1 №-li Psixiatriya mərkəzinin 2-ci mərtəbəsindən baxçanın təzə biçilmiş, yaşıl otlarına baxıram. Təzə biçilib və təzə sulanıb. Tanış mənzərədir. Eynən... Evimizdəki kimi... Nə isə. Gülməlidir, bu vəziyyətimi bəzəyirəm. Bura bildiyimiz dəlixanıdır.
Az qala hər gün eyni şeyləri görürəm bu pəncərədən. Bir azdan ağ geyimli tibb bacıları əlil arbalarında dəliləri gəzdirməyə çıxacaq. Ağ geyimlərlə kəfənə bükülmüş ölüləri xatırladan dəliləri. Onlara yazığım gəlir səbəb isə vecsiz tib bacılarının ümüdünə qalıblar. Xəstə gəzdirmək adıyla gözdən itən kimi xəstəni bir yerdə saxlayıb ya bir- biriylə söhbət edir, ya da telefonla mesajlaşırlar. Yada hər ikisi. Vəziyyətimin o həddə olmadığına şükr edirəm. Ən azından gəzintiyə çıxanda qollarım açıq olur və rahatca hara istəsəm gedə bilirəm. Təbii ki, məni tək buraxmayan, bir tib bacısı olur arxamda. Düzdü bəzən kimsəylə danışmaq ehtiyacından verdiyim sualları yola verərək cavablandırması çox əsəbləşdirir, amma neynəyim danışmaq istəyirəm. Hərdən "onsuzda dəli diaqnozu qoyulub onlarla istədiyim kimi davranım" deyə fikirləşirəm amma burda bu an tam əmin olduğum bir şey varsa o da dəli olmadığımdır. Əslinə qalsa, həqiqətən dəli olmağı daha çox istəyərdim.
Mən dəli deyiləm və təxminən bir ay əvvəl yaşadığım hadisələr həqiqətdir. Heç kim inanmasada bular olub və hər şey bir də heç vaxt əvvəlki kimi olmayacaq. Dəli olmasam da burdan heç vaxt çıxmayacağam. Hətta sağalsam və məni burda tutacaq bir səbəb qalmasa belə. Burdan çıxıb o evdə birdə yaşamağı ağlıma belə gətirə bilmirəm. Qarşımdakı pəncərəyə qalın dəmirlər vurulması və qapının həmişə bağlı olması məni bir az rahatlaşdırır. Ən azı bura heç kim girə bilməyəcək və mən özümü rahat hiss edəcəyəm. Bunun həmişə belə olacağına ümid edirəm..