3•Üçüncü məktub

44 12 37
                                    

"Çalış ki, ağ-qara ekranı olan həyatın göyqurşağı olmayasan."

Çox şey xəyal etmişik, olmayıb, elədirmi? Ya qəlbimizin dərinliyinə qədər inandığımız bir şeyin əksini yaşamışıq... Yenə can verən ümidlər, yenə xəyal qırıqlıqları. O qırıqları sonra toplamalıydıq, yoxsa ayağımıza batacaqdı. Etmədiksə, həyatımıza yaralı bir şəkildə, axsayaraq davam etdik. Yəni, məndə belə olub. Qırılmış xəyallarımı belə toplayıb atmayacaq qədər sevirdim. Çünki qırılan xəyallarım gələcəyim idi. Sınmış da olsa, hələ də var olması özü bir ümid idi. Qaranlıq otaqda sönməyinə az qalmış, amma həyat savaşı sürdürən şam işığı kimi. Ən ağrıdan da bilirsinizmi nədir? Ayağımıza sınmış gələcəyimiz batır hər addım atanda və qan itiririk, boğazımızda düyümlənib qalan ümidimiz isə boğur. Biz isə hər şeyə rəğmən yaşam savaşı veririk. Həyat acıdır, amma heç kim ölümü üstün tutmaz. Ona görə də özümüzü "həyat şirindir" deyib aldadırıq, ya da təsəlli veririk. Gerçəyi isə görmək istəmirik. Gerçəklər insanın acı söyləyən dostudur, yalan isə şirin danışan düşməni. Amma biz gələcəyi yox, yaşadığımız anı düşünürük deyə, yalanı seçmişik bilmədən də olsa həmişə. Danışılacaq çox şey var, amma ömür yetməz.

Müəllifdən...

Hal-hazırda həyat o 10 yaşında olan kiçik bir uşağın intiharı təsvir etməsi qədər qorxunc idi mənim üçün. Düşünün, bir uşaq ilk qələm təcrübəsində belə bir hekayə ərsə gətiribsə, deməli, onun üçün həyatın mənası, cizgi filmlərdə gördüyü kimi mənalı və rəngli deyil. Yəni, cizgi filmlərinə baxıbsa...

2-ci gün idi ki, Ruhsuzdan məktub almışdım. Bu adam məni ancaq onu düşünməyə vadar etmişdi. Beynimi tək qurcalayan şey isə niyə ona inanılmaması idi. Nə yaşayıb və görüb ki, heç kim ona inanmır? Bəlkə də, sadəcə bir oyundur? Ya da gerçəkdir... minlərlə sualın sadəcə bir cavabı var: məktubları gözləmək.

Yenə eyni vaxtda məktub gəldi...

Və yenə eyni həyəcan, yenə eyni imza və yenə eyni xətt, oxşar kağız parçasında eyni duyğular. Kimsəsizlik və birində həyat tapmaq istəyən ruh. Ya da ruhunu axtaran ruhsuz bədən.

"Yenə sən, mən, bir məktubda yazılan qırıq ümidlərlə yoğrulmuş həyat hekayəsi, ay. Hər gün yazdıqlarımı sənə canlı şəkildə demək üçün dua edirəm. Bəlkə, o zaman içim boşalar az da olsa. Ya da tamamən. Səndən cavab gəlməsə də, yazdıqlarımı oxuduğunu və mənim kim olduğumu maraqla öyrənmək istəyirsən, bilirəm. Mən sənin tanımadığın tanışınam.

Kiməsə dərdimi danışmağa ehtiyac duyurdum. Əslində balacalıqdan dərdlərimi kağıza yazardım, amma məndən başqası oxumazdı deyə azalmırdı. İndi isə dərdlərimi sənə danışıram, hiss edirəm ki, hər gün daha da yaxşı oluram. Mənə yaxşı gəlirsən. Səndə özümü tapıram. Deyəsən itmiş ruhuma sahiblik edirsən, ay'ım. Yox, səndən canını istəmirəm. Səndən sadəcə oxumanı istəyirəm yazdıqlarımı. Kiməsə möhtac olmağı sevmirəm, mənə yazığın da gəlməsin. Tanrı hər kəsə daşıya biləcəyi yükü verir nə də olsa. Çox məndən danışdım deyəsən. Sənə bir əhvalat danışacağam...

