"Taleyin bəxş etdikləri təsadüfi deyil."
Səni görə bilməməyim, var olmadığın anlamına gəlmir. Bu şəhərdə, bu ölkədə olmasan da, hətta bu dünyada belə yaşamasan da, əminəm ki, başqa kainatda varsan. Səni hiss edirəm. Ruhum yanına can atır, qəlbimsə qapılarını açmış səni gözləyir. Bəlkə də, sən də hal-hazırda məni düşünürsən. Ya da heç ağlına belə gəlmirəm. Daha pisi, heç tanımırsan da məni. Bu qorxudur. Sənə hər gün yazdığım məktublar sənə çatırmı? Bəlkə də yox. Görəsən oxuyursanmı? Bəlkə də yox. Amma mən bunu içimə atdıqca qəlbim çürüyür, ondansa kağız qaralansın.
•Müəllifdən...
Artıq 1 aya yaxındır ki, Senz'anima(itl. Ruhsuz) ləqəbli bir şəxsdən məktublar alıram. Hər həftə sonu 1 məktub. Doğrusu, insan hisslərinin ağ kağızı bəzəməsi qədər heyran edici bir şey yoxdur. Ən yaxşı yazar, şübhəsiz ki, qəlbdir. Heç kim onunla rəqabət apara bilməz.
Məktub müəllifinin yazar olduğunu düşünmürəm desəm, yalan olardı. Başdan-sona məcazlarla və sintaktik fiqurlarla bəzədilmiş bir parça ağ kağız məni bu dünyadan qoparırdı. Yazarımız sanki bu dünyada yaşamırdı, ya da bu dünyada yaşamayan birinə yazırdı bu məktubu. Hər nə idisə, məktublar səhvən mənə gəlirdi. Amma geri göndərmək istəmirdim, çünki bu cür şah əsərləri geri qaytarmağa əlim gəlmirdi. Kitab halına salmaq istədim bu məktubları. Sonra da məktub sahibinə geri qaytaracaqdım, əgər məktubların sonu gələrsə, o zaman kitab hazır olacaqdı. Və mən də bu kitabı toplamamış müəllifiylə tanışmaq fikrindən daşınmışdım.
Məktubdakı şəxsin onu düşünüb-düşünmədiyini bilmirəm, amma mən bu gizli yazarı çox düşünürdüm.•İlk məktubun gəldiyi gün, müəllifdən...
Bir şənbə axşamı idi, külək xəfifdən əsir, yarpaqlar eyni sürətlə havada süzülərək yerə düşürdü. Hər zamankı yerimdə-çinar ağacının altındakı yelləncəkdə oturmuş, bir əlimdə dəftər, digərində qələm yenə söz dünyasına səyahət etmişdim. Çox sevirdim bu səyahəti. Özümü tapdığım tək yer ora idi. Bu dünyanın çirkliliyindən uzaq, hər zaman sevdiyim musiqilərin havanı bəzədiyi o dünya. Ən əsası, saxta səmimiyyətin olmadığı məkan. Çünki insan yox idi orada. Bir mən var idim, bir də düşüncələrim. Hər gün dünyama səyahət etməyi sevərdim. Bu gün bir az tez qayıtmalı oldum...
Həyət qapısının döyülməsi ilə anidən yuxudan ayıldım sanki. Oturduğum yerdən tələsik qalxıb qapıya tərəf addımlamağa başladım. Yaxınlaşıb açdıqda isə qapının arasından bir zərf düşdü ayaqlarımın dibinə. Əyilib götürdüm. Üzərinə "Senz'anima'dan ay'ına" yazılmışdı. 6-cı hissim bu məktubun mənə gəlməməli olduğunu dedi. Doğru da deyirmiş. Çünki mənim "Ruhsuz" ləqəbli bir dostum və ya tanışım yox idi. Açıb oxumaq istəmədim, nə də olsa, mənə aid olmayan bir məktuba baxmaq etik cəhətdən düzgün deyildi. Poçta aparıq təslim etmək üçün sabahı gözləməliydim. Evə gəlib yazı masamın üstünə qoydum zərfi və yatdım.
