#4 - İtirdiyim Yerdə

15 2 0
                                    

Qarı bizə əliylə oturmağımız üçün yer göstərdi. Hələ ki, heç birimizdən səs gəlmirdi. Məni ani şəkildə üzümdən silinən gülüşü təəccüb əvəz etmişdi. Cadugərin düz qabağında, yerdə oturmuşdum. Sənan da yanımda normal evə qonaq gəlmiş kimi oturmuşdu. Qarının gözlərinə diqqətlə baxdım. İlk dəfə idi ki, yuxumda gördüyüm biriylə əsl həyatda tanışım. Tük ürpərdən, amma nədənsə insanı rahat hiss etdirən səssizliyi cadugər pozdu:

"Sənan, bu cavan kimdi?" Səsi üzünə yaraşmırdı. Olduqca sakit, dinləndirici səsi var idi.

"Uşaqlıq dostumdu." Bunu dedikdə Sənan çəkinirdi. Səhv eşitmədimsə qulağıma Sənanın udqunmaq səsi gəldi. Doğurdan qarı sakit, səsi rahatladıcı olsa da insanı özündən qorxmasına səbəb olurdu.

"Niyə gəldi?" Bunu dedikdə barmağıyla yox bütün əliylə məni göstərdi.

"O... Gələcəyi görür..." Sənan bu sözləri sanki vacib bir iş yetirmiş kimi fəxrlə və qəti səslə demişdi.

Qarı "hmm" deyə səs çıxardıb, başını təsdiq mənasında yellətdi. Üzünü mənə tərəf çevirib:

"Araz, bura gəlməyin yolunu öyrən, ətrafa yaxşı bax" - Sənanla mən bir-birimizə baxdıq: axı ona adımın Araz olduğunu deməmişdik - "Bura tez-tez gələcəksən."

Bura baxmasam da olardı: hər dəfə Sənanla gələcəyəm və o yolu bilir. Amma həvəsimi boğa bilməyib ətrafa baxdım. Çox kiçik, sadəcə pəncərədən gələn işıqla aydınlanmış, xoş ətri olan, ətrafı xalçalarla bağlanmış, qarının oturduğu yerin sol arxasında kiçik bir yaşıl sandıq... Nə? Yaşıl sandıq? Yenə? Yaşıl sandığa görəndə, dönüb Sənana baxdım. O da mənə barmağını dodağına yaxınlaşdırıb "sus!" dedi, çönüb yenə cadugərə baxdı.

Bu qədər qəribəliklər içində zənn etdim ki, yuxudayam. Hərdən istəyirdim ki, gözümü açanda bunların hamısı yuxu olsun, mənim gözlərimin açılmasına səbəb isə atam olsun. Məni yatağımda oyatsın, yenə də 5 yaşında olum. Görəsən, atam həqiqətən ölüb, yoxsa anam məndən nifrət etdiyi üçün yalandan deyib? Görəsən, atamı tapa biləcəm?

Həyəcanverici sükutu Sənan həyəcanlı səsiylə pozdu:

"Siz onu tanıyırsınız! Onun atasını da tanıyırdınız!"

Sənan elə həyəcanla danışmışdı ki... Heç nə başa düşməmişdim. Qarıya baxanda gözləri dolmuşdu. Qarı üzünü mənə çevirib nə isə gözləyirmiş kimi baxdı.

"Sən atamı tanıyırsan?" dedikdə düz gözlərinin içinə baxdım. Atamı tanıyan birini görmək məni yerimdən sıçratdı.

Qarı səssizcə dayandı, başını aşağı əydi və gözlərini yumdu. Səbrsizliklə nə deyəcəyini gözləyirdim. Bir neçə saniyə sonra əliylə sinəsinə qoyub mənə baxdı və kobud bir səslə dedi:

"Kiçik olandan tanıyıram atanı, lap körpə olandan. Böyüdükcə digər uşaqlardan necə fərqləndiyini görürdüm. Həm də dərslərdə özünü göstərirdi. O çox savadlı uşaq idi, sənin kimi deyildi." - Mənim haqqımda bu qədər şey bilməsi qulaqlarımı ondan ayırmadan diqqətlə dinləməmə səbəb olurdu. - "Böyüdü, yaxşı bir iş sahibi oldu, sonra sənin ananla tanışdı. Sonra sən dünyaya gəldin..." Qarı bir anlıq dayanıb gözlərini yerə yönəltdi. Özüm onun bir anlıq dayanmasını fürsət bilib, öz suallarımı tökməyə başladım:

"Siz mənim atamı haradan tanıyırdınız?"

Cadugər bunları eşidəndə, sanki çoxdandı bu sualı cavablamağa hazırlaşırmış kimi dedi:

"Mən... Sehirli gücü olanların... Harada yaşadığını bilirəm... Hər yeni tanıdığım sehirli gücləri olanların yanına gedirdim... Sənin babanın da sehirli gücləri var idi."

