2.bölüm

146 6 1
                                    

Ancaq, sevgilim, mən çox yaxşı xatırlayıram, nə vaxt, hansı gün və saatda tamamilə sənə bağlandığımı.
Gəzintidən qayıdaraq mən və rəfiqəm binanın girişində söhbət edirdik. Bu zaman bir maşın yaxınlaşdı və sən
heç onun dayanmağına imkan vermədən məni heyran edən cəldliyinlə maşından endin.
Özümdən aslı olmadan mən binanın qapısına atıldım ki, onu sənin üçün açım və biz az qala toqquşacaqdıq. Sən mənə isti, incə, cəlbedici bir baxışla baxdın və incə şəkildə mənə gülümsədin – hə, məhz mənə incə şəkildə gülümsədin və dostcasına, astadan “çox sağ olun, froylayn” dedin.
Vəssalam, əzizim; ancaq elə o dəqiqədən, sənin incə baxışını üzərimdə hiss elədiyim andan mən sənin oldum. Sonradan mən bildim ki, sən bu incə, cəlbedici baxışı sənin yanından keçən bütün qadınlara, dükanda gördüyün bütün qadın satıcılara, sənə qapını açan bütün qadınlara bağışlayırsan – bildim ki, bu baxış səndən aslı deyil və
özündə heç bir hissi əks elətdirmir, ancaq sən qadınlara baxanda özü özünə belə isti və incə olur.
Ancaq mən, 13 yaşlı uşaq bundan şübhələnmirdim – məni sanki od yandırırdı.
Mən düşündüm ki, bu baxış mənim üçün, ancaq mənim üçündür və bu an məndə – yeniyetmədə bir qadın
oyandı və o həmişəlik sənin oldu.
– Bu kimdir? – rəfiqəm məndən soruşdu. Mən ona həmən cavab verə bilmədim. Mən özümü sənin adını
çəkməyə məcbur edə bilmədim. Bu an o mənim üçün müqəddəs idi, mənim sirrimə çevrilmişdi.
– Bizim binada qalanlardandı – mən birtəhər mızıldandım.
– Onda niyə belə qızardın? – rəfiqəm uşaq qəddarlığı ilə məni ələ saldı. Və o məni ələ salaraq sirrimə toxunduğu üçün qan daha bərk mənim üzümə vurdu. Utandığımdan mən kobud cavab verdim və qışqırdım:
– Axmaq!
Mən onu boğmağa hazır idim, ancaq o daha da bərkdən gülməyə başlayırdı; axır ki, gücsüz əsəbdən yaranan
göz yaşlarım yanaqlarımdan süzüldü.
Mən geriyə döndüm və yuxarı qaçdım. Bu andan mən səni sevdim. Bilirəm, qadınlar sənə bu sözləri tez – tez deyiblər. Ancaq inan mənə, heç kim səni belə qul sadiqliyi ilə sevməyib, necə ki, mən sevirdim və həmişə də sənə sadiq qaldım. Çünki dünyada heç nə bir uşağın cavabsız, sakit, həyəcanlı sevgisi ilə müqayisə oluna bilməz. Ancaq tənha uşaqlar öz ehtiraslarını daxillərində boğa bilirlər, başqaları öz hisslərini rəfiqələrinə danışırlar ya da etiraf edərək açırlar – onlar sevgi haqqında çox eşidib və oxuyublar və bilirlər ki, o bütün insanların qaçılmaz cəzasıdır. Onlar sevgi ilə oyuncaq kimi oynayırlar, onunla oğlanlar ilk siqaretləri ilə fəxr etdikləri kimi fəxr edirlər. Ancaq mən – mənim etibar edə biləcəyim heç kimim yox idi.
Heç kim məni nəyəsə məcbur ya da qadağan etmirdi, mən təcrübəsiz və saf idim; mən öz taleyimə uçuruma
atılan kimi atılırdım.
Daxilimdə yaranan hər hissdə mən sənə – xəyallarımın obrazına inanırdım; mənim atam çoxdan ölmüşdü, öz problemləri ilə yaşayan, kasıb dul qadın olan anamdan mən uzaq idim, yüngül düşüncəli məktəb rəfiqələrimdən uzaq gəzirdim, çünki onlar mənim üçün yüksək ehtiras hesab olunan şeylə amansızcasına oynayırdılar – və daxilimdə adi halda olan və qəfildən yaranan bütün hislər ancaq sənə ünvanlanmışdı.
Sən mənim üçün – necə izah edim – ayrılıqda götürülən bütün müqayisələr çox dardı – sən mənim üçün elə hər şey idin, bütün həyatım idin. Hər şey səninlə aidiyyatı olduğu qədər mövcud idi, mənim həyatımda ancaq səninlə bağlı olan şeylər özünə
məna qazana bilirdi. Sən mənim bütün həyatımı dəyişdin.
