Ona qohum-qardaşın arasında hamı hörmət eləyirdi. Uzun illər heç kəsin qarşısında əyilməmiş, öz ailəsinə və vətəninə bağlı, daim insanların yanında başı uca olan Azər dayıya hamı hörmət eləyirdi. Onun nə pulu var idi nə vəzifəsi, amma həmişə başı dik, alnı açıq idi. Çünki heç kəsin yanında əyilməmiş, heç kəsin qarşısında üzü qara olmamışdı. Cavanlar ona baxıb nümunə götürür, əsl kişinin bütün cəhətlərini onda görürdülər. Arvadı uşağı o evə gələndə ayağa qalxır, onu sevir və onun sözünün çəkisini hiss edirdilər. Azər dayı köhnə kişilərdən idi və deyirdi ki, indi kişi qalmayıb.
Mən isə adi bir oğlan idim. Hansısa bir firmada işləyir və özümü dolandırırdım. Amma həmişə işimdə hiss eləyirdim ki, müdirə bir az yaltaqlanıram ya yuxarı vəzifədə iş boşalanda istəyirəm ki, məni ora qoysunlar. Bu hiss məni rahat buraxmırdı, özümü alçalmış hiss edirdim. Amma söhbət məndən getmir. Məsələ Azər kişi ilə bağlı idi. Ona qəribə bir təkliflə gəlmişdim. Daha doğrusu bu təklif mənim özümə də qeyri adi bir şey kimi gəlirdi. Amma məndən istəmişdilər mən də bunu Azər kişiyə çatdırmalı idim. Qapını döyüb içəri keçdim:
- Salam Azər dayı, necəsiz..
- Salam ay bala, keç içəri.. çoxdandı görünmürsən.
- Həə yee, o qədər iş var ki, xaricə gedirəm gəlirəm sifarişlərimiz olur.
- Hə bala, Allah səni saxlasın. Mən də iş axtarıram bu yaxınlarda bir təklif olmalıdır.Hörmətli bir adam var deyəsən elmi işçi lazımdı onlara.
- Həə, eşitmişəm
Deyib udqundum. Bu təklifi Azər kişiyə necə edəcəyimi bilmirdim. Köynəyimin yuxarı düyməsini açıb dedim.
- Azər dayı, bağışla məni vallah. Amma bir iş təklifi var.. bilmirəm necə deyim. Çox sərfəli təklifdi. O mənə baxdı, qaşlarını çatdı:
- Nə işdi ki?
Mən cəsarətimi toplayıb başdan ayağa ona təklifi danışdım.
Azər dayı, deməli bizim xaricdə bir müştərimiz var. Onun qolf meydançasına biz dərmanlar göndəririk. Ot dərmanları. Deməli bu adam çox varlı adamdı. Xaricidir, heç desən Azərbaycan hardadı bilməz. Bax ona bir işçi lazım idi.
Azər kişi soruşdu:
- Necə işçi? Mən dil zad bilmirəm haa, özü də ailəni qoyub gedən deyiləm.
- Yox! Yox! Azər dayı, ailəni qoyub getmək lazım deyil dil də lazım deyil. Onun başı xarabdı. Dəlidi bir az. Ağlı çatmır. Amma çox varlıdı. İsveçrə bankında milyarda yaxın pulu var. Böyük bir sarayda yaşayır, yüzdən çox kompaniyası var.Sadəcə ona bir nəfər adam lazımdı. Yaşı, cinsi, dili, milləti fərq etməz.
- Nə işdi ki bu belə? - deyib kişi təəccübləndi.
- Azər dayı, o milyonerin iti var idi. Çox sevdiyi bir it idi. Ailəsi yoxdur, heç kəsi yoxdu qoca bir kişidi. Amma itini dünyalar qədər sevirdi. Bu yaxınlarda iti evdən qaçıb maşın təkərləri altda əzilib öldü. İti öləndən kişi özünə gələ bilmir. İndi də o bir nəfər adam istəyir, sadəcə onun evində ona itini xatırlatsın. Tənhalığını paylaşa bilsin. Sadəcə bircə gün. Bircə günlük evində olsun.
- Necə yəni itini xatırlatsın, necə yəni bircə gün?
Kişi fikrə getdi. Mən susub sakitcə əlavə etdim. Bu dəfə pıçıltı ilə:
- Azər dayı, 650 000 manat verir. Bircə gün onun evində itinin zəncirini boğazına taxmaq üçün. Şərti belədir ki həmin adam danışmamalıdı, itin zəncirində gəzməlidir.
İtin yatdığı otağda yatmalıdır. Azər dayı mən onun itinin yatdığı yeri görmüşəm, Allaha and olsun heç biz həyatımızda elə rahat yer görməmişik.
