1.

1.2K 87 29
                                    

-Alo. Bəli, mənəm. Əlbəttə. Ünvanı mənə dəqiqliklə deyin...1 həftə ərzində istədiyinizə çatacaqsınız. Heç bir izin qalmasını istəmirsinizsə, bu iş bir az baha başa gələcək. Məbləğin yarısını əvvəlcədən çatdırmalısınız. Narahat olmaya bilərsiniz. Sağ olun.
Xəttin digər tərəfindəki məlahətli, eyni zamanda hiyləgər qadın səsi təəccübümə səbəb oldu. Çünki saat hələ 04:47 idi və bu zəng kifayət qədər gözlənilməz alındı. Amma razılaşmağa dəyərdi: mənə bu iş üçün 40.000 AZN pul təklif olunurdu. Bir çox hallarda olduğu kimi qarşıma, böyük ehtimalla, hansısa varlı iş adamını öldürmək tapşırığı qoyulmuşdu. Mən bu işi böyük həvəslə görəcəkdim, çünki varlılara nifrət edirəm. Hərçənd, özüm elə də kasıb deyiləm, amma bütün sahib olduqlarımı mən öz əməyimlə qazanmışam. Bizim ölkədə isə belə şeylərə nadir hallarda rast gəlinir...
Dərhal ayağa qalxıb, əl-üzümü yudum. Mənə verilən ünvanı gözdən keçirməyə başladım.Ev Xəzərin sahilində yerləşirdi. Şəhərin mərkəzində olmadığı üçün işim asan olacaqdı.
Özümü təqdim etməyi lap unutmuşam. Adım Muraddır, 29 yaşım var, uzun müddətdir ki, heç kim mənə adımla müraciət etmir. Ailə üzvlərim mən 2 yaşında olduğum zaman avtomobil qəzasında həlak olublar. Mən həmin qəzadan təsadüfən sağ çıxmışam, yüngül cızıqlarla canımı qurtarmışam. Hər halda mənə belə danışıblar... O vaxtdan etibarən əmim məni övladlığa götürüb, öz oğlu kimi böyüdüb. Çox gözəl əl qabiliyyətim olduğu üçün əmim məni rəssamlıq məktəbinə yazdırıb. Və indi məndən hansı sənətin sahibi olduğumu soruşanda rahatlıqla cavab verirəm: mən rəssamam...
...Əsl sənətimə gəldikdə isə, mən qatiləm. Sizə bir qədər qəribə gələ bilər, lakin mənim əlimdən ən yaxşı bu gəlir. Hansısa psixoloji problemim yoxdur, yaxınlarım, qohumlarım var, insanların portretini çəkərək yaxşı pul da qazanıram. Amma tək yaşayıram, Bakının mərkəzindən xeyli kənarda, tanınmayan yaşayış binasının 3-cü mərtəbəsində. Ünvanımı heç kim bilmir, bu, məxfilik baxımından mənə çox sərf edir. Qonşularımla münasibətim heç də yaxşı deyil, heç biri ilə ünsiyyətim yoxdur. Fikrimcə belə də yaxşıdır, nə yaxın qonşu, nə uzaq qohum. Həyatındakı insanlar çoxaldıqca sən özünə daha az vaxt ayırmalı olursan. Mən isə bunu sevmirəm. Əksinə, yer üzündəki insanları azaltmaqla məşğulam. Mən insanları Tanrının hüzuruna daha tez göndərməklə Tanrının işini asanlaşdırıram, bu, müqəddəs işdir. Qısası, mən vasitəçiyəm. Bizi nəzarət altında saxlamaq üçün əbədi cəhənnəmlə hədələyirlər. Mənim sayəmdə insanlar bütün bunlardan azaddır. Məsələn, kimə ölmək istəməsi ilə bağlı sual versən, cavabı "əlbəttə, yox" olacaq. Halbuki hər kəs bu həyatdan canını qurtarmaq istəyir: insanlar minlərlə mənəvi ölümdənsə, bir dəfə fiziki ölümü seçirlər. Və mən atəş açmazdan əvvəl hər qurbanımın gözlərində dərin təşəkkür ifadəsini hiss edirəm...
Saat 6:00-ı göstərəndə mən artıq tamamilə hazır idim. Qara ayaqqabı, qara şalvar, ağ köynək və üzərindən qara pencək. Fikrimcə, qatil səliqəli geyinməlidir. Hər halda heç kim zövqsüz biri tərəfindən o dünyaya göndərilmək istəməz. Çantamı da əlimə alıb, evdən çıxdım.
