Balaca cərrahiyyə otağı çox işıqlı idi və tərtəmiz saxlanan sallaqxanaya oxşayırdı. Hər yanda qana bələnmiş pambıqla dolu vedrələr, sarğılar, tamponlar! Elə bil, onlardan otağa qırmızı işıq süzülürdü. Veber üzbəüz otaqda, üstünə lak çəkilmiş dəmir stolun arxasında oturub nəsə yazırdı. Tibb bacısı alətləri qaynadırdı. Su pıqqıldayır və bu zaman, sanki, otaqdakı işıq cızıldayırdı. Ancaq cərrahiyyə stoluna uzadılmış meyit bunların hamısına biganə idi, heç nədən xəbəri yoxdur.
Ravik duru sabunu əllərinə töküb, yumağa başladı. Çox acıqlı idi və əllərini elə bərk sürtürdü ki, deyərdin, dərisini soymaq istəyir.
– Tfu... – o, kobud bir söyüş söydü. Tibb bacısı ikrahla ona baxdı. Veber başını qaldırdı:
– Sakit olun, Ejeni, bütün cərrahlar söyür. Xüsusilə, işləri düz gətirməyəndə! Gərək, siz indiyə kimi buna öyrəşmiş olaydınız.
Tibb bacısı xeyli aləti qaynayan suyun içinə atdı, incik tərzdə dilləndi:
– Professor Pere heç vaxt pis söz danışmazdı. Buna baxmayaraq, o da çox adama həyat bəxş eləyirdi.
– Professor Pere beyini sahəsində mütəxəssis idi. Onunku zərif, dəqiq zərgər işidir, Ejeni. Biz isə qarın-bağırsaqla əlləşirik. Bu, tamam başqa şeydir. – Veber dəftərçəni örtüb ayağa durdu. – Yaxşı işlədiniz, Ravik. Ancaq bizdən əvvəl kimsə başdansovu iş görübsə, neyləmək olar?!
– Xeyr, olar. Bəzən olur... – Ravik əllərini silib, siqaret yandırdı. Tibb bacısı heç nə deməyib, narazılıqla pəncərəni açdı.
– Afərin, Ejeni! – Veber onu alqışladı. – Həmişə qayda-qanunu gözləyirsiniz.
– Mənim həyatda hələ arzularım var, belə tez ölmək istəmirəm.
– Çox gözəl, Ejeni, bu da bir təsəllidir.
– Ancaq elələri var ki, heç nəyi yoxdur. İstəmirlər də olsun...
– Bu, sizə aiddir, Ravik, – Veber güldü. – Yaxşısı budur, tez aradan çıxaq. Səhərlər Ejeni çox acıqlı olur. Onsuz da burada bizlik iş qalmadı.
Ravik dönüb həyatda arzuları olan tibb bacısına nəzər saldı. Qız da çəkinmədən onun gözlərinin içinə baxdı. Gözlərindəki nikelli eynək Ejenin ifadəsiz üzünə nəsə bir sərtlik verirdi. O da Ravik kimi bir adam idi, ancaq nədənsə ona yovuşa bilmirdi.
Ravik:
– Bağışlayın, – dedi, – siz haqlısınız.
Dümağ stolun üstünə uzadılan şey bir az da bundan qabaq özündə ümid işartısı, dözüm yaşadan titrək bir həyat parçası idi. İndi isə cansız meyit olmuşdu və ömründə heç vaxt səhv addım atmadığı ilə öyünən Ejeni adlı avtomat insan onun üstünə ağ mələfə çəkib apardı. «Belələri həmişə hər şeyə dözürlər, – Ravik ürəyindən keçirdi. – Günəşin bu daşürəklilərdən xoşu gəlmir, ona görə də onları unudur və axır nəticədə, belələri çox yaşayır».
BINABASA MO ANG
Erix Mariya Remark - Zəfər Tağı
Historical FictionErix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark) - XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı "Qərb cəbhəsində yenilik yoxdur" və 1937-ci ildə yazdığı "Üç yoldaş" rom...