3.

86 13 0
                                    

Diqqətimi bu iki şəxsdən ayırdıqdan sonra mətbəxdə olduğumuzun fərqinə vardım. Otaq üstündə bəzi yerlərdə müstəvi fiqurları olan bozumtul divar kağızı və asfalt rəngli mətbəx mebeli ilə əhatələnmişdi. Mebelin üzərində və ətrafda ,demək olar, yersiz əşya yox idi. Sadə, vacib əşyalar mərmər örtüklə yuxarı rəf arasında divara bərkidilmiş asılqan milindən sallanırdı. Qaz plitəsinin üstündə çaydan və balaca bir qazança var idi. Soyuducu və su qızdırıcı mətbəxə bitişik otağa qatılmış eyvanın küncünə yerləşdirilmişdi. Balaca kürəşəkilli çılçıraq otağı qənaətbəxş işıqlandırır, axşamtərəfi havanın alaqaranlığında otaqdakilərin üzünün cizgilərini detallı əks etdirməyə kifayət edirdi.
Kapitan Əhədov qadının buqədər vaxtı ağlamasının səhhətinə pis təsir edəcəyini əsas gətirərək, qadına hələ də təskinlik verməyə çalışır, yeri düşmüşkən özünün də gənc yaşlarda qardaşını itirdiyini, valideynlərinin dərddən xəstəlik tapdığını və digər övladlarının valideynlərin hər ikisinin vaxtsız ölümündən əvəzsiz itkilərə məruz qaldığını danışırdı.
-Yasəmən ana, oğlunuzla ən son nə zaman əlaqə saxlamışdınız? Əgər yadınızdadırsa söhbətin məğzini izah edə bilərsiniz?
Qadının danışa bilmədiyini görən Əhədov lazımsız özünəarxayınlıq və efir ədasıyla qarışıq pafosla cavablamağa çalışdı.
-Yasəmən xanım dünən danışıb oğluyla, səsi xoşuna gəlməyib, naxoş olub olmadığını soruşub. Bugün oğluna baş çəkməyə gələcəyini deyib.
Qeyd kitabçamdan başımı qaldırıb Əhədova tərəf çevrildim:
-Yoldaş kapitan, yaxın bir neçə gündə ətrafda xüsusi nəsə bir hal, hadisə baş verməyib ki?
Mərhumun yaxın ətrafı, əlaqələri barədə məlumat istəyirəm. Mümkünsə mobil telefonunun da tapılması haqda göstəriş verin.
Təmkinli davranmağa çalışdığını dodaqlarını içəri qatlamaqla biruzə verən Əhədov :
-dəqiqləşdirib sizə məlumat verərəm, amma bizə hər hansı bir xüsusi halla bağlı rəsmi məlumat gəlməyib. -deyib qapıdan çıxdı və fısıltılı səslə arxa otaqda işləyən əməkdaşlardan birinə nəsə dedi. Ayaqaltının səsindən mənzilin giriş qapısından çölə çıxdığı hiss olundu.
- Yasəmən ana, oğlunuz necə bir adam idi, vərdişləri, fikirləri, həyat tərzi, sizdən xahiş edirəm, xüsusi qeydə dəyər, lap heç xüsusi olmayan, ağlınıza gəldikcə övladınızla bağlı hərşeyi mənə deməyiniz işin gedişinə kömək edə bilər.
Mən otağa girəndən ilk dəfə idi ki göz gözə gəlirdik. Bütün diqqətimi deyəcəklərinə yönəltmək üçün göz təmasından qaçmaq lazım idi. Uzun qeydlərə vaxt itirməməkdən ötrü səsyazanı qoşdum. Suallar üçün kitabçanı açıb qələmi əlimdə saxladım. Qadın qəhərini boğmağa çalışdı və danışmağa başladı. Mərhumun ortancıl övladı olduğunu dedi, özündən böyük qardaşı Rusiyada işləyir, rus milliyyətindən olan xanımdan bir övladı var. Evin kiçiyi baba ocağında yaxın bir qohumda ərdədir. Hadisədən xəbər verməyə ananın ürəyi gəlməyib heç birinə. Mərhum Rəhmətlik atasının sevimlisi, gözünün işığı imiş. Ömrünü poladəritmə zavodunda "çürüdən" atası məktəbdə oxuduğu vaxtlarda əla nəticələr göstərdiyinə görə övladı ilə fəxr edər, "arvad, görərsən, bu uşaq ayrı bir adam olacaq" deyərmiş.
Atasının proqnozları oğlu Bakı Dövlət Universitetinin Filologiya fakultəsinə repetitorsuz-filansız ödənişsiz əsaslarla daxil olduğu vaxt özünü doğrultmağa başlayıb. Əvvəllər dərslərinə, dar əhatəsinə sığınan, günlərlə evdən çıxmayan cüssəcə zəif, dil pəhləvanı kimi təsvir olunan bu oğlan universitet illərində atasının özünə qapanıqlıqla bağlı qorxularını aradan qaldırıb, getdikcə artan evə gec gəlmələr dərslərində göstərdiyi yaxşı nəticələrin fonunda əriyib, anasının narahatlıqlarını boğub.
Böyük qardaşı əsgərdən gələndən sonra işləməyə başlayıb, ailənin maddi vəziyyəti qız ərə gedəndən sonra biraz da düzəlib. O özü də cib xərcliyini çıxarmaq üçün dərs yükünün azaldığı vaxtlarda fasilələrlə satıcı, usta köməkçisi, otel xidmətçisi kimi bir neçə sahədə işləyib, evə yük olmadan diplomunu əldə edib.