Azər kişi qızardı bozardı, az qaldı məni söyüb evdən qovsun. Onda əlimi onun əllərinə atıb dedim:
- Azər dayı, qurban sənə bir dəqiqə fikirləş. Bunu heç kəs bilmir, o özü də gizli saxlayır bu xəbəri, Mənə də ordan onca min versən dilim qıfıl olacaq. Özün də məni tanıyırsan. Heç kimə pisliyim dəyməyib.
Sən bizim nəsilin ən hörmətli adamısan. Bax ona görə bunu sənə deyirəm. O qədər cındır-mındır var buna razı olacaq. Amma niyə onlar bir günə yarım milyon pul qazansın sən yenə qalasan ehtiyyac içində. Mən özüm istəyirdim razılaşım. Amma milyoner mənə dedi ki, olmaz.
Məni tanıyır- bu onu sakitləşdirməyəcək, itini xatırlatmayacaq. Ona tanımadığı adam lazımdı. Gicdi dəə, Azər dayı başdan xarabdı, İrlanddı, İngilisdi nədi - dini milləti bilinmir. Bircə gün.. Biletlərini alır uçursan ora güya ki, iş görüşməsinə, bir gün heç kəsin xəbəri olmadığı bi yerdə it zəncirində gəzir sonra evə gəlib deyirsən ki, lotoreya uddun, sonra uşaqların məktəbi, arvadıvın xoşbəxtliyi hər şey səndən asıllıdır.
O qədər pul. Azər kişi diqqətlə baxıb dedi:
- Bala mən hələ heç kəsin qabağında əyilməmişəm. Bu yaşımda it zınqırovu geyinim deyirsən?
- Dayı, mən heç nə demirəm. Mən sənin yanında kiməm ki? Nəsil sənin sözünü dinləyir, böyüyümüzsən. Mən sadəcə bir ötürücüyəm.
Kişi diqqəttlə fikirləşdi sonra gülümsədi:
- Kül o varlının başına lap səfehdi ki...
- Hə dəəə Azər dayı, gicin biridi, Xamdı daa, pul da zibil kimi. 650 min manat az pul deyil, bir günə verəcəy kiməsə..
- Lap axmağın biridir.
Bundan sonra Azər kişi qəhqəhə çəkdi. Sonra diqqətlə qapıya baxdı, görsün evdəkilər eşidir ya yox.
- İndi birdən mən razılaşmasam?
Mən telefonu götürüb dedim. Bir dəqiqə indi zəng eləyib deyirəm. Deyəcəm ki, heç kəsi tapmadım. Onda kişi dedi:
- Niyə elə eləyirsən ki? Başqa adama de də... Mən səsimi azca qaldırdım.
- Azər dayı bu işə səndən başqa heç kəs layiq deyil pis mənada yox, yaxşı mənada. İllərlə dözdün hamıya boyun əymədin, mərd oldun. İndi bircə gün aktyorluq eləməklə milyoner olacaqsan. Xoşbəxt olacaqsan.
- Aktyorluq?
- Bəs nə? Nəsiminin rolunu oynayan var, Babəki oynayan var Koroğlunu oynayan var, amma hamısı cavanlıqda div də olublar, cırtdan da olublar, qırmızı papaqdakı canavar da olublar. Burda nə var ki? Sən də elə bil ki, it rolunu oynayırsan, bircə gün.
Bir qoca kişidi, bəlkə gözün onunla bircə dəfə görüşdü o boyda sarayda. Sonra da pulları qoy çamodana gəl evə.
Kişi susdu. Heç nə demədi.. Onda mən zəng elədim xarici nömrəyə, ingiliscə nəsə dedim- o da mənə nəsə dedi! Sonra Azər dayıya bildirdim Amma bu dəfə gözlərim bərəlmişdi:
Azər dayı, əllərim əsir Allah haqqı! Kişiyə dedim ki, tapa bilmirəm bu işə adam, dedi ki.. dedi ki... iki milyon verir. Amma hürməy də lazımdı. İki milyon, iki milyon manat!
Azər dayı mənə baxdı. Dodaqları titrədi.. gözləri bərəldi və aşağı düşdü. Əllərini ovuşdurdu. Sonra bir siqaret çıxarıb onu danışmadan çəkdi. Otağa dərin bir sükut çökdü.. Mən yavaşca lap yavaşca pıçıldadım.
- Dedi ki, 2 milyon verir, hhhhh... amma hürməy də lazımdı.. Azər kişi gözlərini qaldırıb lap yavaş pıçıltı ilə dedi:
- Necə hürməy ? belə?..... ham-ham?
- Hə... ham-ham..

ŞİMDİ OKUDUĞUN
Qaraqan - Hekayələri
Kısa HikayeQaraqan - azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda 10 romanın və 4 albomun müəllifidir.