Səhərdən açıq qalmış televizorun səsinə açdı gözlərini. Bu, hər zaman baş verərdi. "Yatmayacağam," deyib divanda uzanırdı və cəmi 15 dəqiqə sonra artıq şirin yuxuda olurdu. Buna görə də, demək olar ki, heç çarpayısından istifadə etmirdi. "Ahh, yenə sən?", deyə deyindi dodağının altında. Güclə də olsa, ayağa qalxmağı bacardı. Yuxuya aşiq idi Ömər. Televizorun yanına gedib, onu söndürdü. İdarəedici qurğunu artıq 2 ay olar ki, itirmişdi. Hə, elə öz evində itirmişdi və axtarmağa təşəbbüs belə göstərmirdi. Niyə də axtarsın ki?
Artıq 6-cı ildir ki, adəti üzrə hər qış bəzədiyi şam ağacının olduğu küncə nəzər saldı. Budur, oradadır. Həminki rəngarəngliyi ilə. Yaşının 24 olmasına baxmayaraq, hələ də sevinirdi yeni ilin gəlişinə. Çünki, Ömər uşaq olanda evlərində heç vaxt şam ağacı qurulmamışdı. Çox kasıb ailədə böyümüşdüsə də, indi yaşayışının belə yaxşı olması öz əziyyəti sayəsində idi.
Mətbəxə keçib soyuducunu açdı və yeməyə yarayacaq bir şey axtardı. Səhər də heç nə yeməyib yatmışdı, indi isə ac idi. Amma, nə qədər axtarsa da, yeyə biləyi bir xörək tapmadı. Başını təəssüflə aşağı salıb "Aha, deməli belə, iş yenə də bişirməyə çatdı, "dedi. Tənbəllərin ölkəsindəki gəlmiş-keçmiş ən sevimli şah ola bilərdi bəlkə də Ömər. Son bir neçə günü yeməyi restorandan sifariş versə də, artıq maaşın ayın sonunacan bitməməsi üçün, pulunu qənaətlə xərcləməli olduğu həmin günlərdə idi. Ona görə də, hər nə qədər deyinsə də, mətbəxin küncündəki balaca şkafdan bir neçə kartof götürdü və su kranının altında yumağa başladı. Digər tərəfdən kartofları yuduqca, onları bir-bir qaba yığırdı.
Beləliklə, bir neçə saat sonra, artıq çox da ləzzətli olmayan kartof qızartmasını yemiş, çirkli boşqabı isə jurnal masasının üzərində qoyaraq divanda uzanmışdı. Əlindəki süd dolu stəkandan arabir qurtumlar alır, peçenyesini dişləyirdi. Ən sevdiyi ikili idi Ömər üçün bunlar. Hətta o qədər çox sevirdi ki, kartof qızartması boş şeydir, bozbaşın belə üstündən süd içə bilərdi. İşdən icazəli olduğuna görə, bu gün daha bir rahat uzanmışdı divanında. Axı sabah yeni il idi, hamıya istirahət vermişdilər. Universitetə qəbul olanda Bakıya köçən Ömər, oxuyub qurtarandan sonra da elə burada yaşamağı qərara almışdı. O, yazar idi. Lakin, elə də tanınmırdı hələ. Bundan əlavə, bir şirkətdə həftədə 3 gün mühafizəçi kimi işləyirdi. Pis deyildi yaşayışı, hətta yaxşı da demək olardı. Hər ay Qəbələdə qalan ata-anasına pul göndərməyi də ehmal etmirdi. Ömər Bakıda doğulsa da, ailəsi maddi vəziyyət ilə əlaqədar evlərini satıb, babasından yadigar qalan evə köçmüşdülər.
Yenə yuxusu gəldiyini hiss etdi Ömər. Əlindəki stəkanı masaya qoyub yerini bir az da rahatladı yumşaq divanda, artıq nə qədər mümkün idisə. Altında qalmış qalın ədyalını da üstünə çəkdi və gözlərini yumdu.
"YOOX!", deyə qışqıraraq ayıldı Ömər. Tər içində qalmışdı bütün. Əli ilə üzünü örtdü, gözlərini bir neçə dəfə yumub açdı. Sanki ayıldığına əmin olmaq istəyirdi. Hə, kabus bitmişdi. Ədyalını düzəldərək oturaq vəziyyətə gəldi divanda. Düşündü, axı burada qorxmalı heç nə yox idi. Gördüyü, sadəcə, sonsuz qaranlığın hökm sürdüyü bir tuneldə irəliləyən adam idi. O, əlindəki silahla dayanmadan yol gedirdi. Getdi, getdi. Öməri də qorxudan məhz bu idi. Bu bir neçə saniyəlik yuxu, ona sonsuz zaman diliminin içində imiş kimi gəlmişdi. O, elə bil paradoksun içinə düşmüşdü və eyni şeylər dayanmadan təkrar olunurdu. Ən sonda Ömər yaxınlaşmağı bacaranda, o adam anidən arxaya çevrilmişdi. Üzü tanış gəlmirdi. Amma, çox sərt baxışları var idi. Sanki elə bu dəqiqə baxışları ilə parçalayacaqdı onu. Ömər xatırlamağa çalışdı, lakin həmin adamı tanımırdı, kim ola bilərdi axı? "Əşşi, yuxudur da," deyə düşündü. Titrədi Ömər. Ürəyi sıxılırdı. Ayaqları ilə ədyalı üstündən ataraq divandan qalxdı. Tünd qırmızı-qara kvadrat naxışlardan ibarət olan isti və yumşaq ədyal yerə düşdü. Eyvana tərəf getdi, pəncərəni açdı və buz kimi havadan dərin bir nəfəs çəkdi ciyərlərinə. Səhər açılmışdı. Hə, həmişəki kimi həddən artıq çox yatmışdı. Çöldə qaçışan uşaqları gördü Ömər. Məhəllənin xalalarının ayağı altından çıxan PART səsi, sanki onlara ləzzət verirdi, dayanmadan gülüşürdülər. Xalaların bəzisi uşaqları tənbehləyir, bəzisi isə bu zarafatları gülərək qarşılayırdılar. Bu dünyada hansı mənzərə uşaqların gülüşündən daha gözəl ola bilərdi axı?
ESTÁS LEYENDO
Personaj
FantasíaBir yeni il səhəri, evində qurduğu şam ağacının altında tapdığı narıncı dəftərin, ora necə gəldiyi haqda heç bir təsəvvürü yox idi. Ancaq, bu dəftər onun həyatını tamamilə dəyişəcəkdi. O, möcüzələrə inanmırdı. Buna baxmayaraq, əsl möcüzə məhz onun ü...