Həbs

63 10 15
                                    

...Risa nə qədər vaxtdır çay kənarında yeridiyini hesablaya bilmirdi. Birdən duruxdu və əllərinə baxdı: gözləri dumanlanırdı, əllərinin cizgiləri bulanıqlaşırdı. Elə bu vaxt yadına saldı: o yuxu görürdü. Ürəyi gəldiyi bu nəticənin həyəcanı ilə döyünməyi sürətləndirdi, amma Risa sakitləşməyə çalışırdı. Əgər həddindən çox həyəcanlanarsa, yuxudakı ayıqlığın həqiqi ayıqlığa çevriləcəyini bilirdi. Bunun əvəzinə yeriməyə davam etdi və gəlib köçkünlərin saldığı düşərgələrə çatdı. Buralar onun düşündüyündən daha fərqli idi: Çadırları taxtadan tikilmiş evlər əvəz etmişdi, evlərin ətrfanda da təzə salınmış əkin sahələri və bostan vardı. Bir tərəfi çayla əhatələnmiş çəmənlikdə salınmış bu məskənin digər tərəfində, hündür palıd ağaclarının təşkil etdiyi balaca meşəlik görünürdü. Risa diqqətlə baxdıqda meşəliyi arxasında da təpəcikləri görə bilirdi. Ən azından materik onun düşündüyü kimi yam-yaşıl və səfalı yer idi.

Risa bundan sonrakı addımının nə olacağını heç fikirləşməmişdi. Zehninin içində, şüuraltının dərinliklərində idi, amma bundan sonra nə olsun? Görəsən Arunun yaşadığı yerə getməlidir, ya Ennanın harda olduğunu tapmalı? Məqsədsizcə çay boyu gəzərkən köçkünlərin onu görə biləcəyini ağlına da gətirməmişdi. Əli tüfəngli iki nəfər ona yaxın gəldikdə artıq iş işdən keçmişdi. Risa ona tərəf çevirilmiş silahları gördükdə yerindəcə donub qaldı.

-Sən kimsən? Burda nə gəzirsən?-silahlılardan biri tüfəngi onun üzünə doğruldub soruşdu. Risa cavab verə bilmədi.

-Görmürsən, o əcaiblərdən biridir,-digər silahlı oğlan bayaqkının sualını Risanın əvəzinə cavablandırdı,-paltarına fikir ver.

Risa bura düşəndən bəri ilk dəfə paltarına baxdı: əynində gümüşü, ilan dərisinə oxşar materialdan hazırlanmış dar uzunqollu paltar və şalvar vardı. Risa bu paltarların hardan gəldiyini açıqlayacaq hər hansı bir sözü ağlına gətirə bilmirdi.

-Ən yaxşısı onu kapitan Morsona aparaq,-birinc silahlı dilləndi və Risanın arxasına keçib tüfəngin ucu ilə onu kürəyindən itələdi. Risa təşvişə düşmüşdü: kapitan Morsonla bağlı yaxşı şeylər düşündüyünü sanmırdı. Ancaq başqa çarəsi də qalmadığından yeriməyə başladı. Əgər burada ölsə, həqiqi həyatda ayılacağını bilirdi, lakin hələki buranı tərk etməyi düşünmürdü.

Kapitan Morsonla tanışlığı alınmadı, çünki yolda Arunla qarşılaşdılar. Risa, Arunu görən kimi tanıdı, necə də olsa, onu özü yaratmışdı. Hündürboylu cavanın mavi gözləri ona zillənmişdi, lakin bu Risanı narahat etmirdi. İndi tək arzusu Arunla tək qalıb burada nələr baş verdiyini öyrənmək idi.

Təxəyyülün son nöqtəsiNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