Qəribə olan hər şey

182 15 16
                                    

Gözümü açanda ilk gördüyüm şey qaranlıqda mənə tərəf uçub, sonra düz qulağımın yanından ötüb keçən balaca qırmızı işıq oldu. Ətrafıma nəzər salıb gördüklərimdən şoka düşdüyüm üçün üzərində uzanıb qaldığım məzarın kənarlarından tutaraq oturdum. Qəbiristanlıqda idim! Özü də buraya necə, niyə və nə zaman gəldiyimi xatırlamırdım. Özümə gəlməyə başlayırdım ki:
- Əyil! - deyə qışqıran oğlanın kim olduğuna baxmağa fürsət tapmadan yenə o balaca qırmızı işığın düz məni hədəf alaraq sürətlə uçduğunu gördüm.

Vaxtında əyilməsəydim və o balaca qırmızı işıq hədəfinə çatsaydı, nə olardı bilmirəm, amma bu, baş vermədi. Fürsət tapıb gözlərimi qaranlıqda səsin sahibini axtarmağa məcbur etdim. Bəli, mənə tərəf gələn bu cavan oğlan idi "Əyil!" - deyə qışqıran. Qolumdan tutub:
- Bayaqdan bunu gözləyirik, "Yatmış gözəl", - dedi kinayəli şəkildə.

Cavan oğlan bizə tərəf şütüyən qırmızı işıqdan yayınıb oturduğum yerdən sərt hərəkətlə məni qaldırdı. Hər şey birdən baş verdi və o, qaçaraq məni də ardınca aparmağa başladı. Mənsə beynimdəki suallara cavab tapmaq üçün danışmağı üstün tutdum bu yad oğlanla:
- Mənim burada nə işim var? Kimsən sən?
- Az danış, yoxsa ömrün boyunca mənim kim olduğumu bilə bilməyəcəksən.

Ardı-arası kəsilməyən, göydə bizi hədəf alaraq o tərəf-bu tərəfə uçan qırmızı işıqların mənbəyini tapmaq üçün qolumu mənə kilid kimi bağlanmış oğlanın əlindən xilas edib dayandım. Başımı arxaya çevirib düz üstümüzə uçan qırmızı işığın gəldiyi istiqamətə baxdım. Onların mənbəyi bizdən bir neçə addım arxada qalıb, məzar daşlarının arxasında dayanan kölgəyə bənzər varlıqların əlindəki silah idi. Kənara sıçrayıb özümü bu qəribə silahın eynən özü kimi qəribə olan gülləsindən yayındım. Oğlanın əlinin yenidən qoluma qıfıllandığını hiss etdim. Bu dəfəki xilasetmə əməliyyatım isə uğursuz oldu. O, əlimdən sərt şəkildə tutub qaçmağa, məni də ardınca sürüməyə başladı.

- Necə dəliyə rast gəlmişik! Ay qız, görmürsən, üstümüzə gəlirlər?! Onsuz da başın xarabdı, yəqin istəyirsən ki, sambrojo da bir az kömək olsun lap dəli olmağına!

Yad oğlanın kobud sözlərinin, etdiyi bu sərt hərəkətlərin cavabını vermək, həm də onu beynimi işğal edən suallara cavab verməyə məcbur etmək istəyirdim, çünki məcbur olmasa, cavab verənə oxşamırdı. Ayaqlarımı yerə dirəyib dayandım. Əlimi yenidən ondan xilas edib:
- Burada başı xarab olan bir nəfər varsa, o da sən özünsən, bildin?! İndi mənə hər şeyi: sambrjodu-nədi onun nə olduğunu, kölgə kimi şeylərin bizi niyə təqib etdiyini, mənim bu qəbiristanlıqda nə işim olduğunu izah etməsən, heç yerə tərpənən deyiləm! - dedim.
- Yaxşı, söz verirəm, izah edəcəyəm, amma bircə burdan xilas olaq, olar? - dedi əlacsız baxışlarını gah mənim, gah da uçuşan güllələri ətrafa saçan kölgələrin üzərində narahatlıqla gəzdirərək.

Gözlərinə baxdım. Qapqara olsalar da, lap dərinlikdə gələcəyə bəslədiyi ümid qığılcımlarını görə bildim gözlərində sanki. O ümid qığılcımlarının bizi düz yola apardığına inandım. Gözlərinə baxıb hər şeyi: bu qəddar bədənin mahirliklə hamıdan gizlətdiyi duyğuları görmək istədim. Amma burada qalıb qara gözlərinin dərinliklərində sahibinin əmri ilə gizlənmiş digər duyğuları görməyə vaxt yox idi. Nə olduğu bəlli olmayan kölgələrdənsə, onu seçərdim. Qərarımı verdim: ona inanırdım. Arxaya dönüb kölgələrə ani nəzər saldıqdan sonra başımla razılığımı bildirdim.

Bu dəfə sərt əllərini qoluma qıfıllamadı, sadəcə:
- Gəl, - deyib ardınca qaçmağımı işarə edərək işıq sürətilə qaçmağa başladı.

Onun belə hərəkət etməyinə bayaqkı sözlərimin səbəb olduğunu düşünərək sonu görünməyən qaranlıqda bir saniyə belə ayaq saxlamadan, uçurmuşcasına qaçmağa başladım. Bəzən məzar daşlarının arasında oğlanı itirir, sonra qaranlığı aydınladan bəmbəyaz saçlarını görüb çox az müddət davam edən rahatlıq hissinin ürəyimə yayılmasına izin verirdim. Bir neçə saniyə davam edən rahatlıq müddəti başa çatdıqdan sonra başımızın üstündən uçan balaca güllələr sayəsində onun yerini çox məharətlə uzun müddət davam edən narahatlıq hissi tuturdu. Haraya, kiminlə getdiyim, niyə gözümü məzarlıqda açdığım, başımızın üzərində uçuşan qəribə güllələr hədəfinə çatsa, nə baş verəcəyi, kölgələrin necə hərəkətə gəldiyi, onların bizdən nə istədiyi kimi "narahatlıq bəxş edən fikirlər siyahım"a sonradan keçmişimlə bağlı düşüncələr də əlavə olundu. Ailəmi, kim olduğumu, adımı, keçmişdə baş verənləri, yaxınlarımı - heç nəyi xatırlamırdım, üstəlik demək olar ki, dünyada görə biləcəyiniz ən qəribə varlıqlar bizi təqib edir, silahlarından dünyada görə biləcəyiniz ən qəribə güllələri yağdırırdılar. Bütün bunlar dünyada baş verə bilməyəcək qədər qəribə idisə, bəlkə də, bura dünya deyildi?..

Nəhayət ki, yad oğlan böyük bir evin qapısının qarşısına çatıb dayandı. Ətrafda qəribə güllələr də, kölgələr də görünmürdü. Bu qədər qaçmağın nəticəsi idi ki, qıçlarımın dizdən aşağı hissəsini hiss etmirdim. Özümü güclə yad oğlanın dayandığı evin qapısına çatdıranda onun qapının yanındakı qara geyimli mühafizəçiyə:
- Dolunay adlı ruh qızı gətirmişəm, - dediyini eşitdim.

Mühafizəçi qapını açdı və yad oğlan mən eşitdiyim sözlərin mənasını soruşmağa macal tapmamış içəri daxil oldu...

Mühafizəçi qapını açdı və yad oğlan mən eşitdiyim sözlərin mənasını soruşmağa macal tapmamış içəri daxil oldu

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Ruh #Watty_aze2020Hikayelerin yaşadığı yer. Şimdi keşfedin