Sən mənimlə öz adi yüngüllüyün və şənliyinlə danışdın, sanki biz köhnə tanışlar idik – ah, sən axı heç nə
bilmirdin, mənim həyatım haqda heç vaxt heç nə bilməmişdin – mənimlə elə sadəliklə danışdın ki, mən hətta
sənə cavab vermək üçün özümdə güc də tapdım.
Biz küçənin tininə çatdıq. Sən bir yerdə şam eləmək təklif elədin və mən razılaşdım. Sənə necə etiraz edə
bilərdim axı?! Biz birlikdə kiçik bir restoranda şam elədik – oranı xatırlayırsan? Yox, yəqin ki, sən o gecəni digər ona oxşar gecələrdən fərqləndirmirsən, axı mən sənin üçün kim idim ki? Yüzdən biri, təsadüfi macəra, sonsuz zəncirdə bir bənd…
Həm, axı məni sənə nə xatırlada bilər? Mən demək olar ki, heç danışmırdım, səninlə üzbəüz oturmaq, səsini eşitmək özü böyük bir xoşbəxtlik idi. Bu qızıl dəqiqələrin heç bir anını qaçırmamaq üçün mən artıq sual verməkdən, artıq söz deməkdən qorxurdum.
Mən həmişə təşəkkür hissi ilə xatırlayıram ki, sən həmin gün mənim düşüncələrimi necə də doğrultdun, sən necə diqqətcil, sadə və təbii oldun; elə ilk dəqiqələrdən sən mənimlə elə sərbəst, dostcasına danışdın ki, mən əgər artıq uzun müddətdən bəri sənin olmasaydım belə, sən elə həmin an məni özünə bağlayardın. Ah, sən heç bilmirsən, mənim 5 illik gözləntilərimi doğruldaraq mənim necə böyük bir arzumu həyata keçirdin…
Biz stoldan qalxanda artıq gec idi. Restoranın çıxışında sən məndən evə tələsib tələsmədiyimi soruşdun. Mən
səninlə getməyə hazır olduğumu necə gizlədə bilərdim?! Dedim ki, hələ vaxtım var. Onda sən bir saniyə düşünərək bir az söhbət eləmək üçün sənin evinə getməyi təklif etdin.
- Məmnuniyyətlə! – mən qeyri – bir hissə tabe olaraq dedim və o an hiss elədim ki, cavabımın belə tezliyi səni sevindirmək və razı salmaqla yanaşı, həm də çox təəccübləndirdi.
Mən indi sənin təəccübünü başa düşürəm: mən bilirəm ki qadınlar adətən tabe olmaq istəklərini gizlədirlər, hətta təklikdə istəkdən yansalar belə, özlərini qorxmuş və ya utanmış göstərirlər və ancaq uzun xahişlərin və yalançı vədlərin sonunda razılıq verirlər.
Mən bilirəm ki, ola bilər ki, bu cür dəvətə ya sevgini çörək qazanmaq üçün istifadə edən fahişələr ya da
tamamilə təcrübəsiz qızlar belə cəld razılıq verirlər. Ancaq mənim cavabımda minlərlə darıxdırıcı günün nəticəsindən yaranan daxili istək, həvəs var idi.
Elə, ya da belə, sən təəccüblənmişdim, mən səni maraqlandırmışdım. Mən hiss edirdim ki, sən mənə oğrunca,
təəccüblə nəzər yetirirsən. Sənin səhvsiz hissiyatın, insanları tanımaq bacarığın o dəqiqə sənə demişdi ki, bu incə görünüşlü qızda nəsə bir
tapmaca, qeyri-adilik var. Səndə maraq oyanmışdı və sənin ehtiyyatlı suallarından başa düşürdüm ki, sən bu tapmacanı tapmağa çalışırsan.
Ancaq mən birbaşa cavablardan qaçırdım, öz sirrimi açmaqdansa sənin gözündə sadəlövh görsənməyi üstün tuturdum.
Biz sənin evinə qalxdıq. Sevgilim, bağışla, ancaq sən başa düşə bilməzsən mən hansı hisslərlə həmin pilləkənləri qalxdım. Başa düşə bilməzsən bu necə sərxoşedici, əzabverici, demək olar ki, öldürücü bir xoşbəxtlik idi.