O vaxta kimi laqeyd və tənbəl şagird olan mən qəfildən sinif əlaçısına çevrildim; mən yüzlərlə kitab oxuyurdum, çünki bilirdim ki, sən kitabları sevirsən; anam təəccüblənirdi ki, mən birdən inanılmaz həvəslə royalda ifa etməyi
məşq edirəm, belə ki, mənə elə gəlirdi ki, sən musiqini sevirsən.
Mən öz paltarlarımı təmizləyib tikirdim ki, sənin gözünə səliqəsiz geyimli çıxmayım və məktəb önlüyümün üstündə anamım paltarının parçasından tikilmiş dördbucaq formalı yamaqdan çox əzab çəkirdim. Qorxurdum ki, sən bu yamağı görərsən və mənə rişxənd edərsən, ona görə də mən pilləkənlə qalxanda kitablarla dolu çantamı sol küncümə sıxaraq qaçırdım və qorxudan əsirdim ki, sən mənim geyimimdəki bu eybi
görməyəsən.
Ancaq mənim bu qorxum nə qədər də gülməli idi, axı sən mənə heç vaxt, demək olar ki, heç vaxt baxmırdın…
… Ancaq yenə də: mənim bütün günü işim – gücüm ancaq səni gözləmək idi. Bizim qapımızda yumru gözlük
var idi ki, ordan baxanda sənin qapın görsənirdi. Bu deşik – yox, sevgilim, gülmə, hətta indi də mən onun arxasında keçirdiyim saatlara görə utanmıram – mənim dünyaya pəncərəm idi: orada, o soyuq dəhlizdə, anamın xəbər tutacağından qorxaraq, əlimdə kitab
bütün gecəni həyəcanla oturub gözləyirdim. Sənin hər yaxınlaşmağında əsməyə başlayırdım.
Mən səni heç vaxt tərk etmədim; dayanmadan, gərgin bir diqqətlə səni güdürdüm, ancaq bu sənin heç nəzərinə də çatmırdı. Cibində daşıdığın və səninçün hər saniyəni dayanmadan gərginliklə işləsə də ancaq hər milyon saniyədən bir ötəri baxdığın saatın kimi…
Mən sənin haqqında hər şeyi bilirdim, bütün vərdişlərini, qalstuklarını, kostyumlarını tanıyırdım; mən sənin
bütün tanışlarını tanımağa və tezliklə onları ayırmağa başlamışdım.
Mən onları xoşuma gələnlərə və nifrət etdiklərimə ayırırdım. 13 yaşdan 16 yaşa kimi mən ancaq səninlə
yaşadım. Ah, mən nə qədər axmaqlıqlar edirdim!
Mən sənin əlinin toxunduğu qapı cəftəsini öpürdüm, evə daxil olmazdan əvvəl tulladığın siqaretin kötüyünü yığırdım və onlar mənim üçün müqəddəs idi, çünki onlara sənin dodaqların toxunmuşdu. Axşamlar mən min cür bəhanə ilə həyətə qaçırdım baxım ki, sənin hansı otağında işıq yanır. Beləcə sənin mövcudluğunu daha yaxından hiss edirdim. Sən səyahətdə olduğun vaxtlarda isə, – mən hər dəfə qoca İohanı əlində sənin sarı çamadanınla pilləkənləri düşdüyünü görəndə ürəyim əsirdi – mənim həyatım uzun
müddətlik öz mənasını itirirdi.
Evdə əsəbi və darıxdırıcı şəkildə vurnuxurdum və qorxurdum ki, birdən anam ağlamaqdan şişmiş gözlərimi görüb nədənsə şübhələnər. Bilirəm ki, sənə danışdığım hər şey gülməli uşaq hərəkətləridir. Mən əslində onlardan utanmalıydım, ancaq mən utanmıram, çünki mənim sənə olan sevgim heç vaxt o uşaq
vaxtlarında olduğu kimi daha təmiz və odlu olmayıb.
Saatlarla, günlərlə sənə danışa bilərəm ki mən səninlə necə nəfəs alırdım, halbuki sən mənim üzümü heç tanımırdın da, çünki, biz hər dəfə pilləkəndə qarşılaşanda mən sənin məhvedici baxışlarından qorxaraq başımı aşağı salıb elə qaçırdım ki, elə bil oddan qurtulmaq istəyən adam özünü suya tullayır. Saatlarla, günlərlə sənə o keçmiş, unudulmuş günlər haqqında danışa, sənin həyatının bütün təqvimini önündə
aça bilərdim; ancaq mən səni darıxdırmaq, bezdirmək istəmirəm.