"Bəs mənim atam necə öldü? Anam bu haqda mənə danışmayıb." Qarı yerə dikdiyi gözlərini indi mənə çevirdi. Udqunduğunu gördüm. Dediyi sözlə, sanki yenidən ayıldım:

"Atan ölməyib."

Sənanla bir-birimizə baxdıq. Cadugərin danışmağını gözləyirdim, amma səsi çıxmırdı. Səbrsizliklə demək istədiyim cümləni qura bilmədən danışmağa başladım:

"Siz.. Atam indi... Yaşayır... Haradadır?" Atamı çox da xatırlamasam da, onun məni ağlatdığını xatırlamırdım, həmişə onun yanında gülümsədiyimi xatırlayırdım. Onu çox sevirdim.

Qarı da, deyəsən, məni çox gözlətmək istəmirdi:

"Yerini mən bilmirəm...  Ama sən bilirsən, sən onu tapa bilərsən... Ən sonuncu gördüyün yuxuları danış." Yuxularım tez yadımdan çıxırdı, özümü zorlayaraq yada salmağa çalışdım. Axırda yuxumdan bir hissə yadıma düşəndə, digərlərini də rahatlıqla xatırladım.

"Ən son gördüyümdə qəribə bir yerdəydim; hər yer ağ rəngdəydi... Sonra qarşımda Sənanı gördüm, mənə yaxınlaşırdı. Yaxınlaşıb... Durdu... Sonra..." Bir anda Sənanın həmin qarıya çevrildiyini xatırladım; nə deyəcəyimi unutdum. Qarının mənə ümidlə zillənən gözləri, həm nə deyəcəyimi həm də yuxadakı gözlərimizi yada saldı. "Sonra Sənan yaşlı qarı siması aldı, eynən sizin simanızı..." Qarının təəccüblənməsini gözləyirdim, amma normal bir şey imiş kimi qarşıladı. "Sizin də tanımadığım birinə, bir kişiyə çevrildiyiniz yadımdadır. Heç tanımadığım, amma tanıyırmış kimi hiss etdiyim biriydi. İstəmədən qucaqladım onu... Sonra əllərimi çəkəndə özümə çevrildiyini gördüm... Sonra da oyandım." Qoca qarı gözlədiyi cavabı almayan müəllim kimi baxırdı.

"Başqa bir yuxu danış, bundan əvvəl gördüyünü." Üzünə boş-boş baxarkən, bir dəfə öskürdü. "Yadına sal, oğlum..." Son cümləsi üz ifadəmi dəyişdirdi.

"Səhv xatırlamıramsa... Xarabalıq bir yerdə oyandım... Qaçıb çıxmaq istədim oradan... Parka gəldim..." Hər cümləni deməzdən əvvəl düşünmək üçün ara verirdim. "Ətrafda qəribə insanlar var idi, mən də yorulduğumdan birinin yanına oturdum. Sonra, qocaldığımı hiss etdim. Daha sonra rahatladığımı, o qədər rahatladım ki, sanki ölmüşdüm, ruhum havaya yüksəlirdi. Çiynimə gələn zərbələr mənim rahatlığımı pozdu..." Qarının danışmasını gözləyirdim, səs çıxmayanda özüm dilləndim. "Oyandım..." Başqa deməyə bir şey tapa bilmədim. Qısa səssizlikdən birdən ağlıma yanımdakı qoca gəldi. "Ahh.. Bir də bir qoca var idi... Mənim yanımda... Ölmüşdü..."

Qarı bir neçə saniyəlik kül rəngi gözlərinin altını sarmış qırışlarla bərabər mənə televizor seyr edirmiş kimi baxdı. Sonra, başını təsdiqləyən biri kimi salladı.

"O kişini tapmalısan."

"Nə?"

"Həmin qoca sənə yardım edəcək. O kişini tapmalısan." Deyəsən, dediklərimi yaxşı dərk eləməyib.

"Axı, 'o ölmüşdü' dedim."

"Bilirəm, amma sən onu tapacaqsan. Sonra atanı da tapacaqsan." Dediyi sözləri dərk edəndə ürək döyüntülərim ani olaraq artdı, həyəcanlandım.

Sənan ilə mən nə edəcəyimizi bilmədən dayanmışdıq. Qarı quruluqdan bir-birinə yapışan dodaqlarını ayırıb, nə isə demək istəyərkən mənim səsim onu üstələdi:

"Qocanı necə tapım?" Hər şeyi bilən bu qarıdan həvəslə cavabı gözləyirdim.

"İtirdiyin yerdə."

Bir Addım Gələcəkحيث تعيش القصص. اكتشف الآن