... Yuxu görməyi heç vaxt sevməmişəm. Yuxular heç vaxt olmayacaq şeyləri bizə göstərir və sadəcə kefimizi pozmağa xidmət edirlər. Və ya unutmağa çalışdığımız şeyləri yada salırlar. Qəribə olanı isə yuxuda dünən yaşadıqlarımı təkrar-təkrar görməyim idi. Yuxunu dəqiqliklə xatırlamasam da, sonunun heç də yaxşı olmadığını bilirdim. Bir qədər düşündükdən sonra anladım ki bu, ümumiyyətlə, yuxu deyildi və mən yarıyuxulu şəkildə bütün bunları beynimdə canlandırmışdım. Bu da səhər səbəbsiz şəkildə kefsiz oyanmağıma səbəb olmuşdu. Və elə yəqin ki məhz bu səbəbdən, başım çox bərk ağrıyırdı.
Yataqdan qalxıb bir neçə saniyə çarpayıda oturdum. 2 həftə üçün icarəyə götürdüyüm ev 4 otaqlı xudmani bir evdi: bizim ölkədə rahatlıqla bu evlə qane olmaq olardı. İcarəsinə isə elə də çox pul lazım deyildi, nəzərə alanda ki,mən 23-cü qətldən indiyə qədər almadığım pulları alacaqdım. Buna görə Sevinc bütün sənədlərin tərtibatını və evin icarəsini öz üzərinə götürmüşdü, hətta qətldən dərhal sonra mənim üçün uçuş təşkil edəcək və mənə yeni kimliyimi təqdim edəcəkdi. Hərdən düşünürdüm ki, bu qadın mənimçün həddən artıq çox can yandırır, yəqin ki, mənim onun ərini belə tez öldürməyim onda kifayət qədər təəccüb yarada bilmişdi. Və çox güman ki, Baharın da tezliklə sonunun gələcəyinə ümid edib, məni yenidən bura dəvət etmişdi. Lakin bir qədər analiz etdikdə qadının həddən artıq çox qəddar və acgöz olması diqqət çəkirdi: axı Baharın ümumiyyətlə atasının pullarında gözü yox idi və onları onu öldürmədən də ələ keçirmək olardı. Mən isə özümdən asılı olmadan nəyə görəsə fikrimdə Baharın müdafiəsinə qalxmışdım və buna görə hətta bir az özümə əsəbiləşdim.
Əl-üzümü yuyandan sonra özümə çay hazırlamağa başladım. Mətbəxdə həqiqətən də lazım olan hər şərait vardı və seçilmiş mebel göz oxşayırdı. Yerli materialdan olmadığını anlamışdım və bunun haqqında Sevincdən məlumat alacaqdım.
Çay içərək dünənki davranışlarımı bir daha gözdən keçirdim. Əvvəlcə Bahara qarşı çox laqeyd olmağa qərar vermişdim, amma sonra qaynar çayın əlimə tökülməsi ilə sanki hər şey məcrasını dəyişdi. Əlimə baxdıqda isə dərimin bir hissəsində çapığa bənzər nəyinsə olması diqqətimdən qaçmadı.
Ardını düşünmək isə ümumiyyətlə dəhşətli idi: mən bir neçə saniyə ona baxdıqdan sonra düşüncələrə dalmış və axmaq kimi ona baxmağa davam eləmişdim. O da bundan narahat olub hələ sual da vermişdi. Çayın sonunun artıq zəhər dadı verdiyini hiss edib, onu içmədim.Davranışlarım absurd olmağa başlamışdı və mənə elə gəlirdi ki, tezliklə bu qarışıqlıqdan canımı qurtarmalıyam. Elə də uzaqda olmayan sahilə getməyə qərar verdim və paltarımı geyinib tezliklə evdən çıxdım.
