Təlaş içində oğlanlar dolabı qapının qarşısından çəkərkən yenidən şüşə qırıntısının səsi ilə geriyə döndülər. Korrigan kölgədəkindən daha böyük idi. Bir insan kimi iki ayaq üstündə dayanan məxluqun iri və olduqca iti görünən pəncələri, qorxunc üzü ilə tamamlanan nəhəng sapsarı kəsgin dişləri onun dəhşətli görüntüsünü daha da artırırdı. Bədəni cuzi tük təbəqəsi ilə örtülən korrigan mırıldanaraq pəncərədən içəri daxil oldu. Kişi tüfəngini əlinə alıb qızların önünə keçdi. " Dolabı çəkin..." Qışqırdı. " Və onun gözlərinə baxmayın!!!" Tüfəngi nişan alaraq atəş açdı. Atəş səsi qulaqlarında cingildəyən Daniel və Chris dolabı qapının önündən çəkməyi bacarmışdılar.
Kişi onun gözünə baxmamağa çalışaraq dayanmadan atəş açırdı. Güllələr məxluqu yavaşlatsa da, onu öldürmürdü. Kişi son dəfə atəş açıb mətbəxin qapısından çıxdı. Gənclər çölə çıxmaq üçün evin qapısına dayanmış divanı çəkməyə vaxt tapmadan korrigan heyvan kimi dörd ayağı üstündə mətbəxdən atılaraq qapının qarşısında durdu. Qorxudan geri gedən Daniel yıxıldı. Chris dərhal onun qolundan tutub ayağa qaldırdı. Ev sahibi atəş açaraq onu bir az daha yavaşlatdı və bu sırada qızlar öndə olmaqla hər kəs yuxarı çıxmağa başladı. Bunun onların ölümünə yol açacağını bilsələr də, qaçmağa başqa yolları yox idi. Tələsik pilləkanlarla qaçaraq özlərini otağa atdılar. İlk girən Jasmine oldu. Ardınca Amanda, Daniel və son olaraq Chris. Ev yiyəsi özünü son anda açıq qapıdan içəri salmaq istəyirdi ki, ayağından aldığı ağır zərbə ilə yerə yıxıldı. Başını qaldırıb otaqdakılara və ayağının yanında ona bir zərbə daha endirmək üçün dayanan korrigana baxdı. Tüfəngi otağa tullayıb " özünüzü qoruyun." – xəbərdarlıq etdi və belindən bıçağı çıxararaq onun üstünə cuman məxluqun bədəninə saplayıb son nəfəsinə qədər mübarizə apardı.
Daniel dərhal qapını örtüb kilidini bağlayarkən kişinin qışqırıqlarına qulaq verməməyə çalışdı. Artıq onun üçün əllərindən heç nə gəlmirdi.
Chris titrəyən Amandanı qucaqlayarkən, Daniel yatağın bir qırağında səssiz ağlayan Jasmini sakitləşdirməyə çalışdı. " Hər şey yaxşı olacaq." Bütün insanların dilinə yapışmış ən məşhur yalan!!!
" Öləcəyik, hamımız öləcəyik..."
Jasminin başını sinəsinə sıxan Daniel " heç kim ölməyəcək." – deyə özünün belə inanmadığı bir cümlə işlətdi. " Səhər açılacaq və bu kabus sona çatacaq. Biz isə bir daha bu lənətə gəlmiş yerə gəlməmək üzrə çıxıb rədd olub gedəcəyik..."
Chris dostuna dəstək çıxaraq araya girdi. " Həm silahımız da var." – dedi tüfəngi əlinə götürərək.
" Əlbəttə, heç bir işə yaramayan silah."
Sağ qalmaq üçün içlərində çoxdan başlatdıqları duaları davam etdirərkən qapıdan bir səs gəldi. Gələn səs ilə qızlar qışqırmağa başladı və bu qapıya endirilən zərbələrin tezliyini daha da artırdı.
" İndi nə edəcəyik?" – soruşdu Chris.
Daniel bir yol axtarmaq üçün sevgilsinin əlini buraxıb otaqda gəzməyə başladı. Pəncərəyə yaxınlaşaraq baxdığı zaman bir çıxış yolunun olduğunu görüb sevindi. " Gəlin bura." Qızlar ardınca da Chris pəncərəyə yaxınlaşıb çölə baxdılar. " Aşağını görürsüz? Kiçik bir tövlə var. Buradan onun damına tullanaraq ordan da yerə düşə bilərik."