Mən təkcə sənə uşaqlığımın ən xoşbəxt anını danışacam və xahiş edirəm, mənə gülmə, çünki bu nə qədər mənasız olsa da, mənim üçün – balaca uşaq üçün sonsuz xoşbəxtlik idi. Bu, bazar günlərindən birində baş
vermişdi; sən harasa hazırlaşırdın və sənin qulluqçun açıq qapıdan ağır xalçaları çıxardırdı. Qocaya çətin idi və mən birdən cəsarətlənərək, soruşdum ki, komək edə bilərəm?
O təəccüblənsə də, təklifimi rədd eləmədi və beləcə mən sənin evinin daxilini, sənin aləmini, arxasında işlədiyin yazı stolunu – onun üstündə göy, billur vazada güllər var idi – sənin şkafını, şəkillərini, kitablarını gördüm.
Mən bunlara yalnız oğrun nəzər sala bildim, çünki sadiq İohann, əlbəttə, mənə daha yaxından baxmağa icazə
verməzdi, ancaq bu yeganə baxışla mən öz daxilimə sənin mənzilinin atmosferini əks elətdirdim və bu mənim sənin haqqında olan bütün təsəvvürlərimə əlavə qida verdi.
Bu hadisə, bu qısa an mənim uşaqlığımın ən xoşbəxt anı oldu.
Mən bunu ona görə danışmaq istədim ki, məni tanımayan sən, bir insan ömrünün necə sənin üçün yanıb külə
döndüyünü axır ki anlayasan. Sənə bu hadisə və bir də başqa, dəhşətli bir hadisə haqqında danışmaq istəyirəm. Artıq dediyim kimi, mən sənə görə hər şeyi unutmuşdum, anama fikir vermirdim, heç kimi, heç nəyi vecimə almırdım. Ancaq hərdən bir görürdüm ki, bir yaşlı kişi,İnsburqdan olan tacir və anamın uzaq qohumu tez-tez bizə baş çəkir. Mən hətta buna sevinirdim, çünki hərdən o anamı teatra aparırdı və mən evdə tək qalaraq sənin haqqında rahatlıqla düşünə, təsəvvür edə bilərdim və bu mənim üçün ən böyük xoşbəxtlik idi.
Və bir gün anam məni təntənə ilə öz otağına çağırdı və dedi ki, mənimlə ciddi danışmalıdır. Mənim rəngim
ağardı, ürəyim çırpınmağa başladı ki, görəsən anam mənim sirrimdən xəbər tutub, ya şübhələnməyib ki.
Mənim ilk fikrim sənin haqda – məni dünya ilə bağlayan sirr haqda oldu. Ancaq sanki anam özü utanırdı.
O məni öpdü (hansı ki, bunu heç vaxt etməmişdi), məni yanında divanda əyləşdirdi və hıqqına – hıqqına,
qızararaq danışmağa başladı ki, onun qohumu olan tacir ona evlənmək təklifi edib və anam da ancaq mənim
xatirimə təklifi qəbul edib. Ürəyim daha da bərk döyünməyə başladı.
– Amma biz burda qalacayıq, hə? – mən birtəhər soruşdum.
– Yox, biz İnsburqa köçəcəyik, orda Ferdinandın əla villası var.
Bundan artıq heç nə eşidə bilmədim. Gözlərim qaraldı. Sonradan bildim ki, huşumu itirmişəm. Eşidirdim ki,
anam qapı arxasında dayanan atalığıma deyir ki, mən qəfildən silkələnərək yerə yıxılmışam. Sonrakı günlərdə nələrin baş verdiyini, mən – balaca uşaq böyüklərin istəyinə qarşı necə mübarizə apardığımı təsvir edə bilməyəcəm. Hətta indi, bu barədə yazanda mənim əllərim əsir. Mən öz sirrimi aça bilmirdim, buna görə də mənim müqavimətim sadəcə uşaq şıltaqlığı kimi qəbul olunurdu. Heç kim artıq mənimlə danışmırdı, hər şey mənim arxamca edilirdi. Səyahətə hazırlıq üçün mənim məktəbdə
olduğum saatları seçirdilər. Hər gün evə qayıdıb görürdüm ki, daha bir əşyamız ya satılıb, ya da aparılıb.
