Sonuncu zombinin hekayəti.

10 3 0
                                    

Keçmişimlə bağlı xatırlaya bildiyim tək-tük şeylərdən biri sakit, mənzərəli bir həyət evində, hüzur dolu bir kənddə yaşamağımdır. Bir qadın vardı yanımda, anamdı, ya da bəlkə həyat yoldaşım. O hadisəni zombi olduğum dönəmlərdə dəfələrcə xatırlayıb gözümün önünə gətirmişəm. Qadını yemişdim, boğazının dərisindən hələ yenicə itiləşməyə başlayan dişlərimi soxub şah damarını yerindən çıxarmışdım. İlk dəfə idi insan ətinin və qanının dadını damağımda hiss etmişdim, zombiykən bu dad yaşamın məqsədi kimi görünürdü. Qadın mənim kimi zombiyə çevrilmədən ölmüşdü, halbuki mən üzərimə atılan zombiyə məni parçalaması üçün imkan verməmişdim, tək bir dişlək ilə yetinməli olmuşdu. Beləcə onillər çəkəcək zombilik səyahətim öz indi adını xatırlamadığım doğmamı yedikdən sonra başlamışdı.

Əgər zombilər ağıllı bir cəmiyyətdən ibarət olsaydılar mənə əməkdar bir zombi olaraq bir neçə medal verərdilər, hətta qəhrəman elan edərdilər. Dünya istilamızda göstərdiyim şücəatlərin heç kim tərəfindən bilinməməsi xətrimə dəyir, halbuki mən insanlıqla müharibəmizdə böyük bir cəsarət və soyuqqanlılıqla iştirak etmişdim. Moskva istilasında ən öndə gedən zombilərdən biri idim, Atlantik okeanı üzərək keçən azsaylı zombidən biri də mən idim həmçinin. Zombiyə çevirdiyim insanların isə sayı-hesabı yox idi! Həmin doğmamı yedikdən sonra ordumu tapmaq üçün daha böyük yaşayış nöqtələrinə üz tutmuşdum. Həqiqətən də yaxınlıqdakı ərazilərə artıq yaşayış nöqtələri yox, zombi qərargahları demək olardı. Həmcinslərim məni mehriban qarşılamışdılar, hətta üstünə ondan çox zombinin yığışdığı bir cəsəddən qidalanmağım üçün yer də ayırmışdılar. Mən onların arasına daxil olub bitmək bilməyən aclığımı yatışdırmaq üçün cəsədin ayağına dişlərimi keçirib budlarından ət parçaları qoparmağa başlamışdım. Bütün bunlar bir növ instinktiv baş verirdi. Zombilər üzərində tədqiqat aparan alimlər illər boyunca bu məxluqların daxilində şüur qırıntıları olduğunu təxmin belə edə bilməmişdilər. Bədənimi idarə edən mən deyildim amma orda bir yerdəydim. Sanki çox dərində, şüurumun ən qaranlıq nöqtələrində dayanıb bir film kimi izləyirdim bədənimin etdiklərini. Çürüməkdə olan bədənimin arzuları isə çox sadə idi: dişləmək, yemək, parçalara ayırmaq. Bəzi anlar idarəni ələ keçirməyə cəhd göstərirdim, imkansız bir cəhd idi. İllər keçdikdən sonra isə artıq şüurum reallıq anlayışını itirmişdi, hətta parçalara ayrılan cəsədlər görmək belə məni dəhşətə düşürmürdü. Hər şeyin belə olması gərəkdiyini, həmişə də belə olduğunu sanırdım. Mən bir zombiydim, məqsədim qarşıma çıxan hər insanı yemək ya da öz sıralarıma qatmaq, özüm kimi bir məxluqa dönüşdürmək idi. Əlimdən qaçan insan olanda qəzəblənirdim, uzun qaçdı-tutdudan sonra qurbanı dişlərimin arasına keçirəndə sevinirdim. Bədənim xırıltılarla qışqırırdı, mən isə daxildə isteriyalı qəhqəhələr çəkirdim. Uzun müddət eşitdiyim tək insan səsi öz düşüncələrimin səsi oldu. Yediklərimi ya qaytararaq ya da altıma batıraraq ifraz edirdim. Dərhal da acıyıb yeni qurban axtarırdım. Avrasiya materikindəki insan irqinin soyunu qurutmağımız sadəcə bir onillik çəkdi. Eyfel qülləsinin altında 7 yaşlı qızcığazın qarnını əllərimlə deşib onun bağırsaqlarını ağzımdan içəri sovurarkən vicdan əzabı çəkdiyimi xatırlayıram. Uşaqları yemək hər zaman ən əyləncəlisi, həm də ən əzablısı olmuşdu. Bədənim qəddar cinayətlər törədərkən bəzən Tanrıya dua edib bağışlanmağı arzu edirdim. Halbuki kilsələrə, məscidlərə, müqəddəs yerlərə gizlənən insanları tapıb ora hücum çəkdiyimizdə və hər kəsi öldürdüyümüzdə Tanrının yardıma gəlməyəcəyini anladım.

Zombi istilasının başlamasından 15 il keçdikdə Avrasiya materikində bir tək Moskvada yaşayış mərkəzi qalmışdı. Materik üzərindəki sağ qalan insanlar oraya sığınıb şəhərin ətrafına böyük divarlar inşa etmişdilər. Həmin divarlar qoxunu gizlədə bilməzdi, biz canlılıq qoxusunu çox yaxşı alırdıq. Bir hayqırtı eşitmişdim, böyük bir ordu toplanırdı divarları keçə bilməyimiz üçün. Orduya qatıla bilmək üçün günlərcə yol qət etdim, ilk öncə kiçik dəstələrə qoşuldum, həmin kiçik dəstələr özlərindən daha böyük dəstələrə, böyük dəstələr isə ordulara qoşulurdu. Və ordular birləşərək böyük istila ordumuzu yaradırdı. Bu proses də tamamilə heyvani bir instinktlə baş verirdi, bəlkə də tədqiqatçıların bu məxluqlarda şüur qırıntısı görməməsi heç də təəccüblü deyildir.

Slender'in qısa hekayələriHikayelerin yaşadığı yer. Şimdi keşfedin