Bakı üçün xarakterik olan Yanvar küləyi heç də həzin olmayan şəkildə əsməyə davam edirdi. Külək insanın əhvalına təsir edəcək şəkildə bərk əsirdi və bəzi anlarda məni dayanmağa məcbur edirdi. Bir anlıq sahilə getmək fikrindən daşındım və düşündüm ki, burada belə külək əsirsə, dənizin yaxınlığında ümumiyyətlə dəhşətdir: ayaq üstə dayanmaq çətin olacaq. Fikrimdə isə yanıldım: günəş görünməyə başladıqda- saat təxminən 7:00 olardı- külək öləzidi və çox qəribə şəkildə hava sakitləşdi. Buranın havası da insanları kimi dəyişkən və anlaşılmazdı: amma çox vaxt əsəbə təsir edir.
Sahildən təxminən 50-60 metr aralıdakı parkda isə bir birindən kifayət qədər uzaqda dayanmış bir neçə insan görünürdü: deyəsən, dənizin dalğalarına baxaraq yüngülləşirdilər. Mən isə park boyu gəzməyi və onların hər birinə nəzər salmağı qərara aldım.
İlk qarşıma çıxan yaşlı bir qadındı: təxminən 60-65 yaşları olar. Gözlərinə 3-4 saniyə baxmaq kifayət edər ki, saatlarla ağladığını anlayasan, gözləri uzaqdakı hansısa məchul nöqtəyə zillənib və çox güman ki, ətrafında kimisə öldürsələr, buna əhəmiyyət verməyəcək. Bəlkə də həyat ondan ərini və ya doğmalarını almışdı, bu vəziyyətdə ancaq belə bir şey proqnozlaşdırmaq olar. Amma istənilən halda həyatı nədəsə günahlandıran insanları anlamıram: axı vəziyyəti bu həddə gətirən həyat deyil, insanlardı. Hər kəs istəsə, öz bədbəxtliyindən və ya kiminsə bədbəxtliyindən qaça bilər: yoxsa həyat əzab çəkərkən çox uzun görünür. Qadın isə bu köhnəlmiş skamyada oturmağa və dərd çəkməyə davam edirdi. Hərdən düşünürəm ki, həyatdan bezmiş insanları könüllü şəkildə o dünyaya göndərərdim. Amma insanların əksəriyyəti və ya demək olar ki,hamısı sonu bilinməyən ölümdən qorxur, çünki həyatlarını boşa yaşayırlar.
20-25 metr aralarıdakı skamyada təxminən yaşı 70-ə yaxın olan bir kişi və nəvəsi olduğunu proqnozlaşdırdığım 4-5 yaşlı uşaq vardı. Uşaq oturmaq istəmir və əlindəki maşınını babasına göstərib nə haqdasa həvəslə danışırdı. Kişi isə siqaretini tüstülədib bir neçə saniyəlik fikrə dalır, sonra isə nəvəsinə baxaraq sanki hər şeyi unudurdu. Gözləri gülümsəyir və nəvəsi necə həvəslə danışırdısa,o da eyni həvəslə dinləyirdi. Hiss olunurdu ki, bu saf uşaq onu ağır həyatından çox-çox uzaqlara apara bilirdi, bunun üçün onun bir gülüşü kifayət edirdi. Bəzən bizim ehtiyacımız olan yəqin ki, məhz budur: dərdlərdən qaçmağa-heç olmasa müvəqqəti- kömək edə bilən varlıq. Necə ki, bu ciddi görkəmli kişi köhnəlmiş və əzilmiş paltarlarına baxmayaraq, nəvəsinin yanında kifayət qədər xoşbəxt idi və hərdən qayğıkeşliklə onun papağını çəkib qulaqlarını soyuqdan qoruyurdu.
Hiss elədim ki, bu insanlara baxdıqca öz dərdlərimi xatırlayıram və bu, heç də yaxşı deyil. Mən onlardan sadəcə qaçıram, nə qədər çətin olsa da, onlar barədə düşünmürəm, çünki insan dərdləri ilə ən yaxşı halda texniki məğlubiyyətə razılaşa bilər: onlara qalib gəlmək mümkün deyil. Elə isə, nəyə görə onları düşünüb özümü yormalıyam?