Məktəbə getdiyim ilk il idi, dərs ilinin ortası. O il sadəcə xatirimdə gülərüz müəllimimə görə qalıb... Çox pozitiv biri idi, heç vaxt qəmgin, ya da əsəbi halını görməzdik. Açığı, çox maraqlı gəlirdi, bir insan niyə bu qədər xoşbəxt olsun belə boz bir dünyada? Səbəbini bilmək istəyərdim. Bir gün dərsi bitəndə yanına getdim və ağlımdakı o sualı verdim. Cavabı isə belə idi...

-Bir gün böyüsən, hər şeyi danışacağam sənə.

Bunu deyərkən belə üzündəki gülüşü silinmədi...

İllər keçdi, artıq məktəbi bitirmişdim. O müəllim ağlıma belə gəlməmişdi bu müddətdə. Haqqında xəbər isə çox ani oldu.

Bilinməyən nömrədən bir zəng. Danışan qızı idi. Mənə müəllimin evinə gəlməmi ən yaxın zamanda və uşaqlıqda verdiyi sualın cavabını alacağımı dedi. O an hər şey yadıma düşdü. Verdiyim sual... müəllimin cavabı...gülüşü...

1 həftə sonra evlərinə getdim. Qapını qızı açdı. Müəllimi soruşduqda bir anlıq durdu və gözlərimə baxdı. "Siz...müəllimə qəribə sualı verən şəxssiniz?" "Bəli" dedim. İçəri keçdi və 5 dəqiqə sonra isə əlində bir zərflə geri qayıtdı. Zərfi mənə uzadanda dediyi son şey bu oldu: "Anam...anam 3 gün əvvəl intihar edib...bu məktubu bir gün gəlsən...sənə verməmi istəmişdi..." gözyaşlarını saxlaya bilmədi və sürətlə qapını üzümə qapatdı. Bir qapıya, bir əlimdəki zərfə baxdım. Necə ola bilər? Üzünə baxanda həyat eşqini gördüyüm o şəxs...niyə intihar etsin? Özümü güclə evə çatdırdım. Stula çökdüm, zərfi masaya qoydum, əlim başımı tutmuş şəkildə eşitdiklərimi həzm etməyə çalışırdım. Bir müddət belə qaldım. Sonra zərfi açdım və titrək əllərimdə tutaraq oxudum.

"Mənim xoşbəxt olmağımda səbəb kimsəsiz uşaqlara yardım etməmdə gizlidir. Onlara yardım edərkən itirdiyim uşaqlığımı və kədərimi unuduram, yüzlərlə uşağın da eyni dərdi yaşamasına imkan vermirəm. Bu məni xoşbəxt edən tək şeydir. Ta ki... o günə qədər... 2 gün əvvəl... bir uşağın həyatına son qoyuldu, ən əsası da mənim üzümdən... Yurddan çıxıb evə gedirdim. Arxamca məni sevdiklərini qışqıran yüzlərlə uşağın səsiylə səkiyə tərəf yeridim. Uzaqdan gələn maşının mənə tərəf sürməsinə qədər ən xoşbəxt anımı yaşayırdım... mənə dəysəydi kaş ki, məni qorumağa çalışan o uşağa... dəyəcəyi yerdə. Uşağın 10 saniyə sonra təkərin altında qalmış və ikiyə ayrılmış başını gördüm... o an həyat bitmişdi. Bir uşağın həyatı mənə görə belə sonlanmışdı. Bundan sonra yaşaya bilmərəm. Həyatdakı tək xoşbəxtliyim də əlimdən alındı. Öz ucbatımdan. Sən çalış ki, ağ-qara ekrana bənzəyən həyatda göyqurşağı olma. Ya ölərsən, ya da öldürərsən."

Onsuz da pessimist idim, bundan sonra daha da pessimist biri oldum. Kaş həyat bu qədər monoton olmasaydı... bəlkə o zaman qanın əsl rəngini görənlər daha çox can almazdı. Özünə yaxşı bax, çalış ki, bu dünyanın insanı olma. Öz dünyanı yarat, ay'ım. Orada daha xoşbəxt olacaqsan, olacayıq."

Keçmişinin travma yaratdığı bu şəxsin düşüncələri düz olsa da, fərqli cəhətdən söyləyir. Hər gün ona olan marağım daha da artır. 3 gündür ki, artıq həyatdan təcrid olunmuş kimi hiss edirəm. Ayaqlarımın getdiyi yerdə olmuram, beynim onda olan müddətcə ancaq məktublarını və özünü düşünürəm.







Senz'anima'dan məktublarWhere stories live. Discover now