Kinoşünas

230 13 1
                                    

O, 28 Mall-da işləyirdi... 28 Mall-un tualetində. Əl-üz yuyanın qırağına sıçrayan suları qurudur, yeri silir, hər ağır işdən sonra kabinkaları, unitazları təmizləyirdi. Yaşı 30-u keçmiş, universiteti bitirib, əsgərliyə çoxdan gedib gəlmişdi. Əsgərlikdə heç kəs ona tualet təmizlədə bilməmiş, buna görə neçə gün dalbadal döyülmüş, amma yenə də təmizləməmişdi. Əsgərlikdən sonra evləndi. Kənddə yaşayan dayısının çirkin qızı ilə. İstəmədən..
Dövlət imtahanında ən axırıncı yazdığı yerə düşmüşdü - Kinoşünaslıq fakultəsinə. Əvvəllər buna heç sevinməmişdi, çünki hüquqşünas olmaq arzusu var idi, amma vaxt keçdikcə öz ixtisasını sevdi, kinolara baxdı, Pazzolinini, Berqmanı, Tarkovskini, Kusturiçanı, Fellinini, Seyidbəylini, Ocağovu tanıdı, kinodan başı çıxmağa başladı, xarici kinolara resenziyalar yazdı, əsgərlikdən sonra müxtəlif saytlarda işlədi, amma Azərbaycanda elə bir kino çəkilmədi ki, onun haqqında nəsə yazmaq olsun, saytlar şou biznes xəbərlərinə keçdi və bir gün o, işsiz qaldı. Onda özü ssenari yazmaq qərarına gəldi, kinonu xilas etmək lazım idi, bir neçə cızma qara elədi, axırda bir ssenari yazdı, arvadına oxudu, o, heç nə başa düşmədi, sonra prodüsserlərə oxudu, onlar da heç nə başa düşmədi, ssenarini atdı evə, bir də heç kəsə oxumadı. Uzun müddət işsiz qaldı, borcu məhlədəki dükanın nisyə dəftərinin 3 səhifəsini tuturdu, bütün yaxın bildiyin adamlara artıq borclu idi, uşaq böyüyürdü, xərcləri özündən iki dəfə tez, arvadı artıq deyinməyə başlamışdı, o, isə hey iş axtarırdı, amma öz ixtisasına görə heç yerdə iş tapa bilmirdi. Arvadı onun nə işlə məşğul olduğunu heç cürə başa düşə, o isə heç cür izah edə bilmirdi. Başa salırdı ki, onun işi çəkilən kinolar haqda fikir yazmaqdır, yəni kino yaxşı çəkilib ya yox, ssenarist harda yalan danışıb, rejissor nəyi çatdıra bilməyib, aktyor harda düzgün oynamayıb, arvadı yenə başa düşmürdü, onda o, bir yerdə bir kinoya baxmaq qərarına gəldi, "Bir zamanlar Anadoluda"-ya baxdılar, arvadı kinonun yarısında yatdı, oyanandan sonra dedi ki, darıxdırıcı kino idi, onda o, soruşdu ki, arvadının hansı aktyordan xoşu gəlir, o da cavab verdi ki, Özcan Deniz və onlar bir də kino haqda heç nə danışmadılar. Həmin gündən işi daha ciddi axtarmağa başladı, bir çox yerlərə getdi, axırda onun 28 Mall-da secuirity işləyən qohumu onu bu işi təklif elədi və dedi ki, hələlik işlə, sonra bir şey fikirləşərik. Əvvəl çox tərəddüd elədi, amma sonra fikirləşdi ki, kişi pul qazanar və özünü burda işləyənlərdən artıq bilməyib bir gün işə başladı. Əvvəl-əvvəl çox utanırdı, amma sonra başını aşağı salıb sakitcə işini görməyə başladı. 3-cü mərtəbədəki gürcü restoranında onunla eyni vaxtda, amma rejissorluq fakultəsində oxuyan institutut yoldaşını gördü, ofisiant işləyirdi, yaxşı tapışdılar, hər fasilədə, yeməkdə görüşüb kino, bu dəfəki Oscarın layiqli kinoya verilib verilmədiyi haqda söhbət edərdilər, rejissor həmişə onun işlədiyi mərtəbədəki tualetə gələrdi, burda da biri kabinkada, biri bayırda dayanıb hansısa təzə çıxmış kinonu muzakirə edərdilər, sonra rejissor işinin dalınca gedər, bu da onun ardınca kabinkanı təmizləyə təmizləyə fikirləşərdi ki, onsuz da kinoşünasın işi elə çox vaxt tanış rejissorun "pox-püsür"-ünün üstünü ört-basdır eləməkdən ibarətdir.
Bugün də tualetdə adam çox idi, çünki birinci mərtəbədə yerləşirdi, bura adətən Mall-a ancaq fiziki tələbatlarını ödəmək üçün gələnlər gəlirdi, çoxu da dar şalvarlı, "bitloman" saş düzümlü, o, əl-üz yuyanın qırağını təmizləyə-təmizləyə onlara baxıb, fikirləşirdi ki, bunlara baxıb yaxşı karikatura çəkmək olar.
Birdən tanış səs eşitdi. Get gedə yaxınlaşırdı. Bu səs qalınlaşmışdı, bir az xırıldayırdı, rus dilində danışırdı, amma tanış idi. Biz insanların iyini və səsini heç vaxt unutmuruq, istədiyimiz vaxt gözümüzü yumub, istədiyimiz insanın səsini eşidə bilərik. Başını qaldırıb baxdı. Rəşid!!! Uşaq vaxtı onunla "salka-salka" oynayan, futbolda pas verməyən, əncir ağacına çıxan, gizlicə pornuxaya baxan, samokat sürdüyü, PlayStation 1-də həmişə udduğu Rəşid. Uşaqlıq dostu! Rəşid ona göz ucu baxıb, yanından keçmək istədi, sonra dayandı, bir də baxdı, ağzı açıldı, heç telefonunda əlaqəni də kəsmədən, ruslara məxsus tərzdə qışqırmağa başladı:
- Ooooooooyyyyy!!! Temuuuurrrr!