Parkdan çıxıb, sahilə tərəf irəliləməyə başladım, külək olmasa da, hava kifayət qədər soyuqdu. Sahildə isə yalnız bir nəfər gözə dəyir: ona da əhəmiyyət vermədən 10-15 metrliyində dayanıb sakitləşməyə çalışdım. Bəlkə onu elə bu gün öldürüm? Axı Sevinc mənə lazımi hər şeyin hazır olduğunu demişdi: nə qədər tez olsa, bir o qədər yaxşıdı.
-Bilmirdim ki, siz də səhər sahilə gəlməyi xoşlayırsız,- tanış səs sanki məni düşüncələrimdən geriyə qaytardı.
-Mənə "siz" deyə müraciət eləmə,- özümü ani şəkildə itirsəm də, ikinci dəfə bunu vurğuladım,- mən də bilmirdim ki, sən burdasan. Nə vaxt gəlmisən?
-Üzr istəyirəm, əgər narahat etdimsə, mən uzaqlaşa bilərəm, ola bilər ki sən nə isə barədə düşünürdün,- o, "sən" sözünü aşkar narahatlıqla dedi,- mən uzaqlaşa bilərəm,- artıq ikinci dəfə idi ki, bu cümləni təkrar edirdi.
-Yox, ehtiyac yoxdu, təbii ki, narahat etmirsən,- nə vaxt belə nəzakətli olmağa başladığımı özüm də bilmirdim,- mən tamamilə başqa şey haqqında düşünürdüm. Bəs sən? Belə tez bura gəlməyə vadar edən nədir?
-Bu, artıq on gündür təkrar olunur,- onun açıq-qəhvəyi gözlərinə qaranlıq çökdü,- həmin faciəvi gündən sonra. Həyatda yeganə sevdiyim və güvəndiyim insan- atam məni tək qoyub gedəndən sonra.
Gözlərinin necə dolduğunu görmək məndə hansısa narahatlığa səbəb oldu və bir neçə saniyə nə deyəcəyimi bilmədim.
-Mən anlayıram, əlbəttə ki,- söhbətin uzanacağını hiss etsəm də, danışmağa başladım,- amma həyat bizə 2 seçim buraxır: ya ona bağlanıb, əlimizdən aldığı hər bir şeyə görə canımızın bir parçasını itirməyi, ya da güclü olmağı seçib, hər şeyi olduğu kimi qəbul etməyi. Təbii ki, mən sənin keçirdiyin hisləri tam anlamı ilə başa düşə bilmərəm, amma ən azından mən də nələrisə yaşamışam və gəldiyim nəticə budu.
O, gözlərini qaldırıb mənə baxırdı və demək olar ki, onları qırpmırdı.
-Əlbəttə, demək asandı,-Bahar bir qədər dərindən nəfəs aldıqdan sonra dedi,- çox güman ki sən məhz bu tip itki ilə üzləşməmisən.
-Daha ağırları ilə,- üzümü çevirdim,- sadəcə, hamısı keçmişdə qalıb və mən yalnız irəli baxıram. Bəlkə də belə soyuq ola bilməyimin səbəbi vaxtında heç kimə daimi yanaşmamağımla bağlıdı.
-Amma belə davranış insanları uzaqlaşdırır,- o, bir qədər incik tərzdə dedi,- onlar səndən qaçmağı üstün tutacaqlar.
-Onlar məndən qaçsalar yaxşıdı,- o, bilmirdi ki atasının qatili ilə hal-hazırda fəlsəfi müzakirələr aparır,- kimin nə düşündüyü mənə maraqlı deyil.
-Qəribə yanaşmadı. Yəni doğrudanmı sənin haqqında kimin nə düşündüyü maraqlı deyil?
-Məhz belə,- biz artıq sahilyanı parkı gəzə-gəzə tərk etmək üzrə idik,- məni heç kim maraqlandırmır.
-Bəs itirməkdən qorxduğun biri yoxdur?
-Mən demək olar ki, itirə biləcəyim hər kəsi itirmişəm,- cavab həddən artıq drammatik alındı,- məncə, bu haqda danışmayaq.
-Əlbəttə, necə istəyirsən,-buna baxmayaraq, o, təəccüblü gözlərini məndən çəkmirdi,- o dedi ki, artıq atamın qatili yaxın günlərdə tapılacaq.
-Kim?
