Hər bir ölkədə təhsilin, elmin, mədəniyyətin təbliğində və inkişafında kitabların rolu əvəzsizdir. Bu baxımdan onların qorunub saxlanmasında kitabxanalar mühüm rol oynayır. Alman şairi Höte kitabxanaları insanlığın yaddaşı adlandırırdı.Kitabxanalar qədim zamanlardan bəri insanların xidmətindədir. Əlimizdəki məlumatlara görə ilk kitabxana Assurların zamanında qurulmuşdu. Burada hökmdara aid olan kitablar şiş uclu alətlə gil lövhələrə yazılıb saxlanılırdı. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük mədəniyyət ocağı idi. Bu gün Azərbaycanda 9000-ə yaxın kitabxana var. Lakin bizdə kitabxanaya getmək davamlı vərdişlərimiz arasında yer almayıb. Qəribə ola bilər, amma bir çox kitabxanalara çatmaq da asan deyil. Ya təmirdədirlər, ya yerləşdikləri yerdə nəqliyyat sıxlığı yaşanır, ya da başqa bir səbəb mütləq var.
Heç şübhəsiz, gənc nəslin kitabxanalara getməməsinin başqa səbəblərindən biri internetdə onlayn kitabların olmasıdır. Amma nəşr olunmuş qaynağa baxmadan internetdəki məlumatlara inanmaq bizi yanlış bilgilərə apara bilər. Məsələn, bir neçə il əvvəl internetdə Qabriel Qarsia Markesin "Vida məktubu" adlı bir məktubu yayılmışdı. Əslində isə Markes heç vaxt belə bir məktub yazmayıb. Və ya Mətin Üstündağa aid bir şeir Bəhzat Necatgilə aid edilmişdi. Ümumiyyətlə, kitabxanalarla interneti bir arada işlətmək lazımdır deyə düşünürəm, çünki ensiklopediyalardakı məlumat yayım tarixindən bəri məlumdur, amma internetdəki hər hansı bilgi yenidir və ya son illərə aiddir. Əlbəttə, müqayisə edəndə internetlə kitabxana arasında ciddi fərqlər var. Məsələn, kitabxanaların bağlanma saatı. İşdən çıxanların o vaxtda açıq olan kitabxana tapıb, ondan yararlanması demək olar ki, mümkün deyil. Bu gün bir çox ölkədə 24 saat xidmət göstərən kitabxanalar var. Bəzi ölkələrdə isə 24 saat işləyən universitet kitabxanaları. Bu rejimin ölkəmizdə olması da zəruridir. Ən azından imtahan müddətində universitet kitabxanaları 24saatlıq iş rejiminə keçməlidir ki, tələbələr imtahana daha rahat hazırlaşa bilsin.
Bundan başqa "qəsəbə kitabxanaları" proyekti olmalıdır. Elmin, sənətin təməli kitaba dayanır deyirik .Buna görə də uşaq yaşlarından məktəblilərə kitab oxumağı aşılamalıyıq. Hər bir qəsəbədə-oxucuya yaxın yerdə mədəniyyət ocağının olması da məhz buna görə vacibdir.Məsələyə digər tərəfdən yanaşsaq görərik ki, qızların təhsildən yayınması halları da burdan qaynaqlanır. İllərlə bu problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Belə davam edərsə, Azərbaycan qadının təhsildən tamamilə uzaq düşməsi reallaşacaq. Etiraf edək ki, ölkəmizdə ziyalı, savadlı qadınların ortaya çıxması üçün normal şərait yaradılıb. Lakin kənd, qəsəbə kitabxanalarının yaradılması bu problemin həllinə ciddi təsirini göstərəcək. Eləcə də paytaxtdan kənarda olan, təhsilsiz qadınların da maariflənməsinə səbəb olacaq.
Doğrudur, bu gün bir çox qəsəbədə bu reallaşıb, amma görək, hər qəsəbədə bu varmı? Məsələn, Əmircan qəsəbəsində yerləşən, 1926-cı ildən fəaliyyət göstərən A.A.Bakıxanov adına kitabxana yenicə təmir olunub, oxucuların istifadəsinə verildi. Buna baxmayaraq, 28363 nəfər əhaliyə xidmət göstərən bu kitabxanada hələ də bəzi çatışmazlıqlara rast gəlinir. Belə ki, yeni nəşr olunan kitabları oxucular burada tapa bilmir. Uşaqlara, gənclərə çox oxumağı, internet kafelərdən, zərərli vərdişlərdən uzaqlaşmağı təlqin etmək istəyiriksə, qəsəbə kitabxanalarının inkişafına daha çox diqqət ayırmalıyıq.
Və sonda, ağlımızda saxlamağımız lazım olan kitaba təkcə qapılarımızı deyil, həm də könüllərimizin qapılarını açmalı və onarla dost olmalıyıq. Kitablar bizi istədiyimiz zənginliyə, gözəlliyə çatdırar. Ölkə olaraq oxuyan, araşdıran, çalışan, düşünən beyinlərə ehtiyacımız var. Gəlin kitabxanalarımızı çoxaldıb, çayxanalarımızı azaldaq. Uşaqlarımızı, gənclərimizi kitabla tanış edək. Beyinlərimizi və qəlbimizi kitablarla inkişaf etdirək.
![](https://img.wattpad.com/cover/98705220-288-k285947.jpg)
ŞİMDİ OKUDUĞUN
Məqalələrim
Non-FictionYazdıqlarım ürəkdən gəlir, çünki prinsiplərimə ürəkdən iman etmişəm və onlar mənə stimul verir. Mən təbliğat aparıram və bu cahilliyə, bədbinliyə qarşıdır.