Evindən çox da uzaq olmayan marketdən əlidolu çıxarkən, anidən eşidiyi PART səsiylə diksindi. Anidən dayandı, ayağının altında nəsə partlamışdı. Başını qaldırıb maraqla ətrafına baxdı. Qarşıdan gülə-gülə qaçıb gələn uşaqları görəndə, bir anlıq əsəb yerini sevincə buraxdı. Axı bu gün yeni il gəlirdi, uşaqların xırda zarafatlarından biri olmalıdı idi bu da. Onlar daima sevincli idilər. "Bağışla, kapitan", deyə səsləndi uşaqlardan biri. Əli ilə uşağın saçlarını qarışdırıb gülümsədi və yoluna davam etdi. Bu bayram günü uşaqların xətrinə dəymək olmazdı.
Evinin olduğu küçəyə çatanda, binaya daxil oldu və cibindən açarları çıxararaq qapını açmağa başladı. Tünd qəhvəyi rəngli qapının kilidindən çıqqıltı səsi çıxdıqdan sonra, içəri girdi və ardınca ayağı ilə qapını örtdü. Hə, bu sadəcə tənbəllərin bacardığı xüsusi hərəkətlərdən biri idi. O, ayaqqabılarını da eyni üsulla çıxardı. Əvvəlcə sağ ayağının köməyilə sol ayağındakı ayaqqabını, sonra isə sol ayağının dabanı ilə digər ayağındakını çıxardı. Mətbəxə keçib alış-veriş paketlərini masanın üstünə qoydu və onların bəzilərini soyuducuya yerləşdirdi, bəzilərini də şkafa düzməyə başladı. İşini bitirdikdən sonra özü üçün bir stəkan soyuq süd süzüb salona qayıtdı. Jurnal masasında onu gözləyən peçenyelərdən birini götürüb ağzına atdı, elə ayağüstü südündən də bir qurtum içdi və divanda yayıldı. Divanı rahat idi, ona görə də əgər Ömərdən evindəki əşyalardan hansını daha çox sevdiyini soruşsanız, "Divanım!" deyə cavab verərdi. Çünki, yumşaq idi və onda uzanarkən asanlıqla yuxuya getmək olurdu.
Yerini rahatlayıb, divanın küncündəki yastıqlara söykəndi. İdarəedici qurğu ilə televizoru işə salarkən, gözü TV-nin yanında qurduğu çox da böyük olmayan şam ağacına ilişdi. Gülümsədi, keçən ili xatırlamışdı. Heç unutmamışdı ki. Necə də böyük möcüzə idi yaşadıqları. İndi düşündükdə, sadəcə olaraq inanılmaz gəlirdi. Əgər o dəftəri yaşananlardan xatirə saxlamasa idi, bəlkə də, hər şeyin sadəcə qorxunc bir kabusdan ibarət olduğunu düşünərdi.
Ayağa qalxıb əlindəki süd dolu stəkanı masaya qoydu və yataq otağına addımladı. 5 gözlü, boz rəngli komodun alt siyirtmələrindən birini açdı. Budur, həmin dəftər. Parlaq narıncı üzlü, qalın dəftər. İndi şəffaf paketdə kiçik məkana necə gəldi qoyulmuşdu və oranın tək sakini idi. Sanki hələ də onu yazması üçün yalvarırdı Ömərə. Dəftərə son dəfə baxıb, siyirtməni bağladı Ömər. Və gülümsədi. Çünki, artıq bilirdi. Bu dəftərə heç bir yazı yazmamalı olduğunu bilirdi.
Fikirləriniz önəmlidir :)
ŞİMDİ OKUDUĞUN
Personaj
FantastikBir yeni il səhəri, evində qurduğu şam ağacının altında tapdığı narıncı dəftərin, ora necə gəldiyi haqda heç bir təsəvvürü yox idi. Ancaq, bu dəftər onun həyatını tamamilə dəyişəcəkdi. O, möcüzələrə inanmırdı. Buna baxmayaraq, əsl möcüzə məhz onun ü...