Onlar qucaqlaşdılar, öpüşdülər, ayrıldılar, yenə öpüşdülər, elə bil heç Bakıda yox, Saturnda üz-üzə gəlmişdilər.

- Сколько лет, сколько зим. Negesən? Farida xalaqil negədir? Evlənməmisən?
- Bir oğlum var. Hamı yaxşıdır. Sizinkilər neynir? - Teymur artıq düzgün vaxtda, düzgün yerdə görüşmədiklərini başa düşmüşdü. Əynindəki paltarı bacardıqca gizlətməyə çalışırdı. Rəşid isə elə bil heç onun paltarını görmürdü.
- Hamı yaxşıdır! Keçən il məxləyə qəlmişdim, hamıdan soruşdum, nu ni kto bilmədi yerinizi. Səni mən nə vaxtdan axtarıram. Haralardasan? Nə iş qörürsən?
Teymur tər basdı. Soyuq tər. Ömründə üçüncü dəfə idi ki, belə utanırdı. Qızardı, öz-özünə fikirləşdi "doğurdan görəsən dostu onun əyinindəki paltarı görmür?!", amma üz vurmadı və dedi ki:
- Yazıçıyam.
Rəşid gözlərini bərəltdi, ürəkdən güldü:
- Sən elə uşaqlığdan həmişə istoriyalar uydururdun. Yaduva gəlir İvan Durak? Hahahaha.. Hər gün təzə priklyucheniyasını danışırdın, mən də elə bilirdim doğurdan olub. Sonra bir gün dedin ki, onun başını kəsirlər, amma ölmür, şrupnan başını yenə yerinə bağlayır, onda bildim ki, gopa basırsan. İndi nə uydurursan bəs??
Deyəsən Rəşid doğurdan da dostunun əynində olan tünd bənövşəyi paltarın niyə geyinildiyini bilmirdi. Teymur davam elədi ki, o, "Azərbaycanlılar Marsda" adlı kitab yazır, kitabın adını da, əhvalatı da indicə uydurmağa başladı. Guya Marsa ilk dəfə olaraq iki Azərbaycanlı kosmonavtı göndərirlər, onlar gedib görürlər ki, orada əməlli başlı həyat var, bir Marslı ailədə qonaq qalmağa başlayırlar, işıq sayağacına "barmaq eləməyi" öyrədirlər, Rəşid dayanmadan, hər şeyə, hətta gülməli olmayan yerlərə də gülürdü, Teymur isə daha da qızışıb, dayanmadan uydururdu, nə bilim Marslının qızı bizim oğlandan hamilə qalır, o biri kosmonavt Marslıyla nərd oynayıb onu mars eləyir, Marslılara Ləzginka oynamağı öyrədirlər, Rəşid bir anlıq mavi rəngli, iri qara gözlü məxluqların ləzginka oynamağını gözünün qabağına gətirib, lap qaqqanaq çəkdi, güldü, güldü və... ağlamağa başladı. Hönkür-hönkür, uşaq vaxtı ikinci mərtbədən yıxılıb, qolunu qıranda ağladığı kimi yana-yana ağladı. Artıq bu oyunu davam elətdirə bilmirdi. Dostunu bərk-bərk qucaqladı, öpdü, təzdən qucaqladı. Ona diqqətlə baxmağa başladı - Teymurun saçlarına