Soyuq dekabr küləyi yerə tökülmüş sonuncu yarpaqları qopduqları yerdən uzaqlara aparır, insanlar üçün gözəl görüntü yaradırdı. Lakin bu külək Bakı üçün soyuq olan yeganə şey deyildi. İnsanların baxışları, bir-birinə münasibəti bu cəhətdən Bakı küləyini kölgədə qoyurdu. Qəribə baxışlar hamıda olduğu kimi, mənə də yönəlmişdi. Mən isə bütün bunlara əhəmiyyət verməyərək dayanacağa tələsirdim. Mənim öz maşınım yoxdur- həmişə ictimai nəqliyyat vasitələrindən istifadə edirəm. İndiyə qədər 20 qətl törətmişəm, lakin polis heç bir iz tapmayıb. Səbəb çox sadədir: mən hər zaman insanların çox olduğu yerdəyəm.
Gediş haqqını ödəyib avtobusdan endim. Mənə verilən ünvana çatmağım üçün təxminən 10 dəqiqəlik yol qalırdı. Ünvanı tapmaq elə də çətin olmadı: bu ev digərlərindən çox fərqlənirdi. Qatil olmasanız belə 4 mərtəbəli villanı asanlıqla 1-2 mərtəbəli sadə evlərdən seçə bilərsiniz. Evin yaxınlığında heç kim görünmürdü. Vəziyyətdən istifadə edərək 22-23 metr aralıdakı ağaclardan birinin üstünə çıxdım. Bu heç də asan başa gəlmədi: çantam ağır idi. Böyük çətinliklə heç kimin görməməsi ümidilə yerimi rahatladım. Çantadan durbini çıxarıb evin içini nəzərdən keçirdim. Çox bahalı ev idi, qiyməti yarım milyon manata yaxın olardı. İçindəkilərlə birlikdə 2-3 milyon manat. Bəlkə də daha baha. İçərini daha diqqətlə izlədikdə təxmini 1.80 sm boyu olan və artıq çəkidən əziyyət çəkən 50-55 yaşlı kişini sezmək çətin olmadı. Bu, mənim qurbanım idi. Bir qədər sonra gözdən itdi və yenidən geri qayıtdı. Və bu an gənc oğlanın ona içki şüşəsi ilə yaxınlaşdığını gördüm. Bu... Əlbəttə ki, qulluqçu idi! O, mənim işimi xeyli asanlaşdıracaq.
Ağacda daha artıq vaxt itirməmək üçün yerə endim. Və qulluqçunun saat neçədə buradan çıxacağını təxmin edərək dərhal uzaqlaşdım.
Saat 20:42-ni göstərəndə mən artıq həmin yerdə- ağacın altında qulluqçunun nə vaxt çıxacağını gözləyirdim. 14 dəqiqə sonra darvazanın geniş qapısı açıldı və o, çöldə göründü: qara kostyum və səliqəli tünd-göy qalstuk ilə. Ciddi görkəmini qalstuku ilə eyni rəngli ayaqqabısı tamamlayırdı. Yaraşıqlı oğlandır. Ona yaxınlaşdım:
-Salam. Saat neçədir?
Oğlan isə nəzakətdən dərhal uzaqlaşdı:
-Nə var?!
Təbii ki, bu münasibəti heç bəyənmədim və oğlanı 2 yumruqla yerə yıxıb, çarəsiz vəziyyətə salmağım heç 30 saniyə çəkmədi. -Mənə bax, adını da bilmirəm, amma dediklərimi eləməsən, nəticəsi heç də xoşuna gəlməyəcək,- oğlanın sakitcə başını yellədiyini görüb, arxayıncasına sözümə davam elədim,- sən hazırkı işini 1 həftəlik buraxmalısan. Elə sabah səhər sahibinə zəng et və kəskin xəstələndiyini, bir müddət səni başqasının əvəz etməli olduğunu de. Və məni ona təqdim et.Həmin müddət qurtardıqda sən də öz haqqını alacaqsan. Nömrəni ver, sabah səhər mənə vəzifəni yerinə yetirməyin və mənim bu evdə nə etməli olduğum haqda mənə hesabat verəcəksən.
