* * * *
- Onlar yenə bizi izləyir? Bu qədər sui-qəsd cəhdləri və itkilər, doğrudan mı, onlar üçün bəs deyil? Həmin oğlanı mənə dərhal tapın!
Sözümü bitirər-bitirməz 2 kapsula dərman içdim. Bu artıq 3-cü dəfədir ki bizimlə baş verir. Onlar bilmirlər ki, bizim də başımızda qanun ilə onları idarə etməli olan şəxslər-"yuxarılar" dayanır. Və onlar anlamırlar ki, biz edilən zəngləri necə rahatlıqla izləyə bilirik. Təbii ki, bu bizim "peşə sirrimiz" idi . "Yuxarılara" gələ biləcək ən kiçik böhtanda bizi günahlandıracaqlar və ilişdirəcəklər. Ona görə də operativ işləməliyik. Bu ay üçün külli miqdarda narkotik İran sərhədindən keçirilməlidir. Mal əsasən İrana və Rusiyaya daşınır. Sərhəd boyunca bir neçə məntəqədə anbarlarımız var. Daşınmazdan əvvəl vəziyyəti nəzarətdə saxlamaqçün malı anbarlara doldurub bir neçə gün orada saxlayırıq. Tam heyətlə burada yerləşdikdən sonra- istənilən fövqəladə hadisəni istisna etmək və bir-birimizi sığortalamaq imkanına malik olduqda fəaliyyətə başlayırıq. Bir neçə il əvvəl İranla sərhədin açılması işimizi xeyli asanlaşdırır və sərhəd-keçid məntəqələrində lazımsız vaxt itirmirik. Hərçənd ki, problem çıxaran "vicdanlı" işçilərə də rast gəlinir, amma onların da öhdəsindən gəlmək asandır. Müəyyən məbləğdən sonra əlavə yoxlanışa ehtiyac duyulmur. Belə demək mümkünsə, qanunu ən zəif nöqtələrdən vururuq və böyük pulların olduğu oyunlarda biz, sadəcə vasitəçiyik.
İndiyə qədər müxtəlif orqanlar bizi qanuni yolla həbs etməyə çalışıblar. Amma əlbəttə ki, başçılarımızın sayəsində bu, mümkün olmayıb. İndi isə onlar bizim izimizə hansısa qatili salmağa çalışırlar. İlk baxışdan təhlükəli görünsə belə, onlar bizə heç nə edə bilməyəcəklər. Bir neçə dəqiqə ərzində mənim adamlarım həmin oğlanı tapıb gətirəcəklər. O, belə təhlükəli bir işə girişdiyi üçün peşman olacaq.
Telefonu götürüb, gizli nömrədən sifarişi verən şəxsə zəng etdim:
-Gərək bunu etməyəydiniz. Onu da bədbəxt elədiniz.
* * * *
Bəzən insanı çıxılmaz vəziyyətlərdə heç kim xilas edə bilmir. Və ya etmək istəmir. Belə anlarda insan tək olduğunu hiss edir, hər hansı qurtulma şansı, kiçik bir ümid axtarır. Və çıxış yolunu təklikdə tapa bilmədikdə... Ümid yalnız bəxtə qalır.Sakitliyimi pozmadım və eyni səs tonu ilə cavab verdim:
-Niyə?
Xəttin digər tərəfindəki səs isə çox narahat idi, bunu sözləri tez-tez deməsindən və nəfəs tezliyindən hiss etmək mümkün idi:
- Əgər sən 1-2 dəqiqənin içində həmin ərazini tərk etməsən... Səni öldürəcəklər. Bizim danışıqlarımız izlənilib və sənin saat neçədə harda olacağını təxmin etmək onlar üçün çətin olmayıb. Əgər üzərində hansısa çanta və ya onları şübhələndirə biləcək əşya varsa, onu avtobusda burax və oranı tərk et! Unutma ki, onlar səni hələ görməyiblər.
-Axı onlar bunu necə edə bilərlər? İstənilən şəxs sizin zəngləri izləyə bilər?!
