13.02.1998
Bu dəftəri gələcəkdə bir gün kimlərsə tərəfindən ələ keçirilib ifşa olunmağıma zəmin yaradacağına ümid edərək yazıram ...
O zamana kimi heç kim mənim dilimdən hər hansı bir etiraf eşitməyəcəkdir ...Emiliya Laurens
14 yaşlı bir yeniyetmənin həyatı necə olmalıdır ? Cümləni dəyişək . 14 yaşlı yeniyetmənin bir həyatı olmalıdırmı ?
Zaman-zaman onu anlamadığı üçün valideynləriylə , həmfikir olmadıqları səbəbinə görə yaşıdlarıyla , dərslərdə səriştəsizlik sərgilədiyindən müəllimləriylə , ümumiyyətlə , ətrafındakı hər kəslə savaşmalarından ,
qarşı cinsin bəzi nümayəndələri ilə romantik baxışmalarından savayı bir həyatı olurmu onun ?Amma bu hallar ömrünün sonuna kimi davam etmir , təbii ki. Aqressivliyinə , o cümlədən , sevgi macərası arzularına gətirib çıxaran hormon oynamaları zamanla yatışır və yuxarıda qeyd etdiyim enerji vulkanları heç vaxt püskürməmiş kimi sönüb gedir .
Bir də tək dərdi sevdiyi qrupun və ya komandanın posterini otağın hansı hissəsindən asmaq olan yeniyetmələrdən daha fərqli həyat sürənlər , nifrət etdiyi səs-küylü partilərə , beysbol yarışlarına yalnızca növbəti hədəfini izləmək üçün gedənlər var . Mənim kimi ...
Amma 1997ci ilin baharında başıma o dəhşətli hadisə gəlməsəydi mən də hal-hazırda tipik 14 yaşlı biri olaraq normal həyatımı davam etdirəcəkdim . O hadisə ki , bütün varlığımı , xəyallarımı , məqsədlərimi kökündən dəyişdi , mənliyimin daxilində gizli qalmış Emiliyanı yer üzünə gətirdi .
Keçən ilin mart ayında qonşularımızdan ən varlısı hesab edilən ailənin evində ikinci bir ölüm hadisəsi baş verdi . Ailənin məktəbli qızı Mayanı çardaqda boğazından asılmış halda tapmışdılar .
Məndən iki yaş kiçik olan bu qızı təbiətən sakit , insanlara yovuşmaz xarakterdə biri kimi tanıyırdım . Evlərimiz yanbayan olduğundan pəncərədən baxarkən arabir onu həyətlərindəki ağacın altında oturub kitab oxuyarkən yaxalayırdım . Hətta dəqiqələrlə Mayanı izləmə zəhmətinə belə qatlanmışlığım olub . Mənim ona baxdığımdan xəbərsiz olan uşaq qucağındakı kitabın səhifəsini bir dəfə də olsun çevirməzdi . Boş baxışları hər zaman eyni səhifənin üzərində olardı . Bu da məndə onun kitab oxumaqçün deyil , sırf ailə üzvlərindən uzaqda qalmaq üçün həyətə çıxdığı təəssüratını oyadırdı .
İntiharından bir həftə əvvəl onu məktəb avtobusunda , pəncərənin kənarındakı oturacaqda əyləşmiş halda gördüm . Avtobusun hərəkətsiz olmasına rəğmən Maya sanki dəyişən mənzərələri izləyirmiş kimi diqqətlə pəncərədən bayıra baxırdı . Solğun , qarabəniz simasındakı ümidsizlik yenə gözümdən yayınmamışdı .
Heç kəs onunla əyləşmək istəmədiyindən yanındakı oturacaq boşdu . Həm anasını yenicə itirdiyini , həm də qonşu olduğumuzu nəzərə alıb yanında əyləşdim . Hər ikimizin ünsiyyəti sevmədiyimizə əmin olduğumdan "walkman"ımı (musiqi çalar) , çəhrayı qulaqlıqlarımı və aylardır oxuyub bitirmədiyim kitabı çantamdan çıxardım . Bu kitabı qardaşım ad günümdə hədiyyə etmişdi . Mövzusu hər nə qədər ürəyimdən xəbər verməsə də oxumadan otağın bir küncünə atmağa ürəyim gəlmirdi .
Qulaqcıqlardan hüzurverici bir melodiya səslənərkən avtobus hərəkətə gəldi . Yenicə ikinci cümləni oxuyub bitirmişdim ki , Mayanın mənə baxdığını hiss etdim . Daha doğrusu , əlimdəki kitaba ...
Kitabı qapayıb üz qapağına həkk olunmuş adı göstərdim .
- " Müəmma " - dedim gülümsəyək .- Kitabı istənilən arzumuza çata biləcəyimiz haqqında inandırıcı yalanlarla doldurublar . Yəni , vaxt itkisi ...
YOU ARE READING
Xilaskar
Mystery / ThrillerBu dəftəri gələcəkdə bir gün kimlərsə tərəfindən ələ keçirilib ifşa olunmağıma zəmin yaradacağına ümid edərək yazıram ... O zamana kimi heç kim mənim dilimdən hər hansı bir etiraf eşitməyəcəkdir ...