Oğlanın çox sakit reaksiya verdiyini görüb, arxayınlaşdım. Bu reaksiyanın səbəbi aydın idi, o, işin sonunda pul alacağını düşünürdü. Mənim isə tamam başqa planım var idi: o mənim üzümü görmüşdü.
Adını öyrənməyi unutduğum oğlanı rahat buraxıb, özüm də evə getməyə qərar verdim. Telefonun zəng çalması ilə bütün konsentrasiyam pozuldu, bunu gözləmirdim:
-Alo
-Bu mənəm. Ümid edirəm siz artıq işə başlamısınız?
-Bəli, bu iş gözlədiyimizdən daha az vaxt alacaq. Sadəcə, siz nəyisə unudursunuz.
-Xeyr, sizə vəd etdiyim məbləğin 50%-i sizdən sağdakı şam ağacının yanında yerə basdırılıb. Və sizə onu sadəcə öldürmək tapşırılıb, qalanı ilə işiniz yoxdur. Sağlıqla qalın.
Əlaqənin kəsildiyini görüb telefonu cibimə qoydum. O, məni hardansa görürdü.Məncə o, məndən ərini öldürməyimi tələb edirdi. Amma bu məni elə də maraqlandırmadı. Mən onun dediyini elədim: şam ağacının yanına gəlib, ayağımı yerə vurmağa başladım. Çantanı tapmaq cəhdləri 20 saniyə çəkdi. Müəyyən qədər ağır çanta idi: içində 20.000 manat olmalı idi. Buna evdə baxacağıq. Məni maraqlandıran isə, buralarda 3-4 nəfər istisna olmaqla heç kimin olmaması idi. Tanrı bu küçələri sanki çoxdan tərk etmişdi və onlar sonsuz sakitliyə qovuşmaq istəyirdi. Bir daha necə məhsuliyyətli iş gördüyümə əmin olub, inamlı addımlarla evə tələsdim.
Yaşadığım binanın qarşısında səs-küy idi: gecə olmasına baxmayaraq, açıq havada xeyli insan əylənirdi. Görünür, qonşularımdan biri ya ad günü keçirir, ya da sadəcə yeyib-içmək istəyirdi. Çantanı önümə keçirib,binaya girən anda arxadan sərxoş səsi gəldi:
-Ay uşaq, gəl sən də bizimlə birgə otur, bir söhbət edək, bir-birimizə dərdimizi danışaq. Qonşuyuq, arada münasibət, gediş-gəliş olsun heç olmasa.
-Hə, gəl,ay bala.
Onların müraciət tərzləri heç xoşuma gəlməsə də, əsəblərimi qoruyub, sakitcə cavab verdim:
-Mən içmirəm.
Arxamca danışılan sözlərə əhəmiyyət verməyərək pilləkənlərlə yuxarı qalxmağa başladım. Ümumiyyətlə, mən dünyaya ünsiyyət üçün gəlməmişəm. Çünki insanlardan sıxılıram. Onların hər zaman şikayətlənməyə mövzuları var. Buna görə də mən yalnız mağazalardakı satıcılar və sifariş verən müştərilərlə ardıcıl bir neçə cümlə qura bilirəm.
Fikirlərdən uzaqlaşıb, çemodanı yoxlamaq qərarına gəldim. Tam ürəyimcə idi: 20 və 50 manatlıq əskinaslarla 20.000 manat. Hər ehtimala qarşı onu çarpayımın altındakı rəfə qoyub, duş qəbul etməyə getdim. İsti su məni hədsiz dərəcədə rahatlatdı. Çarpayıya uzandıqdan 4-5 dəqiqə sonra yuxuya getdim...
Saat 06:42-ni göstərəndə gözlərimi açdım. Dərhal telefonu götürüb, adını öyrənə bilmədiyim həmin oğlana-qulluqçuya gizli nömrədən zəng vurdum.
-Alo?
-Ümid edirəm sahibinə dediklərim barədə xəbər vermisən?
-Hə, sizsiniz? Mən ona zəng edib hər şeyi izah etdim, o isə heç nə demədən telefonu söndürdü. Fikrimcə o sizi gözləyir, amma xaiş edirəm, elə edin ki işimdən olmayım. Çalışın onun əmrlərini tez yerinə yetirin, saat 8:00-da səhər yeməyi hazırlayın. Adı Əlidir. Əgər hansısa səhvə yol versəniz, sizi də qovar, məni də. Xaiş edirəm, diqqətli olun.