Anidən xətt kəsildi. Əsəb məni dilimin altında söyüş söyməyə vadar etdi.
Təəccüblə ətrafıma baxdım. Avtobusda məndən başqa heç kim yox idi. Və demək olar ki, yola çıxma vaxtı gəlmişdi. Lakin qəribə bir səssizlik hökm sürürdü. Əgər həqiqətən də mənim danışıqlarım izlənibsə, sözsüz ki, yerimi təyin etmək də onlar üçün çətin olmayacaqdı. Qaraltını hiss etdim...Qara kölgə avtobus qapısına çatırdı. Avtobusun qapısı açıldı. Görünüşcə heç də narkomana oxşamayan orta yaşlı kişi diqqətlə və narazılıqla mənə baxmağa başladı... Çantanı açıb silahı çıxarmaq üçün vaxt qalmamışdı. Ölümü məğrur üz ifadəsi və daxili qorxu ilə gözləməyə başladım. Deyəsən, bu artıq son idi.
İlk dəfədir ki, qorxunu belə yaxına buraxmışdım. Maşının qapısını açan orta yaşlı kişi məni süzməyə davam edirdi. Artıq məni vurmalı idi. Saniyələr ləngiyirdi... Qorxu da yavaş-yavaş üzərimdən çəkilirdi. Nəhayət o, kobud və boğuq səsi ilə qışqırdı:
-Ay bala, görmürsən ki işləmirəm? Bakı-Astara avtobusları o tərəfdədi, düş aşağı!
Eşitdiklərim qarşısında reaksiya verməyə bir neçə saniyə çətinlik çəkdim. Bu cümlələr, həyatda qalacağıma təminat verməsə belə, ölümümü ləngidəcəkdi. İsti qanın damarlarla bədənimdə necə hərəkət etdiyini hiss etdim. Qarşımda isə sadəcə əsəbi, yaşlı və bir o qədər də sadə geyimli, işindən şikayətçi avtobus sürücüsü dayanmışdı. Heç nə demədən avtobusdan endim və məndən 25-30 metr aralıda, hal-hazırda olmalı olduğum avtobusu gördüm. Və ona tərəf sürətlə hərəkət edən 5-6 qara geyimli, mühafizəçi görkəmli şəxs. Deyəsən, məni qarşılamağa gedirlər. Hərçənd ki, məni tuta bilməkçün ikisi də bəs edərdi. Öz düşüncələrimə gülüb, sürətlə mərkəzə- köşklərin və insanların çox olduğu yerə tələsdim. Qaçmadım, çünki diqqət çəkmək olmazdı. Yaxınlıqdakı piştaxtaya əlimi uzadıb su aldım. Onları diqqətlə izləməyə davam edirdim. Axtarışları uğursuzluqla yekunlaşmışdı. Ətrafa nəzər saldılar. Burada daha artıq vaxt itirməmək üçün uzaqlaşmağa başladım. Və bu an güclü bir əl məni saxladı:
-Dayan.
Reflektiv olaraq əli tutdum və dönərək güclü zərbə endirdim. O isə, özünü ayaqüstə güclə saxladı, incimiş halda dilləndi:
-Sən nə edirsən,- çox gərgin görünürdü- bizi bu dəqiqə öldürərlər! Mənimlə gəl, tez!
-Mən niyə səninlə gəlməliyəm,- soyuqqanlılıqla soruşdum,- ümumiyyətlə, sən kimsən?
-Sən... O deyilsən? -şübhəli şəkildə suala sualla cavab verdi,- səninçün şəxsi maşın göndərəcəyimizi demişdik.
Bu cümlə sanki parol rolunu oynadı. Artıq hər şey aydın idi.
-Hə, mən bir az tərslik etdim. Diqqətsizlik etməsəydim, indi yəqin ki, mənimçün çox pis olardı. Bəzən səhv etmək insanın işinə yarayır,-son cümləni gülərək əlavə etdim.
