Xilas

48 8 4
                                    

Professorun kabinəsi Kierra və bir-iki botanikdən savayı boşalmışdı Neon əlində hava balonu ilə içəri girəndə Kierradan başqa hamı təəccüblə iç çəkdi. Neon onlara fikir vermədi. Balonu açaraq ağızlığın köməyi ilə professoru fotosintez qazında nəfəs almağa məcbur etdi. Professor ilk nəfəsdə öskürdü, ancaq sonradan havanı dərin-dərin və acgözlüklə içinə çəkməyə başladı. Balondakı hava bitənə qədər professor nəfəs aldı. Heç kəs dinmirdi, sadəcə qorxu və maraqla Neon ilə professoru izləyirdi. Neon üzündə heç bir ifadə olmadan sakitcə professora nəfəs almaqda kömək edirdi. Qurtardıqdan sonra isə ağızlığı açıb balonu yerə qoydu. Professor isə ah çəkərək gözlərini yumdu və dərin yuxuya getdi.

-Neon...-Kierranın səsi qalın, boğuq çıxmışdı. Neon onun üzünə baxdıqda qızın gözlərinin ağlamaqdan qızardığının fərqinə vardı. Aralarındakı ən gənc botanik ağzı açıq və gözləri bərəlmiş halda professoru izləyirdi. Neon balonu da götürüb geriyə-öz kabinetinə dönürdü ki, Kierra bir daha dilləndi:

-Neon, atan üçün çox üzgünəm.

Neon sadəcə başını tərpədə bildi və kabinəsinə qayıdıb qapını örtdü.

Sonuncu gün...

Enişə keçməyə saatlar qalmışdı. Neon otağında dalğın-dalğın oturmuş, balaca pəncərədən yaxınlaşmaqda olduqları planeti-öz planetlərini izləyirdi. Professor Nyumanı sağaltması hər kəsin qulağına çatmışdı. Əlli güldən heç birinin əskilmədiyini bildiklərində isə, Neonun gülü gizlincə oğurladığını öyrənmişdilər. Beləcə əmrlərə qarşı gəldiyinə görə Neonun enişdən sonra kosmik araşdırmalardan çıxarılmasına qərar vermişdilər.

Qapı döyüldü. Neon "gir" dedikdə qapıdan içəri girən Kierra idi.

-Neon, gülləri qablaşdırıb daşımaqda kömək etsən yaxşı olar.

Neonun yerindən tərpənmədiyini gördükdə qapını arxasınca bağlayıb onun yanında oturdu.

-Çox üzr istəyirəm.

-Sən niyə üzr istəyirsən?-Neon təəccüblə başını qaldırıb ona baxdı. Qızın qonur gözləri kədərli idi.

-Bəlkə də professoru sağaltmasaydın...

-Yox, Kierra,-Neon başını dəfələrlə yellədi, sanki bu yolla atası üçün qaçırdığı şansı xatırlamaqdan qurtula bilərdi,-o mənim neçə illik müəllimim, məni bu yerlərə gətirib çıxaran adamdır. Onun üçün həyatımı da verərəm. Atamın həyatını da-deyə günahkarcasına düşündü.

-Narahat olma, professor yaxşılığının əvəzini verəcək. Əminəm,-deyərək Kierra gülümsədi. Neon da gülümsəməkdən özünü saxlaya bilmədi.

-Daha gedək,-deyə ayağa qalxdı və Kierranın əlindən tutaraq qoruyucu kapsulaların olduğu yerə yollandı.

Enişdən sonra...

-Neon, çox üzgünəm, oğlum,-professor Neonu möhkəmcə qucaqladı, sanki bu yolla onun qəlbinin parçalanıb dağılmasının qarşısını alacaqdı. Neon isə artıq parçalanmışdı. Atasını qurtarmaq şansı olmasa da, onun Neon evə qayıtmadan bir həftə əvvəl öldüyünü öyrənmək Neonu yandırırdı. Atasına verdiyi son sözü fikirləşdikcə göz yaşlarının qarşısını ala bilmədi.

-Əmrlərə qarşı gəlməyin səhv idi, Neon. Səni kosmik araşdırmalardan çıxarmağa çalışdılar,-Professor Nyuman Neondan ayrılıb onun qollarından tutdu və gözlərinin içinə baxdı.

-Bilirəm, professor, üzr istəyirəm,-Neon gözlərini professorunkundan yayındırmağa çalışdı. Professor isə qollarını silkələyərək Neonu onun üzünə baxmağına məcbur etdi.

-Amma bura bax, oğlum, buna icazə vermədim. Başa düşdün? Bunu niyə etdiyini anlayıram, hər nə qədər məqsədinə çata bilməsən də... Sən məni xilas etdin, bu etdiyini heç vaxt unuda bilmərəm.