-Əla. Narahat olmaya bilərsən. Saat 7:20-də açarları və paltarları səndən təhvil alacam. Dünənki yerdə görüşərik.
Telefonu söndürüb, paltarlarımı geyinməyə başladım. 10 dəqiqə ərzində çay da içməyə imkan tapdım və evdən çıxdım.
Özümlə yalnız sevimli "Makarov" tipli tapançamı götürdüm. Darağa adətən 1 güllə qoyuram. Bu dəfə 2 güllə lazım gələcəkdi. Çünki 2 qurbanım vardı. Qurbanların sayı qədər güllə istifadə edirəm : heç vaxt hədəfdən yayınmıram.
Saat 7:23-ü göstərsə də, qulluqçu yalnız indi təyin olunan yerə əlində çanta ilə gəlmişdi.
-Buyurun, bu açarlar. Bu çantada isə geyinəcəyiniz paltarlardı. Gedə bilərəm?
-Əlbəttə, elə et ki səni sahibin görməsin. Mənə lazım olsan, yenə zəng edəcəm. Sağ ol.
-Bağışlayın, adınız necə oldu?
-Bu səni maraqlandırmır. Sənə zəng edən kimi burada ol.
Daha cavab gözləməyib, 4 mərtəbəli villaya tərəf tələsdim.
Darvazadan içəri girəndə, özümü başqa aləmdə hiss etməyə başladım. Bu, həqiqətən də, çox bahalı ev idi. Qarşısında hündür fontan var idi. Qış olduğu üçün işləmirdi. Evin qapısı da təxmin etdiyimdən böyük idi. İçəri daha dəbdəbəli idi: sol tərəfdə lift ilk diqqətimi çəkən şey oldu. Koridor boyu kənarlarda müxtəlif qəfəslər və içində heç vaxt görmədiyim quşlar. Və qonaq otağının girişində divardan böyük portret asılmışdı. Özüm də rəssam olduğum üçün portreti yalnız "sənət əsəri" təyini ilə ifadə edə bildim. Şəkildə qızılı saçları olan 22-23 yaşlarında bir qız təsvir olunmuşdu.Qəhvəyi gözləri sanki saçlarını tamamlayırdı. Üzündə hüznlü gülüş var idi, ona xüsusi gözəllik verirdi. Bir neçə dəqiqə heyranlıqla ona baxdım. Və dərhal bunun səhv olduğunu anlayıb, yuxarı çıxmağa başladım.
Soyuducuda səhər yeməyi hazırlamaq üçün hər şey vardı. Buna görə də artıq 7:56-da mən qulluqçu paltarında-həyatımda ilk dəfə- kiməsə yemək hazırlamışdım və onu gözləyirdim. Və təbii ki heç kimin gəlməyəcəyinə əmin olduğum üçün silahı rahatlıqla gizlədə bilmişdim.
Pilləkənlərin taqqıldamasından onun gəldiyini anladım. Gecə paltarında idi. Məni görüb, bir qədər təəccübləndi, lakin gözlərini ovuşduraraq nəyisə yadına salmağa başladı. Və boğuq səsi ilə danışmağa başladı:
-Hə, sən. Mənim növbəti 1 həftə üçün qulluqçum. Fuad mənə səni qohumu kimi tanıdıb. İşin xoşuma gəlsə, səni burada saxlaya bilərəm, onsuz da qohumun heç nəyə yaramır. Sən yaxşı oğlana oxşayırsan, amma indi mən telefonla danışmalıyam. İtil buradan.
Sonuncu cümlə mənim qüruruma toxunmuşdu. Heç kim mənimlə bu cür danışa bilməzdi, bir neçə saatlıq qulluqçu roluna girsəm də. Bütün bunlara baxmayaraq, soyuqqanlılığımı qoruyub, otaqdan çıxdım. Dərhal əlimi cibimə salıb telefonu çıxardım və mənə lazım olan yeganə nömrəyə zəng vurdum:
-Bu gün bura kiminsə gəlməsi gözlənilmir ki?
-Sən artıq oradasan?
-Mən sual verdim, cəld olun.
-Yox, heç kim gəlməyəcək, arxayın ol.
