdakılara dəyər verib sevin onları. Həyatınıza şükür edib onu zövqlə yaşayın.

Cover'ə görə canım @adlijoz - a çox təşəkkürlər. "Nə etdim ki, Ayan? " desən də, uyğun şrift tapmaq da bir əziyyətdir məncə :)
Bəyəndinizsə, fikir bildirməyi unutmayın. #Ayan

Kiçik XoşbəxtliklərDonde viven las historias. Descúbrelo ahora