Küçələrdə yadlaşanlar.

30 11 7
                                    

Dünyada hər şeyin mərkəzinə insanı qoymaq və “insana görə” dəyərləndirmək ümumiyyətlə qəbul ediləndir amma bu hər zaman belə olmur. İnsan insanı anlamalıdır. Bu da bəs etmir. İnsan təbiəti anlamalıdır. Bitkiləri, heyvanları... Üstəlik insanı hər zaman mərkəzdə qəbul etmək də şərt deyil.
Hər yay istilərdə sosial şəbəkələrdə “bir qab su” deyə paylaşımlar edilir. Havaların istiləşməsi insanlara olduğu qədər heyvanlara, bitkilərə də təsir edir. Necə ki, bitkilər su olmadan solub ölür, heyvanlar da həmçinin bu taleyi yaşayırlar. Lakin nədənsə heyvanlara qarşı o qədər də həssas deyilik. Nə də olsa, can bizim canımız deyil. Heyvanların danışa bilmədiyini, onların da yaşamağa haqlarının olduğunu, buna görə bizə möhtac olduqlarını xatırlasaq, bəlkə kor olan vicdanımız yenidən görməyə başlayar.
Restoranlara, kafelərə gedəndə artıq qalan yeməklərimizi götürüb küçədəki itlərə, pişiklərə verə bilərik məsələn.Beləcə həm israf etmiş olmarıq, həm də zibilliyə atılacaq yemək bir heyvanın qarnını doyurar. “İt, pişiklər ac qalmır, Allah onların ruzisini verər” deyə düşünməyin. Təəssüf ki, ac qalırlar, hətta aclıqdan ölürlər. Ən azından artıq qalanlarınızı onlara verin. “Küçə heyvanlarından qorxuram” deməyin. Əslində onlar da sizdən qorxur, bəlkə sizdən də çox.
Payız gəlib, havalar soyuyur. İndi başqa  bir xəbərdarlıq etmək lazımdır: Yazın əvvəlində həvəslə it, pişik alanlar var. Həyətdə uşaqları oynasın, tək qalmasın, evini qorusun deyə. Sonradan həmin heyvanlar küçələrə atılır. Bu kimi hallara çox rast gəlmək olar. Heyvanların atılması nədənsə oktyabr, noyabrda – havaların soyumağa başladığı və ya məktəblərin açıldığı dövrə təsadüf edir. Heyvanlar körpə vaxtından analarından ayrılıb zoomarketlərdə qəfəsin içində  satışa çıxarılırlar, biri gəlib onları alsın, isti yuvaları olsun deyə gözləyirlər. Biri gəlib onları alır isti yuvaları oldu deyə düşünərkən, küçələrə atılırlar. Artıq nə yemək verənləri var, nə  su verənləri, nə də onları oxşayan bir əl... Çarəsiz qalırlar, qorxurlar, sağ qalmaq üçün həyat mübarizəsi aparırlar. Bəzilərini yolda maşın vurur, bəziləri qorxaraq baxır gözlərimizə. Bir qab su, bir tikə yemək üçün yalvararaq gəlirlər yanımıza. Bəzi sakinlər hərdən yemək verir, bəziləri isə gecələr hürür deyə çörəyin içində iynə verib öldürürlər. Doğrudur, gecələr hürə bilərlər. İtlər hürür, pişiklər miyoldayır, dalğalar sahili döyəcləyir, yağış pəncərələrə vurur. Bunlar təbii səslərdir. Təbii olmayan bundan narahat olan insanlardır.
Küçə heyvanları zibilləri dağıdır, natəmizlik yaradır deyə onları öldürməyin. Düzdü, zibilləri dağıdırlar amma niyə? Çünki itlər, pişiklər zibilikləri yemək olaraq görür, ona görə də dağıdırlar. Əgər siz artıq qalan yeməklərinizi bir kənara qoysanız, onlar da zibillik axtarmaq məcburiyyətində qalmazlar. Uşaqlarınıza küçə heyvanları ilə davranış qaydalarını öyrədin. İtlər dişləyir, pişiklər cırmaqlayır amma insanın edə biləcəklərinin sərhəddi yoxdur.
Ölkəmizdə “Vəfalı dostlar” adlı sığınacaq var. Heç olmasa heyvanları ora göndərin, ətrafınızdakıları  bu haqda məlumatlandırın.
Hər şeydən əvvəl insan olmaq mərhəmət və vicdan mərtəbəsində bir addım öndə olmağı tələb edir.

MəqalələrimHikayelerin yaşadığı yer. Şimdi keşfedin