artıq dən düşmüş, bir az qarnı çıxmış və elə bil vaxtından əvvəl qocalmışdı. Rəşid uşaqlıq dostunun niyə burada işlədiyini heç cür anlaya bilmir, heç kəsdən utanmadan, bərkdən ağlayırdı. Teymur isə heç nə demirdi. Sadəcə sakitcə başını aşağı salıb, dayanmışdı. Rəşidə zəng gəldi, həyat yoldaşı idi, "Zara"-dan çıxmışdı onu gözləyirdi. Rəşid:
- Mən Nadiyanı evə qoyub qayıdıram. Əynivi dəyiş, məni burda qözlə! - dedi (istəmirdi ki, həyat yoldaşı onun dostunu bu vəziyyətdə görsün) və gözlərini silə-silə getdi. Teymur bir neçə dəqiqə də tərpənmədən dayandı, heç başını da qaldırmamışdı, içəridə olan bir neçə nəfər əllərini yuya-yuya güzgüdən ona baxırdılar. Sonra soyunub-geyinmə otağına getdi, əynini dəyişdi, telefonunu söndürdü, heç kəsə heç nə demədən, işdən çıxdı. Axşama kimi küçələrdə gəzdi, parklarda oturdu, bütün həyatını, elədiyi səhvləri, eləmədiyi düzləri götür-qoy elədi, dostu, öz ailəsi, sənəti haqda fikirləşdi və getdi evə. Arvadına işdən çıxdığı haqda heç nə demədi, fikirləşdi ki, Özcan Denizi ən yaxşı aktyor sayan həyat yoldaşı bunu başa düşməz. Gecə yatanda yenə bugünkü görüşü an ba an yadına saldı, yenə qızardı, utandı, yenə tər basdı onu. Heç vaxt utanmadığı dostundan indi çox utanırdı.
Səhər həmişəki vaxtda oyandı, iş adıyla evdən çıxıb yenə küçələrdə gəzdi, telefonun söndürdü ki, birdən Rəşid köhnə iş yerindən onun nömrəsini öyrənib, zəng eləyər, parklarda oturub, iş vaxtını bitməsini gözlədi. Bir neçə gündən sonra yadına düşdü ki, evə pul aparmaq lazımdır, başladı iş axtarmağa. Axtara-axtara başa düşdü ki, çox çətin vaxtda işdən çıxıb, hər yerdən "sizə zəng eləyəcəyik" cavabını ala-ala axırda "Xalqlar dostluğu" metrosunu yanındakı körpünün altına gəlib çıxdı. Burada 30-a yaxın adam dayanıb, yoldan keçən insan və maşınlara ümidlə baxır, onlara baxan hər kəsin üstünə gedirdilər. Teymur bir qıraqda dayandı, onun nə əlavə paltarı, nə alətləri, nə də ağır iş görmək üçün gücü var idi. Birdən tanış səs eşitdi. Bədənindən gizilti keçdi, asta-asta səs gələn tərəfə döndü, köks ötürdü. Rəşid deyildi. Onu çağıran onunla eyni Universitetdə, amma Teatrşünaslıq fakultəsində oxuyan, indi isə burada fəhlə paltarında dayanmış Vüsal idi.

14.01.2016

HekayələrМесто, где живут истории. Откройте их для себя