Vəziyyətin pis olmadığını da nəzərə alaraq qərarlaşdırıblar ki, ailədə bircə oxumuş adam var, o da əsgər getməsə, ailəyə ziyanından çox xeyri dəyər. Oğlan məktəblərdən birində özünə iş də tapıbmış. Dərs saatı az olsa da, övladını müəllim kimi görmək atanın ürəyini qürurla doldurub Böyük oğul evlənməməkdə təkid elədiyinə görə ata oğul toyu görmək üçün sevimli övladının öz sevib seçdiyi qıza elçi düşüb. Xoşbəxtliklərinin zirvə nöqtəsi isə mərhumun toyunda yaşanıbmış. Toyda atanın 3 övladı, yoldaşı və nəvələri ilə çəkdirdiyi şəkil ailənin xoş günlərinin son xatirəsinə çevrilib. Yasəmən ana təkidlə, dəfələrlə xoşbəxtliklərinin gözə gəldiyini, hamının dilində, ağzında olmalarının axırının bu olacağının ağlına gəldiyini deyir, ailələrini nəzərlə bu hala salanlara gün işığı görməmiş qarğışlarını göndərirdi.
Oxumuş, "müasir düşüncəli" gəlinin kaprizləri artdıqca ailə sevimli övladlarının ata ocağından köz aparması vaxtının gəldiyinə qərar verib. Ata-baba mirası istifadəsiz qalmış torpaqlarını satıb, küncdə bucaqda yığdıqları pulla cəmləyərək şəhərin mərkəzindəki bu evi övladlarına hədiyyə ediblər. Öz evlərinə qovuşan cütlük, ailə mühitinin özləri üçün yeni və ağır məsuliyyət olması səbəbinə qadının təkidlərinin verdiyi güclə övlad dünyaya gətirmək üçün çox tez olduğu fikrində razılığa gəliblərmiş.
Evdən onların köçməsindən sonra da mübahisələr əskik olmamış, uzunmüddətli gərginliklər mərhumun atasının sağlamlığında ciddi dəyişikliklər yaranması ilə nəticə veribmiş. Qida borusu ilə mədə arasında yaranan xərçəng bir neçə ayda kişinin qısa sürən xoşbəxtliyini həyatındaki son gözəl günlərə çevirib. Atasının vəfatından sonra böyük övladın yığılan borc xərc qabağında əzildiyini görən ana, yaşadıqları evin satılmasında təkid edir. Ərinin gözünün qarşısında çürüyüb yoxa çıxdığını gördüyü ev ona işgəncə kimi gəlirmiş. Əl qərəz, evi satdılar, borclar bağlandı, əldə qalan pula şəhər kənarında balaca bir ev aldılar. Ananın böyük oğlu bir sinif yoldaşından Rusiyada sanballı iş təklifi alır. Müvəqqəti işləmək və fikir dağıtmaq adıyla gedir ora. Bacarıqlı, işgüzar bu oğlan orda yerin möhkəmləndirir, dəfələrlə anasını yanına çağırsa da arvad getməməkdə tərslik edirmiş. Ortancıl övladın isə ailə münasibətləri getdikcə korlanır qadının dediyinə görə. Əvvəl-əvvəl geyim, güzəransızlıq kimi problemlər qadının aranı sakitləşdirməsi ilə qismən həll olunsa da son zamanlar arvadının depressiv hərəkətləri, qəsdən evdə söz-söhbət yaratması onu da bezdirir, ailələr arası münasibətlər də soyuyur və nəhayət 2 ilin tamamından bir neçə ay keçmiş boşanmaq qərarı hamının ortaq razılığı əsasında baş tutur. Qadın hətta o dərəcəyə çatıbmış ki, yeni alınan evə olan mülkiyyət hüququndan da öz ərizəsi ilə oğlanın lehinə imtina edir. Məktəbdəki işləri yolunda getməməyə başlayan oğul isə, müqəddəs peşədən bezməyə, sıxılmağa başlayır, ərizə yazıb işdən çıxır,bir neçə sahədə özünü sınayıb, fasilələrlə müxtəlif işlərdə çalışırmış. Elə sonuncuda da evinə yaxın olsun deyə yaxınlıqdaki marketdə cüzi əməkhaqqına razılaşıb. Anası dəfələrlə evi onunla bölüşməsi üçün yalvar-yaxar edirmiş. Hər dəfə bir bəhanə ilə imtina edən oğlunda razılıq əlaməti görməyən Yasəmən ana əlini övladının üstündən çəkmir, mütəmadi övladına baş çəkir, paltarlarını yuyub ütüləyir, gəldiyi günlər evini yığışdırır, yeməyini bişirirmiş. İki gün bundan əvvəl telefon danışığında oğlunun səsindən narahat olub, bugün üçün ona evə gələcəyini deyib. Gələndə isə qadın otağın tavanından asılmış ipi, altında qoyulmuş stulu görüb və hansısa əlyazmanı oxuyub. Hövlənak, haray salıb, qonşular gəlib vəziyyəti görüblər. Sonrası isə məlumdur.

İt oğlu, it!Hikayelerin yaşadığı yer. Şimdi keşfedin