6.

184 15 7
                                    

İnsan hər zaman seçimlərlə üz-üzə dayanır. Əlbəttə ki, heç birini seçməmək və bütün bunlardan baş götürüb qaçmaq daha asandır.Amma təəssüf ki, həyat dayanmağı bağışlamır, sən isə addım atdıqca geriyə düşürsən. 2 səhv seçim qarşısında dayanmaq isə dözülməzdir. İstənilən halda məğlub tərəf olacağını bilirsən. Səhrada günlərlə susuz qalan insanın zəhərli su tapması qədər dəhşətli və sonunun qaranlıq olduğunu təxmin edə bildiyin yola düşmək qədər mənasız. Hələ 29 yaşında ikən, ruhu çoxdan qocalmış bir insanın belə şeylər düşünməsi elə də təəccüblü deyil.
Əmimin bütün təkidinə baxmayaraq, riskli saydığı işi yekunlaşdırdım. Yalnız bir dəfə- hələ işləməkdə olan şəhər telefonlarından biri ilə sifarişçimə zəng vuraraq vəziyyətin nə yerdə olduğunu öyrəndim. Xəstəxanada yatan 2-ci yaralının da öldüyünü bilmək məni xeyli rahatlatdı. Və bir neçə gün fasilə verməklə bir qədər fərqli şəkildə işə başladım. Nəzarətə götürülən maşının sahibi əslində mənim qurbanımın sürücüsü idi. Deyəsən, həmin oğlanlar tələsik qərar vermiş və maşını götürərək məni öldürməyə cəhd etmişdilər. Və ya başqa səbəbdən, onlar sürücüsüz idilər. Sonradan mənə təklif olunan pulun 10%-ni bu sürücüyə təklif etmək kifayət idi ki, uzun illər xidmət göstərdiyi insanları satsın. Qalanı çox asan idi: cənub bölgəsindəki anbarları yoxlamağa gedərkən bossun olduğu maşın qəfildən sürətlənir və anlaşılmaz şəkildə yoldan çıxaraq meşəyə girir. Burda isə onları böyük sürpriz gözləyir. Sürücü istisna olmaqla maşındakı digər 2 şəxs 1 güllə ilə öldürülür. Həmişəki kimi: itkisiz və dəqiq. Sonra isə meyitlər meşənin bilinməyən bir yerinə atılır və insanlar onları görənədək sürücü aradan çıxır, mən isə şəhərə yeni həyata başlamaqçün-ən azı bir müddətlik- qayıdıram.
Artıq bir dəfə içində olduğum evin sahibəsi ilə görüşmüş və saxta pasport üçün lazım olanları ona vermişdim. Bu qərara gələnədək isə xeyli fikirləşmişdim. Bir qadını ilk dəfə idi ki öldürəcəkdim və bu, deyəsən, göründüyü qədər asan deyildi.
Əmimə bütün bunları danışanda üzündə heç vaxt olmadığı qədər ciddi bir kədər yarandı. Nələrisə demək, qışqırmaq istədiyi aşkar idi. Bir tərəfdən narkobiznesmeni öldürdüyümçün, digər tərəfdən, başqa biri olaraq cəmi 2 həftədən sonra eyni evə getməyə, hətta yaxınlığında yaşamağa razı olduğum üçün. Bəlkə də bilmədiyim bir səbəbdən... Amma o susdu. Ya məndən nəyisə gizlətməyə çalışdığı üçün, ya da məni artıq olduğum kimi qəbul etdiyi üçün. Onunla sağollaşanda mənə bircə sual verdi:
-O gözəldir?
-Bunun məsələyə nə dəxli var?
Bir dəqiqəyə yaxın davam edən sükutdan sonra o, sakitcə dedi:
- Bu dəfə sən tətiyi həmişəkindən daha asan çəkə bilərsən, amma bu belə olmayacaq. Konsentrasiyanı itirsən, bil ki artıq heç kimi öldürə bilməyəcəksən.
Axrıncı cümlələr mənim əsəbiləşməyimə və qapını çırpıb çıxmağıma səbəb oldu.Binadan hansı sürətlə çıxdığımı özüm də hiss etmədim. Bu nə deməkdir? Mənim heç bir zəifliyim ola bilməzdi. Və olmayacaqdı. Mən qatiləm. Soyuqqanlı qatil. Bu iş mənim sonuncu işim olmayacaq, bunu bilirəm...
