Lamiyə çarpayısıyla bitişik olan divarın pəncərəsindən gələn tıqqıltını eşidəndə gözünü üzərində " Coğrafiya 10" yazılan dərslikdən çəkib pəncərəyə tərəf boylandı . Havanın qaralmış olmasına baxmayaraq , o , çiçək şəkilli zərif işləmələri olan pərdəsinin arxasından gördüyü siluetin kimə məxsus olduğunu asanlıqla anlamışdı . " Onun bu vaxt burada nə işi var ?" düşünərək pəncərəyə yaxınlaşdı , pərdəni çəkib gözünü şüşənin arxasındakı arıq , hündür oğlana dikdi . Oğlan kiməsə yaxalanacağından qorxduğuna görə mümkün qədər asta səslə nəsə dedi amma şüşənin arxasından qızın qulaqlarına heç bir söz gəlib çatmadı .
Lamiyə " Xamilyon , gözlə , pəncərəni açıram ."dedi pıçıltıyla . Bu dəfə isə oğlan onun nə dediyini anlaya bilmədi .
Qız əvvəlcə otağına heç kəsin daxil olmaması üçün qapını kilidlədi . Beləliklə nə bacısı ,nə də valideynlərindən biri Lamiyəni qonşunun oğluyla söhbət edərkən yaxalaya bilməyəcəkdi . Yenidən pəncərəyə doğru addımlayıb dəstəyi fırlatdı .
Qızla arasındakı şüşə maneənin yox olduğunu görəndə "Xamilyon"un üzündə səmimi təbəssüm peyda oldu . Səs tonunu qısaraq :
- Salam . Necəsən ?- soruşdu .
Qız oğlana susmasını işarə edib koridordan gələn tappıltının kəsilməsini gözlədi , daha sonra rahat nəfəs alıb :
- Xamilyon , nə işin var burada ? Onsuz da məhəllədə haqqımızda millət ağzına gələni danışır . Səni biri görsə ...
-Narahat olma heç kim görmədi . Həm danışsınlar da . İkimiz də səhv bir şey etmədiyimizi bilirik .
Qız gözlərini süzərək :
- Hə , sən oğlansan , vecinə deyil . Amma bir qızın haqqında çıxan dedi-qoduların axırı heç yaxşı olmur . Yalan olsa da ... Yaxşı de görüm niyə gəlmisən ?
- Sənə bir təklifim olacaq .
- Nə təklif?
Oğlan çəkinərək -Düzü razı olacağına əmin deyiləm .-dedi .
Qız ani gələn səsdən diksinərək oğlana doğru əyildi və pıçıltıyla - De , təklifini . İndi kimsə içəri girmək istəyəcək .- bildirdi .
- Lamiyə , ... sən heç günəşin doğuşunu izləmisən ?
-Nə ? ...Niyə soruşursan ? İzlədiyimi xatırlamıram .
- Mənimlə bu gün izləmək istəyərsən ? Sahildə ...
Qız gözlərini bərəldərək :
- Dəli olmusan ?- soruşdu .
- Dəniz uzaqda deyil . Bilirsən ki , yarım saata gedib gələ bilərik . Heç kim də hiss eləməz .
Qız başını sağa-sola yellədərək :
- Mümkün deyil , Xamilyon . Gecdir , get evə . - dedi .
Oğlanın xarakterində hansısa bir istəyinə qarşı israrla yanaşmaq olmadığından kefi pozulmuş halda :
- Yaxşı . Necə istəyirsən .Bir daha birlikdə vaxt keçirə bilməyəcəyimizi düşündüyümə görə istəmişdim bunu . Nə isə .Gecən xeyrə . Məktəbdə görüşərik .-deyib üzünü çevirdi .
Lamiyə təəccüblə :
-Niyə vaxt keçirə bilmirik ki ?-soruşdu .
- Məhəllədən köçürük . Atam deyəndə inanmamışdım amma bu gün başa düşdüm ki , zarafat eləmirmiş . Moskvadakı əmimlə danışanda telefon söhbətlərini eşitdim .
Qız əvvəlcə oğlanın yalan danışdığını düşündü amma sonra "Xamilyon"un dünyada tanıdığı ən dürüst insanlardan biri olduğunu xatırladı .
-Ciddisən ? İnana bilmirəm .
- Hə . Məktəbdən də çıxmalı olacağam .
Qızın təəccübü daha da artırdı .
- Məktəbdən niyə çıxırsan ? Uzağa köçürsünüz ?
Oğlan təəssüflə :
-Rusiyaya .- cavab verdi .
Eşitdiyi cavab Lamiyədə uşaqlığını , yeniyetməliyini birgə keçirdiyi bu gənc adamı bir daha görə bilməyəcəyi qorxusunu oyatdı . Qızın deyəcək bir söz tapmadığını ,susaraq onu izlədiyini görən "Xamilyon" davam etdi .
- Köçəcəyimizi öyrənəndə düşündüm ki , bütün normal insanlar kimi dostlarımla sağollaşmalıyam . Bilirsən ki , tək dostum sənsən . Ona görə də gecənin bir yarısı səni narahat etdim .
Qız - Gözlə . Bayaqkı təklifini qəbul edirəm . -cavab verdi tərəddüdlə .
Bir qədər əvvəl üzündəki təbəssümü yox olmuş oğlan yenidən gülümsədi .
-Doğrudan ?
- Hə . Amma sahildə çox az qalacağıq . Bu köçmə məsələsini də danışarıq . Rusiyaya gedirsən deyə əlaqəmizi kəsib dostluğumuzu bitirəcək deyilik ki .
- Yaxşı . ( qızın otağındakı divar saatına doğru boylanaraq ) 4 saat sonra səni burada gözləyəcəyəm . Biz sahilə çatanda günəş yeni yüksəlməyə başlayacaq . Çox möhtəşəm görüntüdür . Bunu öz gözlərinlə görməlisən , Lamiyə .
KAMU SEDANG MEMBACA
Günəş Gözdən İtərkən #watty_aze2016
RomansaHər cümləsinə iri bir romanı sığdırmaq istədiyim hekayə ...