"İnsanlar pulu niyə düzəldib görəsən?! Bu nəyə lazim idi? Ömrün boyu dayanmadan işləyirsən, nə var-nə yox axırda sənə rəngli kağızlar versinlər ki, sonra sən də bu rəngli kağızları aparıb, başqa adamlara verib, onlardan yemək, paltar ve başqa şeylər alasan. Çox mənasız bir şey! Bütün bir insan həyatı hansısa rəngli kağızlarla həll olunur. Pul olmasaydı nə itirərdik ki?! Ən azından insanlar pula görə oğurlamaz, öldürməz, təbəqələrə bölünməz, dilənməz, ən əsası isə müharibələr olmazdı. Düzdür həyatı pulsuz təsəvvür etmək çətindir. Amma mümkündür. Bu vicdan məsələsidir. Hamının vicdanı olsa, pulsuz da yaşamaq olar. Əgər çorəkçi çörəyi ona görə bişirsə ki, çəkməçi ac qalmasın, çəkməçi ayaqqabını ona görə tiksə ki, dülgər ayaqyalın gəzməsin, dülgər stulu ona görə düzəltsə ki, dərzi rahat oturub, tiksin, dərzi ona görə tiksə ki, həkim çılpaq qalmasın, həkim də ona görə sağaltsa ki, hamı sağlam olsun, bax onda pulsuz da yaşamaq olar. Əgər mən prezident olsaydım, öz ölkəmdə bütün pulları bir yerə yığıb, yandırardım. Əgər mən prezident olsaydım ..."
"Hesabınzdakı məbləğ 0.73 AZN" yazılmış bankomat monitorunun qabağında 15 dəqiqədir ki, dayanıb mənalı mənalı bu yazıya baxan Azər axırı ki, özünə gəlib, başa düşdü ki, öz-özüylə danışır. Doğrusu o, bilirdi ki, bankomat monitorunda bu yazını oxuyacaq - çünki maaşın vaxtına hələ 14 gün var idi. Amma niyəsə görə bütün qəlbiylə ümid eləmişdi ki, bəlkə maaş işinə baxan bank işçilərindən biri o birinə: "Bu yazığın maaşı çox azdır - 162 manat 40 qəpik. Gəl, bu dəfə onun maaşını hesabına 2 həftə tez köçürdək" - deyər və qanunu pozub, ona maaş vurarlar. Amma maaş məsələlərində möcüzələr çox gec-gec olur və bu dəfə də belə bir möcüzənin baş verməməsi Azərin sonuncu, ən sonuncu ümidini də öldürmüşdü. O, dayanıb 5 dəqiqə də bankomata baxdı və ürək ağrısıyla öz kartını bankomatdan geri alıb, neçə vaxtdır onun əllərindən başqa heç nə görməyən cibinə qoyub, asta-asta, ümidsiz və taqətsiz halda dar ağacına aparılan məhkum kimi dayanacağa tərəf getdi. İki gündür ki, ac olmağı onun bütün hərəkətlərində özünü biruzə verirdi. Amma indi onu tamam başqa sual narahat edirdi - evə nə ilə və necə gedəcək?!
Evdə isə onu hələ son ümidlərini itirməmiş iki nəfər də gözləyirdi.