Mən indi də bu bəradə düşünəndə gözüm yaşarır, baxmayaraq ki, mənim daha göz yaşım qalmayıb. Amma sən bir şeyi düşün ki, orda hər şey mənim ehtiraslı sevgimlə bəzənmişdi, hər şey mənim uşaqlığımın və əzablarımın
simvolu idi: min dəfələrlə qarşısında səni gözlədiyim dəhliz, bütün ruhumla sənə can atdığım anlarda səni izlədiyim gözlük, bir zaman üstündə dizi üstə dayandığım sənin qapının önündəki kiçik xalça, açarın qapıda
şıqqıltısı – bu səsi eşidəndə mən neçə dəfə yerimdən dik atılmışam!
Bütün uşaqlığım, bütün ehtirasım bu dar boşluqda cəmlənmişdi; burada mənim bütün həyatım məskunlaşmışdı və indi o mənim üzərimə çökürdü, axı hər şey, hər şey həyata keçmişdi, mən sənin yanınca gedirdim – sənin yanınca öz evimizə gedirdim.
Bəlkə də bu banal səslənir, ancaq mən bunu başqa cür təsvir edə bilmirəm – sənin qapına kimi olan bütün
həyat – həqiqət, mənasız həqiqi günlər idi, qapının arxasından isə kiçik uşağın möcüzəli hökmdarlığı, Ələddinin çarlığı başlayırdı; düşün ki, mən min dəfələrlə indicə girdiyim bu qapıya alovlu gözlərlə baxmışdım və onda hiss eliyəcəksən, ancaq heç vaxt başa düşməyəcəksən ki, bu an mənim həyatımda bu necə təkrarolunmaz idi.
Mən bütün gecəni sənin yanında qaldım. Sən heç təxmin eləmirdin də ki, sənə qədər mənim bədənimi heç bir başqa kişi nə görüb, nə də ona toxunub. Sən necə bunu təxmin edə bilərdin axı, sevgilim, axı mən səndən qaçmırdım, utanc hissimi özümdə boğurdum ki, sən mənim sevgimin sirrini bilməyəsən, axı o səni qorxuda bilərdi, çünki sən ancaq yüngül, çəkisiz, təsadüfi şeyləri xoşlayırsan, sən kiminsə taleyinə qarışmaqdan qorxursan. Sən özünü bölürsən, özünü bütün dünyaya verirsən və qurban istəmirsən. Sevgilim, əgər mən indi deyirəmsə ki, sən mənim birlikdə olduğum ilk kişi idin, xahiş edirəm məni tərs başa düşmə!
Mən səni günahlandırmıram. Sən məni aldatmadın, özünü sevdirməyə çalışmadın – mən, mən özüm gəldim,
özüm sənin qucağına, öz taleyimin qarşısına atıldım. Heç vaxt,heç vaxt mən səni günahlandırmayacam, əksinə sənə çox minnətdaram,
Çünki mənim üçün o gecə elə zəngin, elə xoşbəxtliklə dolu idi ki! Mən qaranlıqda gözlərimi açıb səni yanımda görəndə təəccüblənirdim ki, mənim ulduzlu səmanın üzərində deyiləm. Yox, mən heç vaxt heç nəyə görə peşman olmamışam, sevgilim, bu gecə hər şeyə dəyərdi. Və mən xatırlayıram ki, sənin yuxulu nəfəsini, yaxınlığını hiss edəndə mən qaranlıqda xoşbəxtlikdən ağlamışdım. Səhər mən getməyə tələsirdim.
Həm vaxtında maqazində olmalı idim, həm də sənin qulluqçun gəlməmiş getmək istəyirdim ki, o məni görməsin. Paltarımı geyinib sənin qarşında dayananda sən məni qucaqladın və uzun müddət üzümə baxdın: sən keçmişdən qalma nələrisə xatırladın, yoxsa mən sadəcə xoşbəxtliklə nəfəs aldığım üçün sənin gözünə gözəl görsəndim?