...Mənim üçün kirayələnmiş evə gələnədək içimdə qəribə bir sıxıntı var idi. İzahını verə bilmədiyim bu sıxıntı yol boyu məni izlədi. Güzgüdə özümə baxdım. Gözlərim kifayət qədər yorğun idi və sanki çuxura düşmüşdü. Saçlarımı ilk dəfə bu qədər səliqəli daradığım üçün özümə təəccüblü nəzərlərlə baxdım. Və mən çox nadir hallarda olduğu kimi bu gün ağ-qara geyinməmişdim.
Sürücünün çatdığımızı deməsindən sonra pulu ödəyib, çantanı çiynimə atdım və maşından çıxdım.
Burda isə məni köhnə-yeni sifarişçim-Sevinc xanım gözləyirdi. Və təbii ki, evdə olduğunu bildiyim portreti divardan asılan qız-Bahar.
Diqqətlə baş verənləri izləyirdi. Analığının qohumlarının əksəriyyətini tanıyırdı. Buna görə də, yeni qonaq ona kifayət qədər şübhəli gəlirdi. Sanki gizlənirmiş kimi, taksidən düşən ucaboy oğlanın ögey anası ilə birgə həyətə girməsini izlədi. Və anladı ki, heç olmasa formallıq xatirinə çölə çıxmalıdır. Paltarına və saçına bir neçə saniyəlik əl gəzdirib, çölə çıxdı.
Analığı qohumu ilə yaşlı tut ağacının altında nə haqdasa söhbət edirdi. Yenicə başladığı hiss olunan yağış bütün əhvalını korladı. Yağışı heç vaxt sevməzdi. Sifətini turşutdu. Birdən anladı ki, artıq onların yanına çatıb.
-Tamam yadımdan çıxmışdı,- analığı kifayət qədər süni səs tonu ilə danışmağa başladı,-bu mənim qızım Bahardır. Bu da Kənan,- eyni tərzdə oğlanı göstərdi.
-Xoş gəlmisiniz,- Bahar da eyni cür süni gülüşlə əlini uzatdı.
-Çox sağ olun,- adının Kənan olduğunu yenicə öyrəndiyi oğlan kifayət qədər soyuq və laqeyd tərzdə cavab verdi.
Vecsiz idi.Heç olmasa, süni şəkildə də olsa, gülmək olardı. Digər tərəfdən də düşündü ki, onsuz da onunla kifayət qədər ünsiyyət qurmayacaq. Heç bir süniliyə gərək yoxdur.
Pəncərədən necə maraqla baxdığını və gizləndiyini sezmişdim. Təbii ki, məni tanımırdı və onun üçün sirli qutu təsiri bağışlayırdım. Ev sahibəsi isə nə haqdasa danışır və dayanmaq istəmirdi. Onu tam görə bilmədiyimdən, evdən çıxarkən bir neçə saniyəlik onu izləməyə vaxt tapdım. Qüsursuz bədən quruluşu, orta boy, xeyli uzun qızılı saçlar... Xırda addımlarla, nəyəsə deyinərək bizə tərəf gəlirdi.
-Bu da Kənan-, saxta adıma öyrəşmədiyim üçün fikirdən gec ayıldım. Qarşımda mənə tərəf uzanmış bir əl və saxta şəkildə gülümsəyən üz ifadəsi var idi. Mən isə səmimiyyətin yersiz olduğunu düşündüm.
-Çox sağ olun,- dediyim bu cümlədən sonra üzündə yaranan təəccüb qarışıq uşaqlara məxsus narazılığı görməyə dəyərdi. Mən isə artıq üzümü çevirmişdim.
-Buyurun, içəri keçin,- bütün əsəbini gizlədərək nəzakətlə təklif etdi,- hava elə də yaxşı deyil.
-Sən keç, biz də gəlirik,- Bahar getdikdən sonra anası söhbətin məğzini dəyişdi,- mümkün qədər tez bitirməlisən. Vaxt itirmək istəmirəm. Mən bu günləri neçə vaxtdı ki, gözləyirəm. Bir də çaşmamağa çalış, adın Kənandır. Bir müddət belə də qalacaq.
-Başa düşdüm,- dodağımın altında mızıldanaraq cavab verdim,- mən evə baş çəkim, gəlirəm.