Artıq burda çox qalmayıb, hansısa ağ rəngli "Toyota"-ya yaxınlaşdıq. Həmin avtobus tərəfə bir daha baxdım. Bir qədər əvvəlki mühafizəçi görkəmli 5-6 nəfər gözə dəymirdi. Görünür, axtarışları nəticəsiz qaldı. Daxilən sevinsəm də, mənim haqda ilkin məlumatı toplaya bilmişdilər. Bu amil əleyhimə olacaqdı.
Maşında daha heç nə haqqında danışmadıq. Yolun nə vaxt bitəcəyini gözlədim. 15-20 dəqiqəyə lazımi ünvana çatdıq. Çemodanımla birgə qarşısında dayandığımız binaya daxil olduq. Həmin oğlan daha mənimlə gəlmədi, "2-ci mərtəbə, sondan 2-ci otaq" sözləri ilə kifayətləndi. Və laqeydliklə sağollaşdı.
Otağın qapısı nəhayət, bir neçə dəfə itələdikdən sonra açıldı. Kresloda oturan şəxs bunu gözləmirmiş kimi, diksinərək yerindən qalxdı:
-Salam,- gözlərindəki suallarla dolu baxışlar məni sıxmağa başladı.
-Salam,- üzümdəki süniliyi nümayiş etdirirmiş kimi gülümsədim,- gördüyünüz kimi, mən sağam. Siz isə məndən öncə başqa şəxslərə zəng vurmalı idiniz. Əvvəlcə telefonlarınızın vəziyyətinə baxılmalıdır.
Həmsöhbətimin üzündəki qızartını hiss etmək çətin olmadı.
-Çox-çox bağışlayın, bilmirəm bu necə oldu. Mənə zəng gəldi və mən artıq fikirləşdim ki sizi...
-Öldürdülər,- əsəbdən sözünü kəsdim,- yox, bu elə də asan deyil. Sadəcə, siz mənimlə işləmək istəyirsinizsə, ən azından bu şəhərdə təhlükəsizliyimə təminat verməlisiniz. Yalnız bu halda, biz nəyəsə nail ola bilərik. Və mənim müştərilərim heç vaxt üzümü görmür, təəssüf ki, belə alındı. Ümid edirəm bu məqamlara diqqət yetirərsiniz.
-Hə, əlbəttə, sizin üçün şəxsi maşın ayrılacaq. Təhlükəsizlik mövzusunda sizə tam təminat verirəm,-üzündə şən bir ifadə yarandı,- indi deyərəm, bizə çay gətirsinlər.
-Ehtiyac yoxdur,- ayağa qalxdım,- siz əsasən dediklərimə diqqət yetirin.
-Bir də,- artıq zəhləmi tökməyə başlayırdı,- xaiş edirəm, bu işi mümkün qədər tez həyata keçirin. Nə yolla olur olsun, bizə bu çox vacibdir. Artıq neçə ildir ki onlar bizim nüfuzumuzu aşağı salır, polis isə hansısa səbəblərdən onları həbs etmir... Nüfuzlu şəxsdir, son dərəcə ehtiyatlı olun.
Cavab verməyib, otaqdan çıxdım və qapını çırpdım. Boşboğaz insanlara nifrət edirəm. Bir az da vaxt versəydim, mənə necə öldürmək lazım olduğunu da başa salacaqdı. Axmaq.
Binanı tərk edib, əsas yola tərəf irəliləməyə başladım. Tək olmadığımı anlamaq çətin olmadı: sağda, məndən 20-25 metr arxada 2 nəfər də hərəkətə başladı. Bu, heç ürəyimcə olmadı. Addımlarımı sürətləndirdikdə, eyni şeyi onlar da etdilər. Deməli, mənimlə elə küçədə haqq-hesab çürütmək? Kifayət qədər ciddi adamlardı.
Səki ilə addımlamağa davam etdim. Dayanacaqda isə 7-8 nəfər dayanmışdı. 2-3 təqaüd yaşına çatmış qoca, 2 yeniyetmə, və ucadan deyib- gülən tələbə qızlar. Dayanacağa məqsədli şəkildə yaxınlaşdım, avtobusa minməyəcəkdim.