Sonra sən mənim dodağımdan öpdün. Mən səni astaca itələdim və qapıya tərəf çöndüm. Sən soruşdun:
Özünlə gül götürmək istəyirsən?
Mən: – Hə – dedim. Sən yazı stolunun üstündəki göy büllur vazadan (mən bu vazanı uşaq vaxtı sənin otağında
olduğum andan xatırlayıram) dörd dənə ağ qızılgül çıxartdın.
O qızılgülləri mənə verdin və mən hələ bir neçə gün onları öpdüm. Biz bir dəfə də görüşməyə sözləşdik. Mən
gəldim və yenə də hər şey möhtəşəm oldu. Sən mənə daha bir – üçüncü gecəni də hədiyyə etdin. Sonra dedin ki, getməlisən – uşaqlıqdan bu səyahətlərə elə nifrət edirdim ki! – və söz verdin ki, evə qayıdan kimi mənə xəbər eliyəcəksən. Mən sənə ünvanı verdim. Adımı sənə demək istəmədim, öz sirrimi qorumaq istədim. Sən yenə də sağollaşanda
mənə qızılgüllər verdin.
Hər gün, iki, üç ay ard – arda mən çalışdım ki… yox, lazım deyil, axı bu gözlənti əzabların təsvir etməyin nə
mənası var? Mən səni günahlandırmıram, mən səni olduğun kimi, unutqan, şən, etibarsız bir insan kimi sevirəm. Sən çoxdan qayıtmışdın, mən bunu səni işıq yanan pəncərəndən görürdüm, ancaq mənə yazmırdın. Mənim bu son saatımda səndən bir misra belə qalmayıb, bütün həyatımı verəcəyim bir misra belə…
Mən hövsələ ilə gözləyirdim, ancaq sən məni çağırmadın, bir misra da yazmadın mənə… bir misra da…
… Mənim körpəm dünən öldü – o həm də sənin körpən idi. Bu həm də sənin körpən idi, sevgilim – həmin üç
gecədən birinin körpəsi; sənə and içirəm və sən özün də bilirsən ki, ölüm qarşısında insan yalan danışmaz. Bu bizim körpəmiz idi, and içirəm, çünki mənə səninlə olduğum saatdan körpəm doğulan günə qədər bir kişi də toxunmamışdı. Mən bədənimi sən ona toxunduğun andan etibarən müqəddəs hesab edirdim.
Mən axı özümü mənim üçün hər şey olan səninlə və təsadüfən qarşıma çıxan birisi ilə necə bölə bilərdim? Bu
bizim körpəmiz idi, sevgilim, mənim dərin sevgimin və sənin qayğısız və axıcı sığallarının körpəsi, bizim
körpəmiz, bizim oğlumuz, bizim yeganə uşağımız.
Ancaq sən məndən soruşa bilərsən – bəlkə qorxu ilə, bəlkə də, təəccüblə – soruşa bilərsən ki, niyə mən bizim
uşağımız haqqında uzun illər susmuşam və bu barədə yalnız indi, o burada qaranlıqda uzanıb, gözlərini
həmişəlik yumanda danışıram.
Amma mən bunu sənə necə deyə bilərdim? Sən heç vaxt mənə, naməlum qadına, heç bir müqavimətsiz, bircə sözünlə sənə təslim olan üç gecənin təsadüfi rəfiqəsinə inanmazdın, inanmazdın ki, mən həmişə sənə sadiq olmuşam və yalnız şübhə ilə bu uşağı özününkü hesab edərdin. Hətta əgər mənim sözlərim sənə həqiqətəuyğun görsənsə belə, sən heç vaxt gizli bir fikirdən əzab ola bilməyəcəkdin ki, mən səni, varlı insanı yad bir uşağın qayğıları ilə bağlamağa çalışıram. Sən mənə şübhə ilə yanaşardın və bizim aramızda kölgə, qarışıq, nəzərəçarpmaz etibarsızlıq kölgəsi qalardı. Mən bunu istəmirdim. Həm də mən səni tanıyırdım axı; mən səni sənin özünü tanıdığın kimi tanıyırdım, başa düşürdüm ki, sənə –
qayğısız, yüngül şeyləri sevən, sevgidə ancaq oyun axtaran birinə ata olmaq, kiminsə taleyinə cavabdeh olmaq
ağır gələrdi. Sən – tam sərbəstliyə öyrəşmiş insan – özünü mənə bağlanmış hesab edərdin. Və bilirəm ki, sən özündən aslı olmadan mənə səni özümə bağladığıma görə nifrət edərdin. Bəlkə də, bir saatlıq, bəlkə də bir neçə dəqiqəlik mən səninçün ağırlıq, yük olardım – mən isə öz qürurumdan istəyirdim ki, sən bütün ömrün boyu mənim haqqımda qayğısız və narahatlıqsız düşünəsən.
