1-ci Hissə

6 1 1
                                    

Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın. İfadəsiz üzündə qəribə bir məchulluq var idi. Adama elə gəlirdi ki, orada heç bir həyat əlaməti yoxdur və gözlərindəki ümidsiz parıltı Raviki istər-istəməz dayanmağa məcbur etdi.

Qadın elə yaxından keçirdi ki, az qalırdı, ona toxunsun. Əlini uzadıb qadının qolundan yapışdı. Qadın səndələdi, Ravik tutmamış olsaydı, yıxılardı. Qolundan möhkəm yapışmışdı...

– Hara belə?

Qadın gözlərini döydü, pıçıldadı:

– Buraxın.

Ravik dinmədi. Hələ də onun buraxmamışdı.

– Buraxın deyirəm! Bu nə deməkdir? – dodaqları güclə tərpənirdi.

Ravikə elə gəldi ki, qadın onu heç görmür. Gözlərini ona dikərək, harayasa uzaqlara baxır. Sanki, nəsə ayaqlarını qandallamışdı, etirazı da elə buna idi:

– Buraxın deyirəm məni!

Ravik gördü ki, o, küçə qadını deyil. Heç sərxoşa da oxşamır. Əli boşaldı. Qadın istəsəydi, asanca əlindən çıxardı. Ancaq o, bunu hiss eləmədi. Ravik bir az da gözlədi.

– Doğrudan, gecənin bu vaxtında, özü də Parisdə hara gedirsiniz? – deyib qadının qolunu tamam buraxdı.

Qadın susurdu. Tərpənmək isətmirdi. Elə bil, onu bir dəfə dayandırdıqları üçün yeriyə bilmirdi. Ravik körpünün sürahisinə söykəndi. Göz-göz olmuş nəm daşlar əllərini üşütdü.

– Bəlkə, ora? – Başı ilə aşağını, tutqun parıltılı Sena çayının «de Alma» körpüsünün kölgəsinə çırpıldığı yeri göstərdi. Qadın cavab vermədi.

Ravik dedi:

– Hələ çox tezdir, çox tezdir. Özü də noyabrın bu soyuğunda...

O, bir qutu siqaret çıxarıb, ciblərində kibrit axtardı. Tapanda gördü ki, qutuda ikicə dənəsi qalıb və onu çay tərəfdən əsən küləkdən qorumaq üçün aşağı əyildi.

– Birini də mənə verin, – qadın güclə eşidiləcək səslə dilləndi. Ravik dikəlib, qutunu ona göstərdi:

– Əlcəzairdir, – dedi, – qara tənbəkidir. Sizin üçün çox sərt olar. Başqası yoxumdur.

Qadın başını bulayaraq siqaret götürdü. Ravik hələ də yanan kibriti ona tərəf tutdu. O, tez-tez, özü də dərin qullabla çəkirdi. Ravik kibrit çöpünü suya atdı. Çöp qaranlıqda axan ulduz kimi parıldadı və yalnız suya çatanda söndü.

Körpünün üstü ilə bir taksi asta-asta gəlirdi. Sürücü maşını saxlayıb, onlara baxdı, bir az gözlədi. Sonra qaz verib, qaranlıqda parıldayan yaş V Georq prospekti ilə sürətlə üzüyuxarı qalxdı.

Erix Mariya Remark - Zəfər TağıWhere stories live. Discover now