Və oradan bir neçə dəqiqəlik uzaqlaşdım. Hər halda, daha yaxşı ad tapmaq olardı. Məni isə daha çox Baharla necə davranacağım düşündürürdü. Əmimin dedikləri... Doğru ola bilərdimi? Qadını öldürmək doğrudanmı çətindi? Müdafiəsiz, gücsüz... Hər şey sadə olacaqdı. Sadəcə, ürəyimi sıxan bir şey var idi. Artıq bu oyuna girdiyim üçün peşman olmuşdum.
Bu qohum haradan çıxdı? Hər şey çox şübhəlidi. Əslində yaraşıqlı idi. Amma həddən artıq özünəəmin görünürdü. Üzündə anlam verə bilmədiyi laqeyd gülüş var idi. Bir insan onunla ilk görüşündə mənfi təəssürat yaradırdısa, o, yaxşı insan ola bilməzdi. Buna əmin idi.
-İndi Kənan gələcək. Uzun yol gəlib, yorğundu. Çay hazırla,- Sevincin xoşagəlməz səsi eşidildi. Ona heç vaxt anası gözü ilə baxmamışdı və buna görə də "ana" deyə müraciət etmirdi. Adı ilə də çağırmırdı. Ümumiyyətlə, anası öldükdən sonra atasının belə tez evlənməsini hardasa başa düşə bilirdi. Amma onu bağışlaya bilmirdi. Bu qadın, Baharın fikrincə atasının ən böyük səhvi idi. Onunla var-dövlətinə görə evləndiyi aşkar idi. İndi atası artıq yox idi. Və deməli, onu bu qadınla birləşdirən heç nə qalmamışdı. Universiteti bitirib, xaricə getmək istəyirdi. Bütün dərdləri özündən geridə qoymaq və xoşbəxtlik gətirməyən bu şəhəri tərk etmək...
Qapı açıldı və o, içəri girdi. Əməlli-başlı hündür idi: qapıdan əyilib keçəcəkdi. Tezliklə anladı ki, bir az şişirdir. Amma boyu 1.85-dən yuxarı idi.
-Bir daha salam,-Kənan rahat şəkildə içəri keçdi və oturdu. Pultu əlinə alıb televizorun kanallarını çevirməyə başladı.
Təəccüblənməmək olmazdı. Bu necə davranışdı? Özünü evin sahibi kimi aparırdı və guya evdə ondan başqa heç kim yox idi. Deyəsən, onunla problemləri olacaqdı. Hələ bir neçə dəqiqə idi ki onu görməyə başlamışdı və içində bir narahatlıq var idi. Buradan nə qədər tez getsə, bir o qədər yaxşıdır,-deyə düşündü.
Bahar buna əhəmiyyət verməyib, çay gətirməyə getdi. Bunu nəzakət xatirinə edəcəkdi. Onunla mümkün qədər az ünsiyyət qurub, tez sağollaşacaqdı.
İndi analığı ilə Kənan çox səmimi şəkildə nə haqdasa söhbət edirdilər.
Çayı gətirib kreslonun qarşısındakı stolun üstünə qoydu. Özü də hiss elədi ki,fincanı bir qədər yaxına qoyub. Xəbərdarlıq etmək istəyəndə Kənan çevrildi və qaynar çayla dolu fincanı üstünə aşırdı.
Bu, sanki hər şeyin başlanğıcı idi.
Onun qışqırmasını, ayağa qalxıb əsəbi şəkildə nələrsə deməyini gözləyirdi. Nə etsə haqlı idi çünki çox böyük diqqətsizlik etmişdi. Və düşünürdü ki, bu diqqətsizlik ona qarşı olan vecsizlikdən irəli gəlir. Yenə də ürəyində özünə çox əsəbləşdi.
-Bir az ehtiyatlı ola bilmirsən?Onun əlini yandırdın! Tez bir şey gətir..,- bu, Sevincin səsi idi. Həqiqətən də çox əsəbiləşmişdi. Amma ona daha maraqlı gələn Kənanın reaksiyası idi. O isə heç bir səs çıxarmadı. Sifətini turşutdu və sakitcə ayağa qalxıb, otaqdan çıxdı. Bahar tərəfə heç baxmadı da.
