SON

122 15 12
                                    


Qucaqlaşmağa vaxt itirmədən qaçaraq oradan uzaqlaşmağa başladılar. Ta ki qarşılarında dönüşməkdə olan gənc korriganı görənə qədər. Daniel qızı arxasına aldı. Cibindən alışqanı tələsik çıxarıb məşəli yandırdı. Bir anda baltanı quyuda qoyduqlarını xatırlayıb özünə lənət yağdırsa da, bunun bir əhəmiyəti olmayacağını da bilirdi.

Ev sahibi son gördüklərindən xeyli dəyişmişdi. Boyu ən az iki dəfə uzanmış, qolların və ayaqlarında nəhəng tikanları xatırlatan çıxıntılar əmələ gəlmişdi. Başındakı saç örtüyü qırışıq dəri ilə əvəz olunmuşdu. İlk gördükləri korrigandan tək fərqi nisbətən ondan cılız qalması idi.

Onlara doğru gələn gənc korrigandan əllərindəki tək məşəllə qoruna bilməyəcəklərini ikisi də bilirdi. Buna görə dayanmadan əks istiqamətdə qaçmağa başladılar. Daniel qızı itələyərək onu hər an müdafiə etmək üçün arxada qaçırdı. Jasmin isə dəli kimi hara getdiyindən belə xəbərsiz idi. Tək bildiyi arxalarında olan məxluqdan xilas olmaları idi. Birdən gələn daha qorxunc və daha kobud bir nərilti ilə ikisi də dayandı. Həmin tərəfə dönərkən bir neçə addım irəlidə qoca korriganı gördülər. Gənc korrigan digərinin yanına gedib Jasmin və Danielə hücum etmək üçün ondan əmr gözləyirdi ,sanki.

Qoca korriganın özündən balaca olan korrigana baxıb mırıldandı və eyni anda gənclərin üstlərinə doğru atıldılar. Qarşılarındakı onlar üçün olduqca asan bir yem olduğu üçün korriganlar ,sanki, onlarla ilk öncə oynamaq istəyirdi.

Daniel qıza dönərək qışqırdı. " Qaç, Jasmin, qaç." Ancaq qaçışın onlara köməyi dəyməyəcəkdi. Ən pisi isə bunu hər ikisi bilirdi.

Daniel onlara daha çox yaxınlaşan məxluqları görüb dayandı. Uzaqdakı dağların arxasından güclə seçilən bir qızartı gördüyünə əmin idi. Günəşin ilk şüaları bir neçə dəqiqədən sonra çıxacaqdı. Amma onlar bu dəqiqələr ərzində hər an şikarlarını parçalamağa hazır korriganlardan xilas ola biləcəklərdimi?

" Ən azından sən qurtula bilərsən." – düşündü öz-özünə Daniel. Ağlında bir plan varmış kimi Jasminə baxdı. Onu özünə doğru çəkib dodaqlarını sonuncu öpüşünü qondurdu. " Sənə söz vermişdim, Jasmin. Səni qoruyacağıma söz vermişdim və məni tanıyırsan, verdiyim sözləri tutmağı sevirəm, eyniylə səni sevdiyim kimi." Jasmin təəccüb içində arxadan yaxınlaşan korriganlara , sonra isə qarşısındakı aciz halda dayanan Danielə baxdı. Heç nə başa düşmədi. Daniel əlindəki məşəli qızın ovcuna yerləşdirib onu tutması üçün barmaqlarını yumdu.

Oğlanın gözündən süzülən bir damla yaşla onun nə etməyi düşündüyünü anladı. " Buna icazə verməyəcəm."

" Səndən icazə istəyən olmadı, Jasmin. Mən sənə verdiyim sözü tutacam və səndən də mənə bir söz verməyini istəyirəm." Qızın qollarından tutub çoxdan axmağa başlayan göz yaşını sildi. " Mən bütün diqqətlərini üzərimə toplayacam və onların sənin üzərinə hücum etməsinin qarşısını alacam. Sən isə günəş doğana kimi qaç və buradan xilas ol. Ən azından bizlərdən biri bunu bacarsın." – dedi. Qız dayanmadan başını iki yana tərpədirdi. " Və mənə bir söz ver. Buradan xilas olan kimi o məxluqlar barəsində hər kəsi məlumatlandıracaqsan. Bu yer barəsində hər kəsə xəbər verəcəksən. Çünki bir başqalarının bizim yaşadıqlarımızı yaşamasını istəmirəm. Anlayırsan? Və sən bütün olanları unudub həyatına davam edəcəksən."

" Bunu məndən necə istəyə bilərsən axı?"

Jasmini qucaqladı. " Səni sevirəm, Jasmin. Bunu sənin üçün edirəm." Arxasına döndüyü zaman məxluqların daha çox yaxınlaşdığını gördü. Qızı özündən aralamaq üçün sərt bir şəkildə itələdi. Bir neçə addım irəli gedib yıxılmamaq üçün özünü güclə tarazlaşdıran Jasmin göz yaşlarına hakim ola bilmirdi. " Qaç və xilas ol." – qışqırdı Daniel. Cibindək alışqanı çıxardıb sınıq qolunu saxlamaq üçün boynuna keçirtdiyi köynəyini yandırdı. Jasmin yerində donmuş bir şəkildə onu izləyirdi. Daniel geriyə dönüb qızı orada görüncə yenidən qışqırdı. " Qaç, Jasmin." Sanki, ani bir yuxudan oyanan Jasmin yerində səndələdi. Əlindəki məşəli irəli uzadaraq qaçmağa başladı.

Daniel qaçan qızın arxasınca düşməyə özünü hazırlayan gənc korriganın qarşısını kəsdi. Yanan köynəyi əlində tutub yellədi. Gənc korrigan gerilədi. Danielin gözləmədiyi bir anda digər korrigan onun üstünə cumub yerə yıxdı. Əlindəki yanan köynəyi yerə düşdü. Korrigan iri dişlərini ona göstərərək kükrədi və digərini çağırırmış kimi geriyə baxdı. Gənc korrigan dərhal yaxınlaşıb dişini oğlanın böyrünə keçirtdi. Oğlan acı içində qışqıraraq qolları ilə üzərindəki iki nəhəng məxluqdan xilas olmağa çalışırdı. Qoca korrigan Danielin qolundan tutaraq bir hərəkətlə onu yerindən qopartdı. Oğlanın qışqırıq səsləri bütün meşəni ətrafına bürüyərkən korriganlar ziyafətin dadını çıxardırdılar.

Birdən qoca korrigan oğlanın üstündən çəkilib qayalıqlara doğru yol almağa başlasa da, digəri ağzındakı iri bir tikə əti çeynəməklə məşğul idi. Gənc korrigan udqunub yeni bir tikə qopartmaq üçün ağzını oğlanın boğazına yaxınlaşdırdı. Daniel çətinliklə gözlərini açaraq dağların arasında doğmaqda olan günəşi görüb gülümsədi. Görünür, gənc korrigan gün işığının onun üçün ölümcül olduğundan xəbərsiz idi. Korrigan Danielin boğazına hücum edib parçaladı və ardından bərk nərilti ilə geri çəkildi. Üzərinə düşən ilk günəş şüası ilə yanaraq külə dönən gənc korrigan Danielin son gördüyü şey oldu.


You've reached the end of published parts.

⏰ Last updated: Mar 13, 2016 ⏰

Add this story to your Library to get notified about new parts!

SONSUZ GECƏ  #Watty_Aze2016Where stories live. Discover now