Yuxu

81 9 10
                                    


-Buyurun, Risa xanım, xoş gəlmisiniz,-cavan və gözəl bir tibb bacısı onu salamladı və gülər üzlə otağa dəvət etdi. Risa yarı xəstəxana-yarı psixoloq otağı təsirini bağışlayan otağa girdikdə içindəki həyəcanı sanki birə-beş artdı. Tibb bacısı ondan üst paltarlarını çıxarmasını və yatağa uzanmasını xahiş etdi.

-Həkim Zen bir azdan burada olacaq-deyə Risanı əmin etdi.

Risa tibb bacısısın dediklərini edərək pencəyini çıxarıb yatağın kənarına qoydu və arxası üstə yatağa uzanıb dərindən nəfəs aldı. Otaq adi xəstəxanalardakı kimi dərman qoxusu vermirdi, əksinə, otaqdan daha çox çəmənlikdə güllər arasında olduğunu zənn etmək olardı. Risa hətta gözlərini yumarsa, özünü çəmənlikdə hiss edəcəyini və təxəyyülünün onu daha başqa yerlərə apara biləcəyini fikirləşirdi. Halusunasiya serumundan istifadə etməmiş, sadəcə buraya addım atmaqla belə, fikirlərinin ağlasığmaz yerlərə uçduğunu, təxəyyülündəki tıxacdan qurtulduğunu hiss edirdi.

Düşüncələr arasında qeyb olduğu bir neçə dəqiqə sonra otağın qapısının açıldığını eşitdi. Başını döndərdikdə uzunboy, yaraşıqlı bir həkimin içəri girdiyini gördü. Çox güman ki, Doktor Zen idi.

-Həkimimiz də gəldi,-deyə tibb bacısı Risanın fikirlərini doğruladı.

-Xoş gördük sizi,-həkim gülümsəyərək əlini uzatdı, Risa da qalxıb əlini sıxdı,-yəqin ki, siz bir yazıçısınız.

-Bəli, özü də çox bacarıqsız bir yazıçı,-Risa gülümsədi.

-Elə deməyin, əgər bura gəlmisinizsə, çox güman ki, beyninizdə dolaşan milyonlarla qeyri-adi fikirləri yazıya tökməkdə çətinlik çəkmisiniz və bizim köməyimizlə geniş təxəyyülünüzə bir baş çəkib hekayənizin haralara doğru getdiyini öyrənmək istəyirsiniz.

Risa güldü. Necə də gözəl danışır! Artıq bütün həyəcan və qorxularından xilas olmuşdu. Üstəlik həkimin sözləri onu ruhlandırmışdı da.

-Əgər hazırsınızsa, başlayaq,-həkim tibb bacısına lazımi ləvazimatları gətirmək üçün göstərişlər verdi və Risanın yatağının kənarında oturdu. Risa başı ilə razılığını bildirdi: bir qədər həyəcanlı idi. Həkim onun həyəcanını hiss edib bir tərəfdən söhbət edərək onu məşğul etməyə çalışırdı, digər tərəfdən də qoluna sistem qoşaraq serumu damara yeridirdi.

-Nə haqqında yazırsınız?

-Tarixi romandır,-Risa qoluna salınan iynədən diksindi,-amma axırının haraya gedəcəyini bilmirəm.

-Tarixi roman yazmaq bu dövrdə çox çətindir, niyə elmi fantastika yazmırsınız? Son dövrlərin ən məşhur əsərləri bu janrda yazılır.

-Mən özüm də elmi-fantastika yazarıyam, sadəcə dəyişiklik olsun deyə,-Risa cavab verdi,-lakin məlumat tapmaq olduqca çətindir.

-Mən əminəm ki, axtardığınızı zehninizin və təxəyyülünüzün dərinliklərində tapacaqsınız,-həkim Zen gülümsəyərək işini bitirdi və ayağa qalxdı,-indi isə uzanın. Bir azdan yuxuya gedəcəksiniz və zehninizin dərinliklərinə baş vuracaqsınız. Unutmayın, fikrinizi yazmaq istədiyiniz əsərin üstündə cəmləyin. Yuxuya gedənə qədər yazdığınız əsərin atmosferini, yerləşmənin ətraf mühitini və əsərin baş qəhrəmanlarını düşünün ki, serum fikirlərinizi "Lusid yuxular"a çevirsin. Fikirlərin arasında qeyb olduqda, artıq yuxu ilə gerçəkliyi ayırd edə bilməyəcəksiniz. Yuxularınız sizin ixtiyarınızda olacaq və hekayənizi istədiyiniz kimi idarə edə biləcəksiniz.

Risa göz qapaqlarının ağırlaşdığını hiss edir, şüurunun son parçalarını da əlindən buraxırdı. "Ayılmaq istədikdə sadəcə özünüzü yuxu gördüyünüzə inandırın"-eşitdiyi son səslə birgə Risa huşunu itirdi və özünü yumşaq rahatlığın qoynuna buraxdı...

Təxəyyülün son nöqtəsiOù les histoires vivent. Découvrez maintenant