Risa qəhvəsindən bir qurtum içib fincanı stolun üstünə qoydu və hekayəsinə davam etdi:
...Gəmi sahilə yaxınlaşdıqda Arun bundan sonra yaşayacağı yeni materikin daşlı-qumlu sahillərinə tamaşa edirdi. Arxada buraxdığı ölkəsini daha düşünmək istəmirdi. Onu qarşıda yeni həyat, yeni yaşayış və yeni macəralar gözləyirdi. Üstəlik ona verilən mühüm tapşırığı da unutmamalı idi: köçkün dəstəsinin əlli iki nəfərlik qrupu onun himayədarlığında idi. Ona verilən bu öhdəliyin məsuliyyəti altında Arunun gənc qəlbini həyəcanla çırpınırdı. Sahilə yan aldıqdan sonra qurulacaq çadırları, iş bölgülərini, ev inşasını düşünür və beynində planlar qururdu...
Risa yazmağı dayandırıb alnını ovuşdurdu. Deyəsən bacarmırdı. Yeni materikin kəşfini və orada insan məskunlaşmasını təsvir etməyə cəhd etsə də, çox uzaq keçmişlə bağlı olan bu hadisə haqqında dəqiq məlumat tapmaqda çətinlik çəkirdi. Araşdırmalarındakı məlumat əskikliyi onun yeni materikdə insanların yerləşməsini və yerli əhali ilə davranışını təxəyyülündə canlandırmağa mane olurdu. "Bir az da araşdırma etməliyəm"-deyə düşünərək yazmağı buraxmaq istədi, lakin sonra fikrini dəyişdirdi. "Niyə əvvəlcə bacardığım hissələr haqqında yazmayım?"-Risa fikrindən keçirdi. Bu dəfə gənc Arunun yerli qızla tanışlığından yazacaqdı. Hekayənin hara gedəcəyini özü də planlaşdırmamışdı, odur ki, instinktinə güvənərək ağlından keçəni boş səhifələrə köçürürdü...
... Yerlilər köçkünlərin gəlişindən heç də məmnun görünmürdülər. Yaxınlaşan gəmilərə baxmaq üçün onlarla yerli sahilə axışmışdı. Arun isə təkbaşına yeriyərək yaxınlıqdakı yaşayış məskəninə doğru gəldi. Ancaq onun gəldiyi yaşayış məskənində də gözə heç kəs dəymirdi. Yeni köçkünlərin başçısı kapitan Morsonun və köməkçilərinin yerlilərlə danışığa girəcəklərindən Arunun xəbəri vardı, odur ki, hələlik özü üçün bu yeni materiki kəşf etməyə çıxmışdı. Lakin yaşayış məskənində heç kəslə qarşılaşmamaq onun həvəsini qırmışdı. Gəldiyi kimi geri qayıdacaqdı ki, uzunsov yerli evlərinin birindən tünd dərili qızın çıxdığını gördü. Qız yavaş-yavaş ona yaxınlaşdıqca Arun onun uzun qara saçlarını, uzunsov üzünün incə, zərif cizgilərini, şübhəli-şübhəli baxan qara gözlərini aydın seçməyə başladı. Qız onun ölkəsindəki qızlardan fərqli idi və o, Arunun gördüyü ilk yerli olmasa da, onun gördüyü ilk gözəl qız idi.
Qız yaxınlaşıb Arundan beş-altı addımlıq məsafədə dayandı və ehtiyyatla onu izləməyə başladı. Arun əli ilə özünü göstərib "Arun" dedi və gülümsədi. Sonra qızı göstərdi və cavab gözləməyə başladı. Qız yavaşca əlini qaldırıb barmağı ilə özünü işarə etdi və "Enna" dedi. Arun bir daha gülümsədi və əlini uzatdı, lakin qız diksinib geri çəkildi. Arun onun qoxub qaçacağını düşünərək əllərini qaldırıb ovucları göstərdi və ona zərər verməyəcəyini işarə etməyə çalışdı. Qız isə başını bulayaraq öz əlləri ilə onun getməsi üçün işarə verdi. Arun maraqla ona baxdığı uzun bir müddət Enna əlləri ilə ona getməsini göstərərək, öz dillərində anlaşılmaz sözlər deyiridi. Qızın dediklərini necə başa düşdüyünü bilmirdi, ancaq Arun, əgər geri qayıtmasalar pis hadisələr baş verəcəyini sezməyə başlamışdı...
Necə pis hadisə? Risa oturduğu stuldan qalxdı və otaqda gəzinməyə başladı. Sanki beyni dayanmışdı, yazmağa heç nə fikirləşə bilmirdi. Əlbəttə, belə hadisələr yazıçılarda tez-tez baş verir, sanki təxəyyül son nöqtəsinə çatır, əvvəl ağlına asanlıqla süzülərək gələn sözlər sanki ilişib qalır və barmaqlar yazmağı dayandırır. Belə hallarda Risa nə etməli olduğunu bilirdi, sadəcə cəsarəti çatmırdı. Yazı masasının üstündə qoyduğu karta baxıb başını buladı, sonra bir müddət daha gözləri karta zilləmiş halda fikrə getdi və sonda arzusuna məğlub olub kartı stolun üstündən aldı. Bir əlində tutduğu kartı nəzərdən keçirərkən, digər əli ilə də uzun şabalıdı saçlarını açıb çiyinlərinə tökdü.
"Doktor Zen"
"Halusunasiya mütəxəssisi"
Bəlkə də bir dəfə sınaya bilərdi...Bir dəfədən nə olardı ki? Öz beynində nələr baş verdiyini, hekayəsinin necə davam edib, necə sonlanacağını öyrənə bilərdi. Fikir o qədər cəlbedici, lakin bir o qədər də qorxulu idi ki, Risa neçə dəqiqə ayaq üstə durub xəyallara daldığını, nə qədər götür-qoy etdiyini bilmədi. Tək bildiyi paltarını dəyişib və çantasını götürüb qapıdan çıxdığı idi.
YOU ARE READING
Təxəyyülün son nöqtəsi
Science Fiction...Risa oturduğu stuldan qalxdı və otaqda gəzinməyə başladı. Sanki beyni dayanmışdı, yazmağa heç nə fikirləşə bilmirdi. Əlbəttə, belə hadisələr yazıçılarda tez-tez baş verir, sanki təxəyyül son nöqtəsinə çatır, əvvəl ağlına asanlıqla süzülərək gələn...