Ancaq, təəssüf ki, sən mənim haqqımda heç zaman düşünmədin, məni unutdun…
Mən səni günahlandırmıram, sevgilim, yox, qətiyyən günahlandırmıram! Əgər bu sətirlərdə bir damcı da olsun kədər hiss eliyirsənsə məni bağışla, axı mənim körpəm, bizim körpəmiz
mənim yanımda, şam işığının şüaları altında ölü şəkildə uzanıb; mən yumruğumla Allahı hədələdim və onu qatil adlandırdım, fikirlərim çox qarışıb. Şikayətimi bağışla, onları mənə bağışla! Axı mən bilirəm ki, sən qəlbinin dərinliyində mülayim və xeyirxahsan, sən hər kəsə, sənə müraciət edən yad insanlara belə kömək edirsən. Ancaq sənin yaxşılığının da özünəməxsus xüsusiyyəti var, o hər kəs üçün açıqdı, hər kəs ondan əlinə sığdığı qədər nəsə qoparda bilər; o böyükdü,sərhədsizdi, ancaq bağışla məni, o tənbəldir, o xatırlanmağı, xahişi gözləyir. Sən ancaq səni çağıranda, sənə ehtiyac olanda kömək edirsən, utandığından və zəiflikdən kömək edirsən,
yaxşılıq üçün hazır olduğundan deyil.
Sən – icazə ver bunu sənə deyim – köməyə ehtiyacı olan insanı, özün kimi şən, qayğısız insanlardan heç də
çox sevmirsən. Ancaq sənin kimi insanlardan, lap ən xeyirxahlarından belə nəsə istəmək çətindir.
Bir dəfə mən uşaq olanda gözlükdən sənin qapını döyən bir dilənçiyə necə pul verdiyini gördüm. Sən, o heç hələ səndən heç nə istəməmiş ona pul verdin, hətta çox pul verdin, ancaq bunu necəsə qorxu və tələskənliklə etdin, sanki istəyirdin ki, o tez çıxıb getsin; və sanki sən onun gözlərinə baxmaqdan qorxurdun. Mən bu səhnəni həmişəlik yadımda saxladım. Bax buna görə mən heç zaman sənə müraciət eləmədim.
Əlbəttə, mən bilirəm ki, sən onda hətta bu uşağın sənə məxsus olmasından tam əmin olmasan belə mənə kömək edərdin, mənə ürək – dirək verərdin, pul verərdin, çoxlu pul, ancaq bunların hamısını sadəcə
xoşagəlməz haldan tezliklə canını qurtarmaq üçün edərdin; mən hətta düşünürəm ki, sən məni uşağı məhv
etməyim üçün dilə tutardın. Mən isə bundan çox qorxurdum, çünki əgər sən bunu istəsəydin, mən sənə necə etiraz edə bilərdim axı? Ancaq bu uşaq mənim üçün hər şey idi; axı o səndən idi, sənin özünün təkrarı idi, ancaq yenə də, xoşbəxt, qayğısız,
heç vaxt əlimdə saxlaya bilmədiyim SƏN yox, mənə həmişəlik verilmiş SƏN idi – mən həmişə belə düşünürdüm
– mənim bədənimə məhkum edilmiş, həyatımın ayrılmaz bir hissəsi olan SƏN idi...
YOU ARE READING
Ştefan Svayq- Yad qadının mektubu
Short Story"Yad qadının məktubu" Ştefan Svayqın ən məşhur novellalarından biridir. Əsərdə məşhur romançı R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatd...