Yaza bilməyən yazar.

38 7 1
                                    

"Heç vaxt tam olaraq ağlı başında biri olmamışam."

Romanın 25-ci hissəsinin ilk sözləri yazıldıqdan sonra yazıçının barmaqları dayandı, əlini klaviaturanın üzərində gəzdirsə də davamında nə yazacağı haqqında bir fikir sahibi deyildi. Təcrübə etmədiyi şeylər haqqında yazmağı sevmirdi, hekayənin sonunun buraya gəlib çıxacağını yaxşı bilsə də o, bu haqda düşünmədən digər hissələri yazmış və sonluq haqqında düşünəndə dərindən bir ürəkbulantısı hiss etdiyi üçün səhnələri beynində canlandırmağı başqa bir vaxta ertələmişdi. Artıq həmin qaçınılmaz gün gəlib çatmışdı. Baş personajı qatil etmək vaxtı idi. Nə qədər çalışsa da baş personajının cinayət işlədiyi həmin səhnəni zehnində canlandıra bilmirdi. Bunun üçün əlindən gələni etmişdi.

- Yaxşı, yaxşı... - deyib əlini yenidən klaviatura üzərinə apardıqda bir dızıltı eşitməyə başladı. Otağın ortasındakı masanın üstünə qoyduğu telefonunu titrəyiş rejiminə almışdı. Dızıltını görməzdən gəlib yazmağa fokuslanmaq istəyirdi. Dzzz. Dzzz. Dzzzz. Yox, heç yeri deyildi. KƏS SƏSİNİ! Yazmalıyam. Ağlımda bir fikir vardı.

Bütün fikirlər uçub getmişdi. Yazıçı ayağa qalxıb masaya doğru getdi. Telefon titrəyərək yavaş-yavaş masanın qırağına doğru sürüşürdü. Zəng eləyən yazıçının da təxmin etdiyi kimi redaktor idi. Zəngi qəbul edib telefonu qulağına apardı:

- Hələ hazır deyil.

- Hazır deyil? - redaktorun səsi təmkinli idi.

- Hazırda yazmaqla məşğul idim amma fikrimi yayındırdınız.

- Hazır deyil? - bu səfər redaktorun səsində nəsə bir iynələmə vardı.

- Demişdim axı, sadəcə son hissə qalıb. Normalda yarım saata yazıb bitirərdim.

- Amma biz bir həftədir hazırıq və səni gözləyirik. Və sən hələ də bizi gecikdirirsən. Əgər sabaha qədər bitirməsən müqaviləni ləğv edəcəyik.

- Bunu etməyin, xahiş edirəm. Sonuncu hissə mənim üçün çox xüsusidir. Sadəcə mənə 1 həftə daha verin.

- Səni gecikdirən nədir?

- Hekayənin sonunda baş personaj öz köhnə sevgilisini öldürməlidi. Amma bunu heç cür zehnimdə canlandıra bilmir, təsvir edəcək sözləri tapa bilmirəm. Bunun üçün əlimdən gələ...

Hər ikisi bir müddət susdu. Redaktor yazıçının sözünə davam etməyəcəyini anladıqda özü danışdı:

- Sən yazıçısan. Hadisələri təsvir etmək sənin işindir. Sabaha qədər vaxtın var. - redaktor yazıçının yenidən danışmasına macal vermədən zəngi söndürdü.

Zəng söndürüldükdən sonra yazıçı telefonun ekranındakı öz şəkli ilə üz-üzə qalmışdı. Həmin şəkildə çox daha cavan, pozitiv və sağlam görünürdü. Yenə də üzündəki qəribə təbəssümün süni olduğunu sezmək olurdu. Bu gülümsəmək deyildi, sadəcə dodaqlarını aralayıb bütün dişlərini sərgiləmək, üz əzələlərini gərmək, gözlərini qısmaq idi. Şəkil qəribə təbəssümünü dəyişmədən yazıçı ilə danışdı:

- Telefonunun ekranına öz şəklini qoyacaq qədər manyak ola biləcəyini bilmirdim.

- Sən sadəcə bir şəkilsən, nə biləcəksən. Bunu hamı edir.

Slender'in qısa hekayələriHikayelerin yaşadığı yer. Şimdi keşfedin