Telefonu söndürüb, kənara atdım. İstədiyim cavabı almışdım. Və çantamdan "Makarov"-u çıxardım. Və telefon danışığının davam etməsinə baxmayaraq otağa girdim. Qulluqçu rolu cəmi 26 dəqiqə çəkmişdi.O, məni gördü. Yenidən qışqırmaq istəyirdi ki, silahı çıxarıb ona tərəf tuşladım. Bu, onun özünü itirməsinə kifayət etdi: telefonu əlindən düşdü. Gözlərini inanılmaz qorxu bürüməyə başladı və bir qədər əvvəlki amiranə üz ifadəsi səssiz qorxuya çevrildi. Bunu sevirəm.
-Əli bəy, keçin əyləşin.
-Sən kimsən?
-Dedim axı, əyləşin, sizə hər şey aydın olacaq.
Dediyim yerdə əyləşdi və onu öldürməyəcəyimi düşünərək ümidlərə qapıldı:
-Sənə mənim pullarım lazımdır? Hamısı sənindir, arxandakı seyfdədir hamısı. Götür, get, özünə yeni həyat qur.
-Mənim kiminsə pulunda gözüm yoxdur, sizi öldürəcəyim halda mən heç də az pul almayacam. Sizə bir neçə sualım var.
-Eləmə,oğul...
-Tək yaşayırsınız?
-Xaiş edirəm...
- Tək yaşayırsınız?
-Yox, arvadım və qızımla. Məni öldürmə, ay bala, heç olmasa, özünü işə salma. Hələ cavansan.
-Tanrıya ürəkdən dua edin və ona məndən salam çatdırın. Heyif ki, bu şəraitdə görüşməli olduq.
-Heç olmasa, bunu de. Bu, kimin sifarişidir, Oqtayın?
-Xeyr, öz arvadınızın.
Həmsöhbətimin reaksiyasını təxmin edərək üzümü çevirdim. Tapançaya səsboğucunu taxıb, qurbanıma tərəf döndüm. Axmaq, gözlərini tavana dikib, hələ də nəsə gözləyirdi. Amma gözlədiyimin əksinə, onun sonuncu cümləsi fərqli oldu:
-Ona deyərsən ki, onu çox sevi...
Cümlə bitməmiş tətiyi çəkdim və gümüşü güllə onun düz ürəyinə sancıldı. Bir neçə saniyə çabalasa da, müqaviməti dayandı və üzü üstə yerə yıxıldı. Kiminsə həyatına son qoymaq ilk baxışdan qəribə gəlsə də, özümü çox rahat hiss edirdim. Ölüm sonsuz sualların bizi yarı yolda buraxan məntiqsiz cavabıdır. Bir neçə dəqiqə ərzində mən onu çarpayının yanına sürüyə bildim. Hər ehtimala qarşı. Və telefonu götürüb, Fuada gizli nömrədən zəng vurdum:
-Danışdığımız yerə gəl, tez.
-10 dəqiqəyə oradayam.
Onun gəlməsi 12 dəqiqə çəkdi. Bu müddət ərzində mən evin gözəlliklərinə və portretə son dəfə baxa bildim.
Fuadın düz yanımda olduğunu görəndə qeyri-ixtiyari qorxdum və ona yumruq atdım. O isə bu zərbədən yayınaraq mənə güclü təpik vurdu. Zərbənin təsirindən silahım yanıma düşdü. Və özümü itirməyərək tapançanı götürdüm. Diqqətlə qulluqçuya baxdım. Sanki Əli bəyin meyidini görmüşdü və qaça bilməyəcəyini anlayıb, üstümə gəlmişdi. Bu situasiyanı sevmədiyimə görə, heç bir sual vermədən gülləni onun başına vurdum. Beyni havaya sovruldu və əbədiyyətə qovuşdu. Bir gündə 2 qətl. 1-ini planlaşdırmamışdım və onunla tanışlıq mənim səhvim idi. Ayağa qalxıb, əl-üzümü yumağa getdim : qan sifətimə sıçramışdı. Qanı təmizləyib, əşyalarımın olduğu otağa tərəf yönəldim. 4 dəqiqəmi də paltarımı dəyişməyə və çantamı yığmağa sərf elədim. Telefonu götürüb, çıxışa tərəf yönəldim. Sifarişi verən qadına zəng edib, meyidləri yığışdırmalı olduğunu xəbər verəcəkdim. Çöldən gələn gözlənilməz səs planlarımın pozulmasına və qanımın çəkilməsinə səbəb oldu:
-Papa, evdəsən, hey? Mən gəldiiim...

EqoistHikayelerin yaşadığı yer. Şimdi keşfedin