-Salman- atamın qətl işi ilə məşğul olan polis müfəttişi.
Həddən artıq qeyri-rəsmi təqdimat alındı və bu, məndə maraq oyatmaya bilməzdi.
-Onlar nə tapıblar?- yavaş-yavaş anlayırdım ki, dünən onların evinə gələn "Audi"-nin özündənrazı sürücüsü məhz həmin Salmandı,- qatilin izinə düşə biliblər?
-O dedi ki, araşdırma artıq son mərhələyə daxil olub və yaxın günlərdə qatil həbs olunacaq,- onun gözlərində yenidən nifrət baş qaldırdı,- mən şəxsən o alçağı öz əllərimlə öldürərdim.
-Yəqin ki, sənin yerinə olsam mən də belə edərdim,- birbaşa fikir bildirməkdən yayındım,- qatillər layiqli cəzasını almalıdır. Ümid edirəm ki, bu çətin dövrü geridə buraxa biləcəksən.
-Mən çalışıram,- kifayət qədər xırda addımlar atırdı və mənim sürətimə çatdırmağa çalışırdı,- amma tək, həqiqətən də çətindi. Mənim planlarım var idi, öz həyatımı qurmağa hazırlaşırdım. Birdən-birə həyatımda ən çox istədiyim insanı itirmək... Mənə indiyəcən maraqlıdı, axı onu kim, niyə öldürə bilərdi? Mən hətta qətldən bir neçə dəqiqə sonra evdə idim, sonra isə mətbəxin qarşısında bizim qulluqçunun meyidini tapmışdılar. Eyni vaxtda 2 nəfəri öldürmək və 2 ailənin həyatını məhv etmək- bunu kim edə bilər?
-Bilmirəm,- bu söhbət artıq xətrimə dəyirdi.
-Ümid edirəm ki, atamla nə vaxtsa cənnətdə görüşəcəyik.
-Belə inanclı olmaq yaxşıdı, ən azından yaşamağa davam etmək olur.
-Sən buna inanmırsan?- maraqla cavab gözləyirdi.
-Bilmirəm. Bacardıqca bu mövzudan qaçıram. Bütün inandıqlarım hansısa şəkildə boşa çıxıb, bu səbəbdən mən artıq heç nəyə inanmıram. Tanrının varlığını isə heç kim iddia edə bilməz və eyni zamanda heç kim qəti şəkildə inkar edə bilməz.
-Həqiqətən də səninlə söhbət etmək çox maraqlıdı-, bayaqdan diqqətlə qulaq asan Bahar saatına baxdı və telefonu çıxarıb kiməsə olduğu yerin ünvanını diqtə elədi,- dərsə isə gecikməməyə çalışmalıyam. İstəsən səni ötürə bilərik?
-Əlbəttə, mənim üçün də çox xoşdur,- mızıldanaraq vurğuladım,- amma mən piyada gəzməyi üstün tutardım. Sənə uğurlar.
Sağollaşaraq məndən uzaqlaşdı və yaxınlıqda dayanan "BMW" markalı maşına mindi. Nisbətən yaşlı görkəmindən və Bahara qapını açmaq tərzindən görünürdü ki, onların sürücüsüdür.
Ürək döyüntülərimdə hiss etdiyim sürətlənmə və bir müddət maşının arxasınca baxmağım kifayət qədər qəribə idi. Hərəkətlərim anlaşılmaz xarakter almışdı. Və deyəsən, əmimin nəyi nəzərdə tutduğunu indi anlayırdım.
