Babam əlindəki daşlara baxıb qaşlarını çatdı:
--Hə, Səməndər, deyəsən, bu səfər məni doğurdan mat elədin.
Mən gərhin bir şəkildə bunu təkzib edərək:
--Baba, bayaqdan belə deyə-deyə udursana məni.
Babam gülüb:
--Hə, üç'ün dördü, necədi?
Mən narazı halda:
--Baba, deyəsən, dördləri yığmısan axı başıva. Bazarda 4 yoxdusa, mən daşa gedən deyiləm.
Babam:
--Elə şey yoxdur. Olsa da, olmasa da getməlisən! -deyib məni bazara göndərdi.
Oynumuzun maraqlı yerində kimsə həyətdən babamı çağırdı. Özü də var gücü ilə. Bu deyəsən, qonşumuz Nüsrət dayı idi:
--Adə, Səməndər, çıx eşiyə! Bu olsa-olsa sənin işin olar!
Babam bayıra atıldı. Gördü qonşu yaman bərk hirslənib. Başladı onu sakitləşdirməyə:
--Nə olub, a kişi? Bir nəfəs al görək nə deyirsən?
Qonşu hirsli-hirsli əl-qol hərəkətləri edir, nə isə deyirdi:
--Ay vələdezna, de görüm fəhlələrim hardadı? Işi qoyub çıxıb gediblər.
--A kişi, sən nə danışırsan? Nə fəhlə, nə iş?
--Vallah sənin işindi, Səməndər, heç inkar-zad eləmə. Bizim küçədən bircə sən keçirsən.
Babam:
--Hə nə deyirsən indi evimə də gəlməyim?
--Sən de görüm küçədən keçmisən ya yox?
--A bəlkə küçədən keçməyi da qadağan edəsən?!
Qonşu:
--Həyətdə mənim fəhlələrim işləyirdi. De görüm onlara nə demisən?
--Ay, sənAllah, gəl bir stəkan çay iç sakitləş sonra danışaq.
Qonşu deyinə-deyinə içəri keçdi. Bir müddət danışmayıb özünü sakitləşdirməyə çalışdı. Nəhayətində nənəm məşhur pürrəng çayını gətirdi süfrəyə. Babam çayını yudumlada-yudumlada başladı söhbətə:
--Ay Nüsrət kişi, küçəni keçirdim gördüm sənin fəhlələr kalan işləyiblər dincəlməyə hazırlaşırlar. Salam verdilər, aldım. Soruşdum kiminçün işləyirsiz? Dedilər bəs filankəs üçün. Dedim hə, o filankəs fəhlələri işlədir, axşam da 5 qəpiksiz göndərir evə.
Qonşu çayı qurtumlayıb:
--Elə belə demisən ki, qaçırtmısan fəhlələrimi. Gedib görürəm heç kəs yoxdur. Şələ köçüb, yurdu qalıb. -dedi.
Babam:
--Ə, niyə acıqlanırsane? İşvin yarısını görüblər? Görüblər! Pul zad verməmisən ki?
Qonşu:
--Yox verməmişəm.
--Hə vəssəlam da. Sabah gedib yenə fəhlə tutarsan. Onlar da işin qalan hissəsini görər. Mən yenə günorta küçəni keçəndə onlara deyərəm bəs belə-belə, onlar da qaşıb gedərlər. Həm işlərin görülər, həm də pulun qalar cibində.
Qonşu qəh-qəh çəkib gülür:
--Səməndər, sən necə adamsan ə?
Beləcə babam Nüsrət dayının könlünü alıb, onu razı salır. Evimizə hirslə girən qonşu gülə-gülə çıxıb gedir. Babam onu ötürüb gəlir. Görür oturmuşam domino daşlarını qarışdırıram. Yanımda oturub deyir:
--Hə, Səməndər, yedin bu dünyanı taxta qaşıqla -sonra pıçıltı ilə --SƏSİ DƏ ÇIXMADI -deyə əlavə etdi.
"Niyə hamı mənə gülür" silsiləsi