-Bunu etməsəydim, sizə xəyanət etmiş olardım, professor...

-Mən sənin üçün atanı əvəz edə bilərəmmi, bunddan əmin deyiləm. Amma bil ki, hər zaman yanında olacağam, başa düşürsən?-Professor Neonun qollarını buraxdı,-Sən bizimlə çalışacaqsan, xəstələri xilas etmək üçün bir yerdə işləyəcəyik.

Professor gülümsədi. Neon sadəcə başını salladı, ürəyinə çökmüş ağırlıq bir az da olsa, yüngülləşmişdi. Atasını xilas edə bilməsə də, digərlərini xilas edəcəkdi. Birdən-birə gülü özünə saxlamaq yerinə professoru sağaltmaq üçün istifadə etməklə necə ağıllı iş gördüyünü anladı.

Kierra qapıda onu gözləyirdi. Əlini Neonun çiyninə vuraraq atası üçün başsağlığı verdi. Uzun müddət birgə yeriyərkən heç biri danışmadı. Sonda Kierra dilləndi:

-Bilirsən, seçilmiş əlli nəfərdən üçü biz yolda olarkən ölüb.

-Deməli üç gül artıq qalır...

-Hə,-Kierra utanaraq söylədi,-onlardan birinin mənim qardaşımın müalicəsində istifadə edilməsini xahiş etdim. Onlar da...

-Bir dəqiqə. Sənin qardaşın xəstə idi?-Neon təəccübünü saxlaya bilmədi.

-Hə, qardaşımda qan laxtalanması var. Heç bir müalicə üsulu müsbət nəticə vermirdi. Mən də şansımı sınamaq qərarına gəldim.

-Kierra, mən, çox çox üzr istəyirəm,-Neon kəkələyə-kəkələyə dilləndi,-mən bilmirdim. Bu qədər vaxtdır öz atamın xəstəliyi haqqında şikayətlənirdim. Sənin qardaşını heç bilmirdim...

-Neon, həqiqətən, eybi yoxdur,-Kierra əlini qaldırıb onu dayandırdı,-hər şey yaxşıdır, xahişimi qəbul etdilər. Qardaşım sağalacaq.

-Çox üzr istəyirəm,-Neon yenə təkrarladı, sonra da Kierranı qucaqladı.

-Hər şey yaxşı olacaq,-deyə Kiera ürək-dirək verdi,-mənə inan.

-Amma əvvəlki kimi olmayacaq. Artıq atam yoxdur, ailəmdən heç kim yoxdur,-Neon birdən bütün kədərinin ağırlığının üstünə çökdüyünü hiss etdi və skamyaya oturdu. Kierra da onun yanında əyləşdi.

-Sən yanılırsan, Neon, ailə təkcə qan bağı ilə olmur.

-Nə demək istədiyini başa düşürəm, amma...

-Amma sənin yanında mən varam, professor var, birgə işləyəcəyin yoldaşların var. Bura sənin evin, biz isə sənin ailənik.

Neon daha heç nə demədi. Sadəcə çiyninə söykənmiş Kierranın əlini tutdu və mavi səmada gözləri ilə sirli güllərə sahib planetin yerini tapmağa çalışdı. İnsanlar gəlib-keçicidir, ancaq o planet uzun müddət kainatda mövcud olacaqdı. Bəlkə də E-4 planetində günbatımı güllərindən başqa digər sirli çiçəklər, bitkilər yetişir? Bəlkə orada müxtəlif canlılar da yaşayır? Atasının və onun rəssam ruhunun bu planeti görə bilmədiyini fikirləşərək heyfsilənirdi. Əmin idi ki, atası bu planetin al-əlvan səmasını, sakit mehdə dalğalanan mavi-yaşıl çəmənliyini və ən əsası- günbatımı güllərinin heyrətamiz gözəlliyini görsə idi, mütləq onları öz rəngli boyaları ilə kağıza köçürmək istərdi. Əgər bunlar baş versə idi, atasının təəccüblə açılmış iri gözlərini və qırışmış üzündə yaranmış həyəcanlı ifadəni ağlına gətirib istəmədən gülümsədi. Bu dəfə Neon atasının əvəzinə əlinə fırça alacaqdı və çəkdiyi günbatımı gülünün təsvirini həmişəlik onun qəbrinə qoyacaqdı. Söz verdiyi kimi olmasa da, bacardığı yolla gülü atasına gətirəcəkdi.

Avqust,2015

Nərmin Abasova

Günbatımı gülləriWhere stories live. Discover now