Səhər əslində elə də xoş sürpriz saymadığı Kənanla görüşü indi yadında çox təsirli dialoq kimi qalmışdı. Bir qism insanlar sadəcə danışmaq xatirinə danışırdılar, digər qismi isə bunu az və lazımi şəkildə edirdi. Kənanı əminliklə ikinci kateqoriyaya aid etdi. "Kifayət qədər yaxşı insandır, amma çox acı çəkib"- deyə düşündü. "Onsuz da insanı yaxşı birinə çevirən onun çəkdiyi əzablardı"- beynindən keçən bu düşüncə ilə fikrini tamamladı. Bəs doğrudanmı ona kiminsə münasibəti maraqlı deyildi? Sadəcə öz həyatını yaşayan insanlar kimi 1 addım öndə idimi? Yox, onun üz ifadəsində hər zaman bir yorğunluq və bezginlik var. Adətən belə insanlar öz qaranlıq keçmişini xatırlamamaq üçün heç nəyi veclərinə almadıqlarını deyirlər. Əslində isə onların daxilində hər zaman toxunulmağa məhkum yaralar var. Məhz bu səbəbdən sanki itirə biləcəyi bir şeyi yoxmuş kimi davranırdı və lazım olduğundan daha çox laqeyd idi. Onunla növbəti söhbətində necəsə bu haqda soruşacaqdı. "Məhz daha ağır əzablar görmüşəm" dedikdə nəyi nəzərdə tuturdu? Bəs Allaha inanmaq haqda dedikləri? Doğrudanmı bu dərəcədə yorğun və inamsızdır? Bu insan suallarla doludur. Özü haqqında fikir verdiyi bir şey isə bu günlərdə dərd ortağının olmasını istəməsi idi. Sanki insanların həyat mübarizəsi ilə bağlı düşüncələri ona maraqlı gəlirdi və kimin hansı çətinliklərdən keçdiyini bilmək istəyirdi. Kənan bu rola uyğun gələn ideal obraz idi. Əmin olduğu yeganə şey- bu bir neçə dəqiqəlik söhbətdə ondan sıxılmaması idi. Dünənki şanssız hadisəni artıq unutmuşdu. Sahilə necə kədərli şəkildə gəldiyi yadına düşdü. Gecə 2-3 saat yatmışdı və qalan vaxtı səssizcə ağlamışdı. İndi isə özünü bir qədər güclü hiss edirdi. Bu vəziyyətdən nə qədər tez çıxa bilsə, o qədər yaxşıdı.
Güzgüdə özünə baxdı. Heç də pis görünmürdü: saçları səliqə ilə yığılmışdı, makiajı qaydasında idi və gülümsəyirdi. Bu, cəsarətsiz gülüş idi, amma, bütün olanlara baxmayaraq bunu bacarırdı.
Sükan arxasında isə artıq 16 ildir ki, ailədə sürücü kimi xidmət edən Cəfər oturmuşdu və hər zaman olduğu kimi sakit idi. O zaman şirkət sürücüsü olsa da, iş yoldaşları ilə konfliktə görə düşüncəsiz şəkildə işdən çıxmışdı və atasının yanına gəlib ondan edə biləcəyi hər hansı iş istəmişdi. Atası isə bir qədər tərəddüd etsə də, ona güvəndi və heç vaxt maşın sürmək həvəsi olmadığını əsas gətirərək onu sürücü kimi işə götürdü. Və o, sanki ailənin bir üzvü kimi, yaxşı və pis günlərində hər zaman onların yanında oldu. İndi isə anlayırdı ki, Əlinin qəfil ölümü ilə onun işdən qovulmaq ehtimalı çoxdu və buna müvafiq üzündə hüzn qarışıq sakitlik var idi.
Universitetə çatanda qapını özü açıb düşdü və sürücüyə adəti üzrə təşəkkür etdi. Ona zillənən baxışlara fikir verməyərək universitetin girişinə tələsdi. Telefonun zəng çalması ilə içində bir narahatlıq hiss etdi. Çantasının hər hansı cibindən tələsik telefonu çıxararaq ekrana baxmadan zəngi qəbul etdi və tanış səs çoxdan gözləniləni səsləndirdi.
Artıq sürücünün nömrəsini geri qayıtması üçün yenidən yığırdı. Etmək istədiyi çox şey vardı. Deməli, Salman bunu bacarmışdı. Atasının qatili artıq içəridə idi.
ŞİMDİ OKUDUĞUN
Eqoist
Mystery / ThrillerHəyatı yalnız qətllər törətməklə aldığı pullardan ibarət olan muzdlu qatil. Əslində hər şey yolunda gedirdi... 23-cü qətlədək. Onun qarşısına ilk dəfə bir qadını öldürmək tapşırığı qoyulmuşdu.