Qatilim

81 10 10
                                    

Qapının cəftəsini burub içəri daxil olduq. Ev o qədər də qəribə deyildi... İlk baxışdan adi evlərdən heç nəyi ilə fərqlənmirdi - deyə bilərəm.
- Teyanın burada yaşadığına əminsən?
- Sən əmin deyilsən? - Azza otaqdakı boş kreslolardan birində yerini rahatlamaqla məşğul ikən dedi.
- Mən...
- "Bütün ruhlar qəribə evlərdə yaşamalıdır". - kimi bir qanun mövcud deyil hərhalda.
- Zarafatın vaxtı deyil. Özü də rahatlığın yox, Teyanın axtarışında olsanız, mənə böyük şərəf hissi yaşadarsınız, Azza bəy.
- Məncə, sən də bir az öz qayğına qalsan, pis olmaz.
- Mənim bu dəqiqə ən böyük qayğım Teyadan məlumatı alıb qatilimin kimliyini öyrənməkdir.
- Hansı məlumatdır o elə, balaca xanım? - qəflətən otaqda qoca bir qadın peyda olub, söhbətə qoşuldu.
- Bizə Teya lazımdır. Siz kimsiniz? - gözlərimi  qadının nimdaş paltarlarının üzərində gəzdirərkən soruşdum.
- Deməli, sizə Gələcəyin Bilicisi Teya lazımdır, hə? - qadın mənə yaxınlaşıb düz gözlərimin içinə baxdı.

Əgər Azza məni görürdüsə, şübhəsiz, o da görürdü.

- Teya sizsiniz?
- Qoca, uzatma söhbəti. Yox, Dolunay, o, Teya deyil, - Azza qarıya imkan verməyib özü cavab verdi.
- Meqana hörmətsizlik edən heç kim Uca Bilici ilə danışa bilməz, - qarı qollarını sinəsində çarpazladı.
- Baxın, bizi Eva... - Azza mənə baxıb gözünü ağartdı.
- Eva? - qocanın göz bəbəkləri böyüdü, - Uca Bilicinin ona qarşı bəslədiyi duyğuları bilə-bilə sizi buraya göndərib?!
- Yox, yox, Meqan, Eva yox, eyvan demək istəyirdi Dolunay. Eyvanda Teyanın pişiyi Markusu gördük. Ona bir neçə kiçik hədiyyə gətirmişik. Bilirəm ki, Teya buna çox sevinəcək, - Azza bunu deyib Meqana göz vurdu.
- Mənə verin. Özüm onu sizin adınızdan Uca Biliciyə çatdıraram, - hiyləgərcəsinə gülən  Meqan qarşımızda baş əydi.
- Yox, bu, elə qiymətli bir bəxşişdir ki, onu mütləq özüm öz əllərimlə Teyaya çatdırmalıyam.

Danışılan heç bir şeydən xəbərim olmasa da, Azzanın hansısa plana uyğun hərəkət etdiyini anlayıb susmuşdum.

- Qoca Meqan indi Uca Teyaya xəbər verəcək, - qoca qarı gəldiyi kimi də qəflətən yox oldu.

- Nə hədiyyə? - fürsətdən istifadə edib pıçıltıyla yenidən kresloda yerini rahatlayıb oturmuş Azzadan soruşdum, - Mənim niyə xəbərim yoxdur bu hədiyyədən?
- Səninlə hər şeydən xəbərin olacağı barədə sənəd imzaladığımızı, nədənsə, heç xatırlamıram.
- Uca Teya bəxşişi qəbul etməyə hazırdır, - Meqan yanımızda peyda olub xəbər verdi.

- Təbii ki, hazır olacaq, - qarının arxasınca uzun dəhlizdə gedərkən Azza dodaqaltı danışdı.

Böyük zala daxil olduq. Qarşımızdakı kürsüdə bu dəfə də uzun, tünd bənövşəyi rəngli don geyinmiş qadın əyləşmişdi. Azzanın baş əydiyini görüb mən də baş əydikdən sonra:
- Yaxın gəlin, əziz qonaqlarım, - dedi Teya.
- Səhnə sənindir, Dolunay, - Azza pıçıldadı.

Mən nə deyəcəyimi bilmirdim. Təəccüblə Azzanın üzünə baxdım. Sadəcə çiyinlərini çəkdi. Onun hədiyyə məsələsini Teyanın yanına girmək üçün uydurduğunu   düşündüm. Sadəcə Evadan danışmamalı olduğum məlum idi mənə. Bəs Teyanı necə razı salacaqdım o gələcəyə dair ən dəyərli nüansı mənə çatdırmağa?

- Buyur, - Teyanın gözləri üzərimdə idi.

Sanki məşhur bir müğənninin nitqinə başlamasını gözləyirdi Teya.

- Eee... Məni buraya gəlməyə sizin gözoxşayan cazibədarlığınız vadar etdi. Ən böyük arzularından biri Uca Teyanı bircə dəfə görmək, onunla danışmaq olan bir ruh var qarşınızda, - deyib baş əydim. Tamamilə ilk  ağlıma gələn sözləri söyləyirdim.

Ruh #Watty_aze2020Hikayelerin yaşadığı yer. Şimdi keşfedin