Onlar da sürətlə dayanacağa tərəf irəlilədilər. Hələ 5-6 saniyəm vardı. Qızlardan birinə tərəf dönüb astadan soruşdum:
-Saat neçədi?
Qızın və rəfiqələrinin üzündə xoşagəlməz gülüş yarandı.
-Guya bilmirəm niyə yaxınlaşmısan? Sənin kimiləri çox görmüşük.
Bəxtim gətirdi ki, qız həyasız bir tip çıxmadı. Qışqıra, əlindəki çanta ilə məni vurmağa çalışa bilərdi. Əvəzində isə qeyri-səmimi, amma sakit bir tipə rast gəlmişdim. Daha yaxşısı ola bilməzdi. Məni izləyənlər isə təəccüblərini gizlədə bilmədilər. Və dayanıb, bizi izləməyə başladılar. Axı onlar niyə belə axmaqdır? Doğrudan mı təsadüfi dayanacaqdakı birinin mənim tanışım olacağına inanırdılar? İçimdən gələn acı gülüşü gizlətməyə ehtiyac duymadım. Əməlli-başlı əylənirdim.
- Sənə yaxınlaşan hər oğlana belə münasibət göstərirsən? Bəlkə də bu sənin şansındı,- dayanacağın şüşəsindən onların uzaqlaşan kölgəsini izləməkdə idim,- məncə, bu şansı itirmə.
-Günel, gəl, avtobus gəldi,- rəfiqəsi narazılıqla dilləndi.
-Qızlar, siz gedin,- mənə tərəf gülümsədi,-mən bundan sonrakı ilə gələcəm.
Arxayınlıqla gülüb, qıza tərəf döndüm:
-İndi isə mənimlə gəl. Bir az gəzək.
Vaxtsız qonaqlar isə təəccüb içində vəziyyəti izləyirdilər. Çox keçmədi ki, onlar qara rəngli "Mercedes"-ə minib gözdən itdilər.
Günel adlı bu qızı tezliklə özümdən uzaqlaşdırmalı idim.İlk dəfə idi ki bir qızla 2-3 dəqiqədən artıq söhbət edirdim və özümü ,həqiqətən də, axmaq kimi hiss edirdim. O isə suallar yağdırırdı:
-Həyatında neçə qız olub?
-Heç neçə. Mən tək yaşayıram.
-Doğrudan? Heç vaxt inanmazdım, sənin kimi yaraşıqlı...
-Günel, dayan,- sözünü kəsməyə məcbur oldum,- mənim səninlə bağlı heç bir fikrim yoxdur. Səni təsadüfən gördüm və məni izləyənlərdən canımı qurtarmaq üçün..,- həqiqəti deməli idim,-səndən istifadə etməyə məcbur oldum. Məni bağışla.
Sözümü bitirib, skamyadan uzaqlaşdım. Heç geriyə də baxmadım. Təsadüflə bağlı dediklərim özümə heç də xoş gəlmədi. Bir neçə il əvvəl baxdığım cizgi filmlərindən birində belə bir söz eşitmişdim:"Təsadüflər təsadüfi deyil". Amma digər tərəfdən, başqa çıxış yolum da yox idi. Mənə tərəf gələnləri nə iləsə təəccübləndirməsəydim, sonumu yaxınlaşdıracaqdım. Bir də ki, qarşı cinsin nümayəndələrinə qarşı hislərim olmamışdı və olmayacaqdı. Qız isə avtobusa minib evinə getməlidi.
Parkın sol tərəfi ilə uzanan 9 mərtəbəli binanın arxasına keçdim. Artıq qaranlıq düşməyə başlayırdı. Hava soyuq olduğundan, məhlədə heç kim gözə dəymirdi. Bir qədər əvvəl arxamca düşən 2 nəfər haqda düşünməyə başladım. Təhlükəli işə girişmişəm. Əmim bununla bağlı mənə xəbərdarlıq etmişdi. Daxilimdəki eqoist məni hər zaman bildiyimi etməyə məcbur edirdi. Elə siz də beləsiniz. Etiraf edək ki, hər kəs belədir. Xudbin və özündənrazı.
