Yataqxana uzun və ensiz bir bina idi. Divarlar azacıq ağardılmış,döşəmə rənglənməmişdi. Yataqxananın üç pəncərəsi, bir enli qapısı, səkkiz ensiz çarpayısı var idi ki, bunların beşinin üstünə yorğan örtülmüş, üçünə isə yorğan örtülməmişdi. Hər çarpayının yanına yeşikdən düzəldilmiş şkaf qoyulmuşdu. Bu şkaflardan sabun, diş tozu, üz qırxmaq alətlərini qoymaq üçün istifadə etmək olardı. Şkafa bəzi dərmanlar, daraq və s. şeylər də qoymaq olardı. Otağın küncünə bir pilətə, ortasında isə böyük bir stol qoyulmuşdu. Stolun üstündə kart, ətrafında isə oyunçuların oturması üçün yeşiklər düzülmüşdü.
Səhər saat on idi. Günəşin səhər şəfəqləri otağa düşürdü. Taxtadan düzəldilmiş iri qapı qəfil açıldı. İçəri ucaboy, enliküək qoca bir kişi daxil oldu. O, mavi rəngə çalan cins şalvar geyinmişdi, sol əlində isə böyük bir süpürgə tutmuşdu. Onun arxasınca Corc, ondan arxada isə Lenni içəri daxil oldular.
- Sahib sizi keçən gecə gözləyirdi, - deyə qoca dilləndi. Sonra isə onlar üçün hazırlanmış çarpayıları göstərdi. Corc döşəyin olub-olmadığını müəyyən etmək üçün yorğanı qaldırdı. Onun çarpayısının yanına qoyulmuş şkafın ağzını açıb baxdıqda orada balaca,
sarı rəngli zibilqabı gördü. O, zibilqabını götürərək soruşdu.
- Bu nə olan şeydir?
- Mən bilmirəm, - qoca cavab verdi və zibilqabını götürmək üçün əyildi, - necə deyim, sizdən əvvəlki yaxşı və təmizkar oğlan idi. O həmişə əllərini yemək yeyəndən sonra da yuyardı.
Get-gedə acıqlanan Corc Lenniyə öz çantasını qonşu çarpayının üstünə qoymağı və oturmağı işarə etdi. Lenni mat qalmış kimi Corca baxırdı. Qoca sözünə davam edərək dedi:
- Sizə nə deyim... Onun adı Vitey idi. O yemək yeyərkən stolun üstünə bircə damcı da olsa ləkə salmazdı. Bir sözlə, demək istəyirəm ki, o, təmizlik sevən oğlan idi. O, elə indicə getdi.
- Mən siz deyənləri görməmişəm. Bir də deyirsiniz ki, o indicə getdi? Corc soruşdu.
- Bəli ... o indicə getdi, - deyə qoca cavab verdi.
Corcun az da olsa hirsi soyudu. O, çantasının ağzını açıb şkafa qoyulası şeyləri-üzqırxanı, sabunu, dərman dolu butulkanı, kremi və toqqasını şkafın içərisinə qoydu. Lenni də onun kimi etdi. Kənarda dayanmış qoca dedi:
- Məncə, sahib bir neçə dəqiqədən sonra bura gələcək. O, sizi çox gözləyib. Biz səhər yeməyi yeyərkən içəri girib sizi soruşdu və yerlərinizi göstərdi.
- Sahib necə adamdır? – Corc soruşdu.
- O, yaxşı yoldaşdır. Hərdən bir acıqlanmağı var, amma ümumiyyətlə, pis adam deyil.
Elə ki, Milad bayramı gəlir, böyük bir şüşədə viski gətirib deyir:
- Hə için uşaqlar, Milad ildə bir dəfə olur.
- Necə yəni yekə bir qabda?! Corc heyrətləndi.
- Bəli, cənab – deyə qoca sözünü tamamladı.
Lenni çarpayısını yığışdırıb qurtarmışdı ki, qapı açıldı və içəri bəstəboy bir adam daxil oldu. O, mavi rəngli cins şalvar, qara və yaxası düymələnməmiş palto geyinmişdi. Onun görkəmindən hiss olunurdu ki, əməksevər adam deyil. Qoca xidmətçi cəld ona baxıb, oğlanların gəldiyini bildirdi və çıxıb getdi. Sahib kiçik və cəld addımlarla irəlilədi və soruşdu:
- İş üçün kağızlarınızı gətirmisinizmi?
Corc cibindən iş kağızlarını çıxarıb sahibə verdi. Sahib gözlərini süzərək soruşdu:
ŞİMDİ OKUDUĞUN
İNSANLAR VƏKƏSƏYƏNLƏR
RandomİNSANLAR VƏ KƏSƏYƏNLƏR (ingilis dilindən tərcümə edən Mirsadiq Mircəfər oğlu Cəfərov)