20??

3 1 0
                                    

...Gözlərimi açanda ətrafımda hər yer qarla örtülmüş, özüm isə meşədə tək tənha qol saatıma baxıram; saat gecə on ikiyə on dəqiqə qalmışı göstərir. Ayağa qalxıb üst-başıma bulaşmış qarı təmizləyəndən sonra fikrə getdim. Axı mən hələ beş dəqiqə qabaq...

Bu onun işi olmalıdır, məndən xilas olmağa çalışır.

Sivilizasiya axtarışında ağacların arasında yeridim. Ayaqlarımın altındakı xışıltı, dərimi kəsən bu soyuq, buranın hara olduğunu bilirdim.

Uzaqdakı evin işıqları, cənnət kimi görünən. Yenə də ətrafdakı digər evlərdən daha sönük bir parıltısı var, bəzək-düzəyi də azdır. Bir uşaq partapart əlindəki partladanı partladır, bəziləri qarın arasına düşüb partlamır belə. Ondan yaşca kiçik bacı və qardaşı qulaqlarını tuturlar, gözlərini qısırlar, o isə bu səs-küydən həzz alır. Partlayan, yanan barut qoxusu bu dünyada ona ən zövq verən şeydir.

Gəlin, bir az meta olaq. O uşaq elə mənəm. Mən də eyni sizin kimi öz xatirələrim arasında izləyiciyəm. Əclaf, mənə nostalgiya yaşatmağa, nəsə hiss etdirməyə çalışır.

Daha sonra fişənglər partlayır. Uşaq əlindəki fişəngi yuxarı tutur, gözləri səmadadır. Onun fişənginin işığı hələ tam yuxarı çatmamış qonşuların daha bahalı fişəngləri partlayır. Bütün səma onların sahib olduğu işıqla işğal edilir. Sonra daha uzaqda daha böyük fişənglər, balaca adamlar özləri kimi balaca parıldayırlar. 10... 9... ... 2... 1... Şampan şüşəsinin qapağı sevincdən lüsturu qırır, başqa vaxt olsa qanqaraçılıq olardı. Amma indi bu yaddaqalan bir hadisə, bir qəhqəhə səbəbidir. 12-dən sonra artıq şam ağacının işıqları söndürülür, qənaət üçün. Bu əməkdar, süni şamağacı 4 ildir hər dəfə yeni il ərəfəsində zirzəmidən çıxarılır, üstü təmizlənir, öz yerinə qoyulur, elə də böyük bir şey deyil, eyni digər bəzək-düzəklər, zərlər və rəngi solmuş "Happy New Year" yazısı kimi. Bircə şarlar yenidir, onları da partladacaq uşaq, hələ vaxtı var. Bir çox şey partlayacaq.

Yanvar ayı çətin olacaq ailə üçün, bütün bu bayram xərcləri onlara maddi olaraq zərbədir. Yenə də bilirsiniz, qonşudan geri qalma.

Gecə saat 1-ə yaxınlaşır, meyvə qabında ancaq alma qalıb, bütün kolalar içilib, mədədə yer qalmayıb. Yetərincə doymuş olmaq insanı düşüncəli edir. Diqqətlə dinləsən dünya üçün gecə hələ indi başlayır, bu ailə üçün isə artıq yatmaq vaxtıdır.

Uzatmağa ehtiyac yoxdur, nostalgiyanı bir o qədər sevmirəm, bəli, bəlkə uşaqlıq xatirələrim bir o qədər cahcəlallı deyil amma daxilində doğmalıq var. Gözlərim yaşarmadı əlbəttə amma içimdə bir sıxıntı oldu, bir həsrət hiss etdim, çox qədimdən qalan bir evin xatirəsinin yaratdığı burundakı qoxu kimi, anlıq amma dərin.

- İndi başa düşürsən? - biz kimsəsiz bir küçədəyik, gecə saat 4-ə işləyib.

Tapançanı onun alnına dirəmişəm, onun sağ əli mənim çiynimdədir. Üzümə mənalı baxışlarla baxır, bir hiss qırıntısı axtarır yəqin ki.

- Mən olmasam bunların heç biri olmazdı. Başa düşürsən?

Əslində o da ən az mənim qədər kriminaldır. İnsanların mülkünə gecə vaxtı icazəsiz daxil olur.

Mən silahımı da, başımı da aşağı salıram. O, öz nitqinə davam edir:

- Mən olmasam nəinki sən, heç kəs bu xatirələri yaşamazdı. Yeni ilin ruhu ölər, bütün ab-havası sönərdi. Axı bu uşaqlara məndən başqa qarşılıqsız hədiyyə gətirən başqa birini tapa bilərmi bu dünya?

Sifarişçi elə düşünmürdü, deyəsən Şaxta baba uşaqlıqda ona hədiyyə aparmağı unutmuşdu.

Mən də ona izah etmək istəyərdim özümü.

Keçən gün əsəbi bir köhnə ər mənə çox gözəl, cavan bir qadını öldürməyim üçün yüksək bir məbləğ yollamışdı. Qadın həqiqətən gözəl idi. Bu gözəlliyi ölüm kimi çirkin bir şeyə bulaşdırmaq günah, böyük günah idi.  Və qadının özü də gözəlliyinin fərqindəydi. Böyük ehtimal bütün ətrafındakı kişilərin ona aşiq olduğunu düşünürdü, bəlkə də həqiqətən eləydi. Və mən onun qarşısına öz silahım, öz cəllad kostyumumla çıxdıqda bir müddət onu öldürməmişdim. Qadın ona aşiq olduğumu düşünmüşdü, bəlkə də həqiqətən eləydi.

Şaxta baba əlini çiynimə iki dəfə daha vurub öz boxçasını belinə atdı, arxasın çevirib uzaqlaşmağa başladı, yəqin marallarını park etdiyi yerə doğru gedirdi.

Şaxta babanın ilk öncə başında bir dəlik açıldı, daha sonra beyni parçalara ayrıldı, qatı qırmızı bir fişəng kimi. İsti qan qarı əritdi. Qan hər tərəfə yayıldı amma üst-başım təmiz qaldı, onun uzaqlaşmağına özüm icazə vermişdim. O da o qadın kimi mənim nəsə hiss etdiyimi sanmışdı, bəlkə də həqiqətən hiss etmişdim. Yenə də yeni il həm də yeni xərclər demək idi. Və mən bütün sifarişlərimi indiyədək qüsursuz şəkildə yerinə yetirmişdim.

Bəli, bu bayramı hər kəs kimi sevirəm, hətta bu sifariş olmasaydı mən özümə tətil ayırmışdım. Şaxta baba öldükdən sonra qəribə şeylər baş verdi, şam ağacları soldu, bütün bəzək düzəklərin rəngləri də öldü, fişənglər havaya həvəssiz qalxdı, parıldamadı. Sonra 31 dekabr 23:59 23:60 oldu, 23:61 oldu, 23:62 oldu... Yeni il gəlmədi...

Gəlin bir az meta olaq, əziz oxuyucular. Şaxta baba mövcud deyil. Çünki mən onu öldürdüm.

Slender'in qısa hekayələriHikayelerin yaşadığı yer. Şimdi keşfedin