Soyuq bir qış gecəsi. Buz tutmuş küçələri olan soyuq bir şəhər.. Həyat donub. Buzların üzərinə ləpə-ləpə yağan qarlar bütün şəhəri bəyaza boyamağa çalışır, elə bil.
"Qaçsan qurtularsan!" İnsanlar buna inandıqları üçün isti komalarına qaçır, yanan alovların istisinə sığınır, bəlkədə. İsti buxarıda yanan narıncı alovlar qorxulu görünmür soyuq qış gecəsi kimsəyə. Beləcə, kimsəsizliyin ən gözəl təcəssümü olan soyuq küçələr boş qalır, sanılır..
Ancaq bəyaz qarlara yoldaş olan quru və sərt küləyin ac bir yırtıcı heyvan kimi qarşısına çıxan hər bir canlının üzərinə hücüm çəkdiyi bir anda, hələ də titrək bir nəfəsin solğun istisi duyulur soyuq və kimsəsiz bir küçədə. Bəyaz qar komasına bənzəyən balaca bir yerdə böyük karton qutunun divarına sinib səssizcə bu fırtınanın dinəcəyi anı gözləyir balaca bir qızcığaz. Soyuqdan göyərmiş balaca barmaqları çoxdan donubsa da, hiss etmir. Soyuq olan bəyaz qarlar onun bəyaz bənzini sanki mümkünmüş kimi daha da bəyaza boyamaq üçün çabalayır və o, buna qarşı çıxa bilməyəcək qədər zəifdir. Anbaan rəngi solmuş dodaqlarının arasından çətinliklə çıxan hər nəfəsi solur bu qaranlıq qış gecəsində. Getdikcə yox olan içindəki istiliyin bu amansız soyuğu azacıq belə isidə bilməyəcəyinin də fərqindədir. Beləcə, sərt şaxta acgözlük və doyumsuzluqla onun bədənindəki bütün istini də yarandığı kimi hüsranla bitən ümidləri ilə birlikdə özündə yox edir. Göz qapaqları ağırlaşır və üzündə yuvarlanan yaşlar çoxdan ümidsizliyin təcəssümü kimi yoxa çıxıbsa da, onlardan geriyə qalan izlər yanaqlarını acışdırır. Və bu balaca halı ilə belə bilir ki, artıq mübarizə aparmaq mənasızdır. Bu amansız soyuq qarşısında zavallı bir qızcığaz olan onun kimsənin fərqinə varmadığı mübarizəsinin sonu yetişir...
Və budur, bərk-bərk sıxdığı əlləri yanına düşdüyündə sol ovcunda parlayan balaca bir kürəcik, hansı ki, bir daha heç vaxt nəvazişini hiss etməyəcək qədər uzaqda olan anasının hədiyyəsi idi ona, daş yolda cingiltili səsi ilə yuvarlanaraq bəyaz qarların arasıda özünə yol alır. Zavallı qızcığaz onu saxlamaq üçün irəli can atırsada, bədəninin tərpədəcək güc tapmır soyuqdan buz tutmuş cismində. Etdiyi tək şey o balaca kürəcik kimi parlaq olan kömür qarası gözlərini ona dikib izləməkdir. Kürəciksə ona inad edərcəsinə dayanmadan diyirlənir - diyirlənir. Ta ki, bir "Ding!" səsi duyulana qədər. Dünya sükuta qərq olur o an sanki və qızcığazın göz bəbəkləri kürəcikdən ayrılıb onu dayandıran qarların içində ulduzlar kimi parlayan çəkmələrə baxır çətinliklə. Onlar o qədər gözəldir ki, kimə məxsus olmaları isə heç onu maraqlandırmır o anda. Amma gözləmədiyi bir şey onu heyranlıq dolu baxışlarına aydınlıq gətirir. Göydən tökülən qar qədər bəyaz bir əlin onun kürəciyinə uzanması onun baxışlarını ayaqqabıların sahibinə yönəldir. Rəngli geyimi, hansı ki, ona gülməli görünür; şabalıdı rəngli, biraz da sarıya çalan qızılı tonlarda saçları olan biri onun kürəciyini qarların içindən götürərək ona yaxınlaşır addımbaddım. Qəribədir, anasının "Yad insanlar qorxuludur!" deyə etdiyi nəsihətləri unutmuş kimi olan qızcığaza bu yad adamın gülümsəməsi və parlaq ayaqqabılarının cingiltisi xoş gəlir. Axı, anasının nağıllarını xatırladır ona. Lakin nağıllar sona yetmədən bir anda səslər susur. Və keçmiş xatirələr, pərilər və divlər yox olur. Geriyə saçlarında hiss etdiyi isti bir toxunuş qalır. Bəs, görəsən saçlarında gəzinən əlin sahibinin kürəciyini götürən gənc olduğunu bilirmi ki, zavallı qız?
- Hey! Gülümsə! - deyir, ona gülümsəyərək, saçları səliqəli daranmış, cingiltili səsli ayaqqabıların sahibi. Üzündəki böyük yuvarlaq eynəyi və gülümsəməsi lap nağıllardakı pərilərə bənzədir onu. 'Biraz boyu uzun olmasa idi...' - deyə, köks ötürür qızcığaz heç özü də fərqində olmadan. Ancaq, qəribədir ki, o an parlaq gülümsəməsi olan bu gənc onu duymuş kimi qamətini əyib ayaqlarının üzərinə çökdüyündə qızcığazın içində gülümsəmək istəyi yaranır, sanki, səbəbini bilmədiyi sevinc qığılcımlarının qucaqladığı bir ümid oyanıb içində. Və bunu ona göstərmək, bəlkədə elə onun kimi dizlərinin üzərində oturub pəri sandığı bu şəxsin o simasına baxmaq istəyir qızcığaz da. Axı, hər gün bir pəri, həmdə belə parlaq rəngli çəkmələri olan, al-əlvan geyimli bir pəri görə bilməzdiniz! Lakin soyuqdan donan bədəni eləcə yerdə uzanarkən, iç çəkir səssizcə. Onu tanımadan yuxuya gedəcək çünki...
YOU ARE READING
Unudulmuş Şəhərin İşıqları #Watty_aze2017
Fanfiction"Hey! Gülümsə! Səni sevirəm!" Ona dair xatirələrimdə mənə qalan bir tək bu oldu. Ulduzlar kimi parlayan çəkmələrini və yuvarlaq eynəyini nəzərə almazsaq, əlbəttə. Hə, birdə, gülüməsəməsi vardı, ah, necə unuda bilərəm ki, mən?! Axı, həyatda asanlıq...