Otağın qapısını örtdüm və qışqıra biləcəyim yerə qaçmaq istədim. Amma iş-işdən keçmişdi-sol əlimə dağılan çay artıq soyumuşdu və əlimin dərisi əməlli-başlı qızarmışdı. Həmin an özümü qışqırmaqdan necə saxladığımı hələ də anlaya bilmirəm. Bəlkə də çay elə də qaynar deyildi. Otaqdan məqsədsiz şəkildə çıxmışdım, amma həddindən artıq əsəbi idim. O, deyəsən mənim ən amansızlıqla öldürəcəyim qurbanım olacaqdı. Bir qədər gözləyib, otağa qayıtdım.
Qapını açıb, başıaşağı şəkildə içəri girdim. Bir neçə addımdan sonra anladım ki, o artıq qarşımdadı.
-Mən... Bilirsiz, mən istəməzdim belə olsun, diqqətsizlik etdim. Üzr istəyirəm.
Üzr? Qəribədi. Mənə elə gəldi ki, həyatım boyu məndən heç kim üzr istəməyib. Və ya onların heç biri bu qədər gözəl olmayıb. Gözlərini aşağı dikmişdi və kifayət qədər qəmgin görünürdü. Peşman olduğu dəqiq idi. Amma yenə də əsəbim keçməmişdi və heç bir halda yumşalmayacaqdım.
-Üzrlər heç nə vermir,- hiss elədim ki, cavab istədiyimdən də kobud alındı.
-Amma istənilməyən üzrlər çox şey alır.
Deyəsən, özünü çox ağıllı sayırdı. Üzünə baxanda yenə həmin kədərli ifadəni gördüm. Bu cavabı verməkdə hər hansı məqsədi yox idi, amma mənə kifayət qədər təsir etmişdi. Heç vaxt üzr istəməzdim və bu üzrlərin məni nələrdən məhrum etdiyini bilirdim.
Əlimin ağrımaması üçün əlindən gələni edirdi. Hər halda elə də çox ağrımasa da, ilk günün xoş olmayan təsadüflə yadda qalmağını istəməzdim.
...-Kənan, heç özün haqqında danışmırsan, mən də çoxdandır səni görmürəm. Danış görək nə işlə məşğulsan, nə edirsən- bir neçə dəqiqə sonra Sevincin xoşagəlməz səsi yenidən eşidildi. Baharın da sual dolu baxışlarını hiss edəndə, özüm haqda saxta cümlələrlə dolu qısa məlumat verməyə başladım.
-Mən... İncəsənət universitetini keçən il bitirmişəm və hal-hazırda heç bir işlə məşğul deyiləm. Yalnız sərbəst rəssamlıq istisna olmaqla. Bilirsiz, atam vaxtı ilə çox varlı insan olduğu üçün mənim demək olar ki, heç nəyə ehtiyacım yoxdur. Yalnız məni tanıyan kiçik insan dairəsi tərəfindən bəzi sifarişlər alıram, hansıları ki onların tanışları verir. Başqa mən bilmirəm ki siz nə haqda bilmək istəyirsiniz,- güclə bitirdiyim cümlənin sonunda gülümsəməyə çalışdım,- və bildiyimə görə ailəniz yaxın günlərdə ağır itki ilə qarşılaşmalı olub. Başsağlığımı qəbul edin.
-Bilirsən, Kənan, bizə elə çətindir ki..,- Sevinc özünəməxsus tərzdə vurğuladı,- onun yoxluğunu heç cür qəbul edə bilmirəm. Düşünürəm ki, Bahar da olmasa, mən dəli olardım.
Həmin an bu qadına "Oscar" mükafatını təqdim etmək şansım olsa idi bunu məmnuniyyətlə edərdim, amma indi daha vacibi gülməməyə çalışmaq idi.
-Onu öldürmüşdülər?- özümü maraqlanırmış kimi göstərməyə məcbur idim.
-Ürəyindən güllələnmişdi,- bu dəfə də danışan Sevinc oldu.
-Ümid edirəm ki o, tapılacaq.
-Əlbəttə, o alçağı tapacaqlar,- bayaqdan sakitcə bizi dinləyən Bahar nəhayət ki, ilk cümləsini işlətdi. Bu qız özü də bilmədən ölümünü yaxınlaşdırmaqla məşğul idi.
-Mən şəxsən öz əllərimlə onu öldürərdim,- sözünə böyük hirslə, amma eyni sakitliklə davam etdi,- amma düşünürəm ki, bəzi insanlar ölümə belə layiq deyillər. Onlar ömürlərinin sonunacan çürüsələr yaxşıdır.
Sevincin özünü gülməkdən güclə saxladığını hiss edirdim. Demək olar ilk dəfə idi ki, əsəbimlə bu cür sınağa çəkilirdim.
Saata baxdım. Kriminal hadisələrlə bağlı proqramların vaxtı yetişməkdə idi.
Pultu əlimə alıb, kanalları çevirməyə başladım. Yenə eyni mənzərənin şahidi idik: müxtəlif kanallarda məqsədi bilinməyən şou proqramlar yayınlanırdı və efirdə hər kəs xoşbəxt görünürdü.
-Mən bildiyim qədərilə son günlərdə hansısa qatil haqqında kifayət qədər maraqlı şayiələr gəzir,- kanalları çevirərək vurğuladım,- guya müxtəlif bölgələrdə eyni silahla neçə şəxs öldürülüb və hər biri nüfuzlu adamlardır.
-Siz bizim ölkədə peşəkar killerin olduğuna doğrudanmı inanırsınız?- Bahar hansısa kitabı vərəqləyərək bildirdi,- mən şəxsən belə bir şeyə inanmıram.
Mən isə artıq neçənci dəfə idi ki, onu cavabsız qoyurdum.
Nəhayət ki, televiziyada istədiyim proqram başladı və biz qatil haqqında ətraflı məlumatı dinlədik. "Onu artıq Azərbaycanın hər yerində axtarırlar" cümləsi isə məni əməlli-başlı qürurlandırdı. Həmin qatil qurbanlarının birinin evində sakit şəkildə televizora baxır və ikinci qurbanını öldürməyə hazırlaşırdı.
Bahara tərəf gözucu baxdım. Atasının ölümündən hələ də əzab çəkdiyi hiss olunurdu. Tezliklə onu bu əzabdan qurtarmaq lazım idi, təbii ki, öldürməklə.
Gözləri isə bir qədər fərqli baxırdı. Mənə tərəf baxdığını görəndə isə anladım ki, bayaqdan onu izləyirəm.
"Deyirsiniz ki, rəssamsınız"-bu cümlə də çox güman ki, bir neçə saniyə öncə deyilmişdi və cavabını gözləyirdi.
Bu nə idi belə?! Ona baxarkən fikirlərə dalmaq? Özümü boşluğa atılmış kimi hiss edirdim.
-Deyəsən, çox fikirlisiniz,- sual dolu baxışlarla mənə baxırdı və mən təbii ki, cavab verməyi unutmuşdum.
-Mənə "siz" deyə müraciət etməyə gərək yoxdu,- nəhayət ki bir cümlə tapa bildim,- hə, rəssamam. Amma indi getməliyəm, yəqin ki üzrlü hesab edərsən.
Otağa yenidən daxil olan Sevincin təəccüblü baxışlarına əhəmiyyət vermədən sürətlə otaqdan çıxdım və pilləkənləri düşməyə başladım.
Artıq yolu keçməyə başladığımı isə uzun siqnal səsindən sonra anladım. "Audi" markalı maşının sürücüsü maşından düşərək nələrsə deməyə başladı.
-Yolları bu cür keçməyə davam etsən, kimisə bədbəxt edəcəksən.
-Amma bu, sən deyilsən,- eyni soyuqluqla cavab verərək arxaya baxmadan evə tərəf irəliləməyə başladım.
Çönüb geriyə baxdım. "Audi" hələ də orada idi. Onların evinin qarşısında. Mübahisə etməkdən qaçdığım oğlan demək ki, qonaqları idi. Bəs bu kim idi belə? Axı Sevinc mənə Baharın kiminləsə münasibətdə olduğunu deməmişdi. Əgər belə bir şey var idisə, problemim olacaqdı. Onu öldürmək çətinləşəcəkdi.
Amma istənilən halda, artıq ilk gündən bu iş ürəyimi sıxmağa başlamışdı. Deyəsən, həyat yenə də hər kəs üçün sürprizlər hazırlamışdı və bu, hələ hər şeyin başlanğıcı idi.

EqoistHikayelerin yaşadığı yer. Şimdi keşfedin