Günəşin şəfəqlərinin gözümdə oynamasıyla açdım səhəri. Bahar varlığını aydınca göstərirdi. Pəncərədən budaqları görünən çiçəklənmiş ağaclar, onların üzərlərində oturub yaz şərqiləri oxuyan quşlar, məhəllədə oynayan uşaqların sevinc qışqırıqları və yazın digər əlamətləri.
İşlərimi həll etdikdən sonra aparacaqdım məktubu. 2 saatlıq məşğuliyyət sonrası otağıma gəldim və masanın üzərindəki zərfi götürüb poçta yollanacaqdım ki, zərfi görmədim.
Bəlkə də gecənin yorğunluğundan başqa bir yerdə unutmuşam deyə bütün otağı, sonra da evi axtarmağa başladım. Zərf yoxa çıxmışdı.
Axtarmağa daha çox zamanım olmadı, çünki iş yerindən çağırdılar. Bitdikdən sonra evə sənədləri göndərəcəklərini dedilər. Çatanda, anam gələn bütün sənədləri yazı masamın üzərinə qoyduğunu dedi. Sənədlərlə başım qarışıqkən, qovluğu götürən zaman arasından bir zərf düşdü. Götürdüm. "Senz'anima'dan". Yenə eyni xətt, yenə eyni ləqəb. Axı, necə ola bilər ki, bu iş sənədlərinin arasından çıxsın? Bu işdə bir qəribəlik olduğunu sezməyə başladım. Ən yaxşı addım məktubu oxumaq idi.
"Salam, ay'ım. Sənə belə xitab edirəm, çünki ilk olaraq səni tanımıram, yəni şəxsən. Digər tərəfdən isə bütün əsalətin və xasiyyətinlə mənə ayı xatırladırsan. Ay elə bir cisimdir ki, günəş kimi bir parlaq ulduz varkən, qaranlığı işıqlandırmağı seçir. Günəş isə bütün işığıyla onsuz da aydınlıq olan səhəri "işıqlandırır". Çünki gecəni aydınlatmağa cəsarəti yoxdur. Qorxur. Ay isə... ay isə qorxmasına baxmayaraq, dünyanın zülmətdə qalmasına biganə qala bilmir, hisslərini fəda edir. Özünü fəda edir zülmətdə parlamaqla. Gözəlliyini hər kəs görmür onun. Çünki ancaq dərdlilər gecələr oyaqdır. Dərdlilərin sayı azdır. Gecəni nə etsinlər, gündüz varkən? Onlar xoşbəxtkən niyə gecənin hüznünə sığınsınlar? Ehtiyac qalmır. Ona görə çox az adam ayın gözəlliyinə bələddir. Xoşbəxtlər hüzünə sığınmağa ehtiyac duymaz. Sən də beləsən. Ay kimi. Gözəl qəlbli olduğun qədər də fədakar. Məni tanımırsan bəlkə, mən səni tanıyıram. Zahirən yox, 6-cı hissim sayəsində. Hər gecə yuxuma girirsən. Hər gün yeni bir məsləhətlə bu ruhsuz adama həyata tutunmağa səbəb olursan. Məktuba cavab yazma. Qarşılıq gözləmirəm. Sevgimə də. Çünki heç kəs sevərkən qarşıdakının onu sevib-sevmədiyini araşdırmaz. Buna görə için rahat olsun. Məni sevmirsən deyə vicdan əzabı çəkmə, ay'ım."
Bu məktubu hər kim yazdıysa və səhv də olsa mənə gəlibsə, bu istedadı əldən verə bilməzdim.
Poçta getməkdən imtina etdim.
YOU ARE READING
Senz'anima'dan məktublar
Poetry-Bir insan nə qədər ruhsuz ola bilər ki, artıq xəyalındakı insanın varlığına ümid bəsləsin? -Xəyali birinə dərdini danışmağa ehtiyac duyanda anlayacaqsan məni.