Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən.
Amma mən "sizdə tualet var?" sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi:
- Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir!
Sonra o mənə şəhərləri haqda danışdı.
Tualetə getməyənlər şəhəri.
Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər. Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi.
Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər - bazarda işləməyən və gecələr yatmayan saqqalı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi.
"Tualetə getmək olmaz!"
O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı.
Günlər keçir onun tualetə olan nifrəti artırdı. O hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur. Bu o deməkdir ki, Betxovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da Camaata dedilər, ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq. Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz "üstün irqdən" , "namuslu millətdən" , "müasir insanlardanıq". Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız. Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o xalqın qəhrəmanına çevrildi. Hamı onun qəbrinin üstündə şam yandırır öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu. Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yoları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə , bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar. "Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur. Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa ona deyir, yenə məcbur elədirlər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər. Allah Saqqallı kişiyə rəhmət eləsin. əgər o qalsaydı indi heç kəs işəyib oranı- buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. "Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir amma şah qoymur. Şah olmasa bir heç vaxt heç yanı bulamayacağıq."
أنت تقرأ
Qaraqan - Hekayələri
القصة القصيرةQaraqan - azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda 10 romanın və 4 albomun müəllifidir.