Bir qədər əvvəlki "dostlar" məni silahımı çantada deyil, belimdə gəzdirməyə vadar etdilər. Vəziyyət kritik xarakter alarsa, sevimli "Makarov"-dan istifadə edəcəkdim. Digər istənilən halda evə gedəcəkdim...
Küçədə ölü bir sükut hökm sürürdü. Məhəlləni tərk etməyə hazırlaşırdım. Bir anlıq yol ayırıcından məhləyə girən qara rəngli "Mercedes" məni sanki ayıltdı. Maşın dayanmağa çalışarkən ilk atəşi ön təkərə açdım. Kiminsə qışqırtısı eşidildi. Sürücü böyük sürət səbəbilə idarəetməni saxlaya bilmədi və maşın yoldan çıxaraq nəhəng ağaca çırpıldı. Onlar üçün gözlənilməz vəziyyət yarandı. Bu müddətdə mən artıq "Prado"-nun arxasına keçə bilmişdim. Şokdan ayılanda isə, maşından düşməyə qərar verdilər. Ard-arda iki güllə. Hər ikisi hədəfə. Hərçənd ki, heç birinin öldüyünə tam əmin olmadım, adətən killerlər belə anlarda yoxlama atəşi açırlar. Mənim isə buna vaxtım yox idi. Silahı belimə yerləşdirib, sakitcə hadisə yerindən uzaqlaşmağa başladım:qaçsan, ilk olaraq səndən şübhələnəcəklər. Kapüşonu başıma keçirdim. Qulaqcıqları çıxarıb, şən musiqi dinləməyə qərar verdim. 50-60 metr aralanmışdım ki, qarşıma 2 oğlan çıxdı:
-Sən oradan gəlirsən? Nə olub orda, nə səs-küydü?
-Bağışlayın, xəbərim yoxdu. Mən bu binadan gəlirəm,-əlimlə qarşı tərəfdə tikilmiş 5 mərtəbəli binanı göstərdim,- orada bir şey olmayıb.
Tezliklə məndən uzaqlaşdılar, hadisə yerinə tərəf qaçmağa başladılar. Çoxları bir neçə dəqiqə həyətdə adi qəzanın olduğunu düşünəcəkdilər. Çünki hər şey anidən baş verdi: qəza və qətllər( bəlkə də ölməmişdilər) arasında 6-7 saniyə vaxt məsafəsi oldu. Tapançamda da səsboğucu olduğu üçün şanslı idim:sakitcə aradan çıxa bildim...
...Televiziyada Bakıda bu gün baş vermiş qətl haqqında danışırdılar. Onlardan digəri sağ qala bilmişdi. Lakin ölsə, ondan yaxşı idi. Ömürlük şikəst olacaqdı. Bu haqda danışan həkim kifayət qədər savadsız cümlələrlə fikrini başa vurdu. Həqiqətən də yaralansam, belə həkimin əlinə düşməyi istəməzdim. İlkin danışıq savadı olmayan biri ağır əməliyyatlara görə necə məhsuliyyət daşıya bilər? Televiziyaya çıxanların hamısı axmaqdır.
Axşam yeməyini yeyib, bir qədər yatmaq qərarına gəldim. Çarpayıda uzanıb düşüncələrə daldım. Sabah hər şeyi əmimə danışacaq və bəlkə də bu işdən imtina edəcəkdim. Telefonun səsi diqqətimi yayındırdı. Həvəssiz halda, nömrəyə baxmadan cavab verdim:
-Alo.
Kifayət qədər hədələyici səs eşidildi:
-Sənin üçün pis olacaq oğlan, çox pis...
ŞİMDİ OKUDUĞUN
Eqoist
Mystery / ThrillerHəyatı yalnız qətllər törətməklə aldığı pullardan ibarət olan muzdlu qatil. Əslində hər şey yolunda gedirdi... 23-cü qətlədək. Onun qarşısına ilk dəfə bir qadını öldürmək tapşırığı qoyulmuşdu.