Hər nə qədər yazılarımın bir-birinə və bəzən mənim düşüncə tərzimə və ya xarakterimə zidd olduğunu bilsəm də, yazmaq məni rahatladır. Bu insanların duyğularının sıfır və ya sonsuzluq arasındakı fərq qədər olduğu andır. Hansı ki, sən hardan başlayacağını və ya nə yazacağını bilmirsən. Araşdırırısan və hər an özünü inkişaf etdirdiyini anlayırsan. Və hər dəfəsində daha yaxşı, daha kamil olduğunu düşünüb yeni SƏNi də yazmağı qərara alırsan. Necə də qərinə varlıqlarıq... Öz düşüncələrimizi saxlamaq istəyirik, hər şeyi mücərrədlikdən xilas edib konkret bir anlayışa çevirmək, müəyyən bir söz və ya əşya qəlibinə sığdırmaq istəyirik. Necə ki, bizdə xoşbəxtlik duyğusu yarandıqda onu bir xatirə kimi saxlamaq istəyirik, halbuki bizim yaradılışımızda bunları saxlamaq üçün yer onsuz da verilmişdi... Hər şeyi qəlibləşdiririk: bir-birimizi anlamaq üçün. İnsan psixologiyası qəribədir, heç kəs öz hislərini sözlərlə tam ifadə etmədiyini düşünür, lakin hamı eyni cür ifadə edir və bu yolla bir-birlərinin keçirdikləri hisləri qismən də olsa qavraya bilir. Lakin bir müddətdən sonra hər şey stabilləşir, insanın həyatında bütün problemlər həll olunmuş kimi, həmin insan artıq YETKİNLƏŞİB kimi təəssürat oyanır. Nə vaxt ki sən artıq hislərlə yox da, həmin hislərin qəlibləri ilə yaşayırsan... Yaradıcılığa yeni başlayan birisi ancaq ürəyi istəyəndə fəaliyyət göstərir. Peşəkarlar isə hər dəfə kiminsə siparişi ilə və s. yarada bilirlər. Əgər xoşbəxt bir portret yaratmalıdırlarsa, xoşbəxt olarkən yaratdığı portreti xatırlayır və sadəcə hərəkətləri təkrarlayırlar. Əksinə, qəlibdən ilkin hislərin nüsxəsini çıxarmağa çalışırıq və həyatda tez-tez müşahidə etdiyimiz bir anın şahidi oluruq yenə: İlkin variantın yerini heç bir nüsxə vermir, getdikcə keyfiyyətini itirir. Dəfələrlə nüsxəsini çıxardığımız bu hislər artıq dəqiqliyini və ilkin xüsusiyyətlərini itirir. Beləliklə, insan inkişaf edir. İnsan inkişaf etdikcə, onun fikirləri qətiləşməkdənsə, əksinə, daha da dağılır. Şübhəçilik, qeyri-qətilik və s. yaranır. Əvvəllər yazmağa konkret bir mövzu və süjet olurdusa, bu getdikcə bir-birindən əlaqəsiz, biri digərini izləməyən hadisələr ardıcıllığı olacaqdır. Necə ki, Nizami yaradıcılığına və ya hərhansə bir ədibin yaradıcılığına nəzər salsaq, kamilləşmə adlandırdıqları dövrdən sonrakı yazılarında fikir dolaşıqlığı, özünüinkar, analizin şahidi olarıq. Fəqət belə maraqlı bir ünsür də vardır ki, insan ilk dəfə gələndə də heçliklə gəlmişdi. Fikirlər bir müddətdən sonra qəlibləşdi və yenidən dağıldı. Deməli bizim həyatımız üçbucaq qaydası ilə inkişaf edir? Xeyr. Bu bayaq da qeyd etdiyim sıfırla sonsuzluğun fərqidir. Bir-birinə çox yaxın və çox uzaq iki nöqtə.