Gözlərimin önündə evimiz və onunla bərabər mənim həyatım dağılırdı və bir dəfə mən məktəbdən qayıdanda
bildim ki, bu gün bizə mebel daşıyanlar gəlib və hər şeyi aparıblar. Boş otaqlarda yola düşməyə hazır olan sandıqlar qalmışdı və mən anamla burda daha bir, sonuncu gecəni keçirməli idik və səhərsi gün İnsburqa getməli idik. Bu sonuncu gün mən bütün aydınlığı ilə başa düşdüm ki, səndən uzaqda yaşaya bilmərəm. Öz xilasımı ancaq səndə görürdüm. O vaxt nə düşünürdüm və ümumiyyətlə düşünə bilirdimmi – bunu heç vaxt bilməyəcəm, ancaq birdən anam harasa getdi və mən tez ayağa qalxdım və elə əynimdə məktəb paltarım sənin qapına yaxınlaşdım.
Yox, mən getmirdim, hansısa görünməz qüvvə məni sənin qapına itələyirdi. Mən əsirdim və donmuş ayaqlarımı güclə hərəkət elətdirirdim. Mən hazır idim ki,heç nə istədiyimi də bilmədən sənin ayaqlarına yıxılım, yalvarım ki, mənə sənin qulluqçun kimi yanında qalmağa icazə verəsən.
Qorxuram ki, sən 15 yaşlı qızın bu hərəkətini ələ salıb güləsən, ancaq, sevgilim, sən bilsəydin ki, mən onda o
soyuq koridorda qorxudan donaraq necə dayanmışdım və hansısa görünməz bir qüvvəyə tabe olaraq qolumu qalxmağa və sənin evinin zəngini basmağa necə məcbur etmişdim, heç vaxt gülməzdin. Hələ də o zəngin sərt səsi və onu əvəz edən sakitçilik mənim qulaqlarımda səslənir. Bütün qanım donmuşdu,
ürəyim döyünmürdü və gözləyirdim ki, sən qapıya çıxasan. Ancaq sən çıxmadın. Heç kim çıxmadı. Yəqin ki, sən evdə deyildin, İohann da alış – verişə getmişdi. Və mən qulaqlarımda zəngin ölü cingiltisi ilə dağılmış, boşalmış mənzilimizə qayıtdım və yorğunluqdan ölü kimi bir döşəyin üstünə yıxıldım. Atdığım dörd addım məni elə yormuşdu ki, elə bil qarlı havada saatlarla gəzmişdim. Ancaq heç nəyə baxmayaraq mən özümdə qərarlaşdırdım ki, məni burdan aparmazdan əvvəl mütləq səninlə
görüşüb danışmalıyam. Sənə and içirəm ki, o vaxt ağlımda başqa heç nə yox idi, mən hələ o vaxtlar heç nə bilmirdim, çünki səndən başqa heç nə haqqında düşünməmişdim. Mən ancaq səni görmək, yaxınlığını hiss etmək istəyirdim. Sevgilim, bütün o uzun, dəhşətli gecəni mən səni gözlədim. Anam yerinə uzanıb yatan kimi, mən özümü dəhlizə atdım və sənin gəlişini gözləməyə başladım. Mən bütün gecəni, soyuq yanvar gecəsini gözlədim. Yoruldum, bütün bədənim ağrımağa başladı, hətta bir stul da yox idi ki, oturum; onda mən birbaşa soyuq döşəməyə uzandım. Qapının arasından soyuq külək vururdu. Bir nazik paltarda mən buz kimi soyuq döşəməyə uzandım və hətta heç nəyə bürünmədim ki, birdən canım istilənər və yataraq sənin addımlarını eşitmərəm.
Mən ağrıyırdım, ayaqlarımı əsə – əsə sıxırdım, əllərim əsirdi, hərdən bir qalxıb gəzirdim ki, biraz isinim. Bu qaranlıq künc bax belə dəhşətli idi. Ancaq mən gözləyirdim, səni, öz taleyimi gözləyirdim. Axır ki, – saat 2-3 arası olardı – mən binanın giriş qapısının səsini, sonra isə pilləkəndə addım səslərini eşitdim. O an mən daha soyuğu hiss eləmədim. Əksinə sanki qızdırmam qalxdı. Astaca qapını açdım ki, sənin qarşına çıxım, ayaqlarına yıxılım… Ah, mən hətta
bilmirəm ki, onda mən, axmaq qızcığaz nə edə bilərdim. Addımlar yaxınlaşırdı. Əsərək qapının cəftəsindən tutdum. Bu sən idin, yoxsa kimsə başqası? Hə, sevgilim, bu sən idin, ancaq tək deyildin.
Mən boğuq gülüş səsi, paltar xışıltısı və sənin sakit səsini eşitdim – sən evə hansısa qadınla qayıdırdın… Mən o gecəni necə keçirdiyimi bilmirəm.

Ştefan Svayq- Yad qadının mektubu Where stories live. Discover now