" Çöl heç də təhlükəsiz sayılmaz."
" Bəs nə Amanda? Buradaca oturub o korrigan deyilən zibilin bizi mədəsinə ötürməsini gözləməyimizi təklif edirsən?" Danielin səsi heç olmadığı qədər həyəcanlı idi. " Həm bəlkə maşına çatıb buradan gedə bilərik." Dəyən növbəti zərbə ilə qapının ortasında bir çat əmələ gəldi. Növbəti zərbəyə artıq qapının tab gətirə bilməyəcəyini hər biri yaxşı bilirdi. " Tələsin." – qışqırdı Daniel və pəncərəni açaraq ilk öncə Chrisi çıxmağa razı saldı. Tüfəngi uzadaraq " aşağı düş və qızlara kömək et." – dedi. Chris bəlkə də saniyədə bir milyon dəfə döyünən ürək ritmlərinə qulaq asmayaraq deyiləni etdi. Pəncərədən ayağını keçirdərək tövlənin üzərinə tullandı. Özünü dərhal düzəltdi və qızların tullanmasını işarə etdi. İlk öncə Jasmin, sonra isə Amanda sıra ilə tövlənin üzərinə, oradan isə yerə tullandılar. Daniel tələsik onların arxasınca düşdüyü zaman qapının parçalandığını eşidib hərəkətlərini daha da tezləşdirdi. Yerə düşərək digərləri ilə birlikdə görünmədən və ola bildikləri qədər surətlə maşına doğru qaçmağa başladılar. Chris ən öndə gedərək maşına əyləşib onu işə saldı və digərləri minən kimi vaxt itirmədən qaza basıb oradan uzaqlaşdı.
Evdən bir qədər uzaqlaşıb meşə yoluna yenicə girmişdilər ki, bir anda Chris həmin məxluqu qarşısında görüb idarəetməni itirərək sağa döndü. Üzü dərə aşağı gedən maşını saxlaya bilməyən Chris dərənin sonundakı iri qayalıqlara dəyməkdənsə, yolun üzərindəki bir ağaca dəyməyin daha yaxşı olacağını düşündü. Və belə də etdi. Maşını bir ağaca çırparaq dayandırdı. Güclü bir zərbə ilə sarsılan gənclər dərhal özlərini maşından çölə atdılar.
" Hər kəs yaxşıdır?" – soruşdu özünü günahkar hiss edən Chris. Amma hamının yaxşı olduğunu görüb dərindən nəfəs aldı. " O bir andaca qarşıma çıxdı." Üzü dostlarına tərəf dayanıb danışan Chris onların bir andaca susduqlarını görüb dayandı. " Qaçın." – bağırdı Amanda və hər kəs oradan uzaqlaşmağa başladı. Ancaq Chris qaçmağın əvəzinə geriyə döndü. Qarşısındakı ondan ən azı iki dəfə uzun olan məxluqu gördüyü anda yerindəcə dondu. Baxışlarını sümükləri bilinən solğun bədənində gəzdirərək yuxarı qaldırdı. Dostları arxlarına baxıb Chrisin onlarla olmadığını görüb dərhal geri qayıtdılar. Chris isə baxışlarını son olaraq korriganın gözlərində sabitlədi.
" Gözlərinə baxma." – deyə onu xəbərdar etməyə çalışsalar da, artıq çox gec idi. Chris çoxdan onun qaranlıqda sapsarı parıldayan qorxunc gözlərinə baxmışdı. " Chris, uzaqlaş." Ancaq Chris yerindən tərpənmirdi. Məxluq ilə üz-üzə dayanıb illər boyu görüşməyən iki sevgili kimi gözlərini bir-birlərinə zilləmişdilər. Daniel tüfəngi irəli uzadaraq dərhal dostunun yanına yaxınlaşıb qolundan dartdı. " Gedək." Chrisdən bir hərəkət görünmədi. " Ağlını itirmisən? Gedək." Daniel oğlanı özünə tərəf çevirən zaman dostunun gözünün qarasının yox olduğunu gördü. Chris heç nə demədən Danielin üzünə sərt bir yumruq ilişdirdi. Bir neçə addım geri gedib yerə yıxılan Daniel dostuna, onun arxasında dayanan məxluqa və arxada qorxudan səsləri belə çıxmayan qızlara baxıb silahından atəş açdı. Güllə məxluqə dəysə də, heç nə baş vermədi, onu qəzəbləndirməkdən başqa. Korrigan Chrisin yanından keçib Danielin üzərinə cumarkən oğlan özünü son anda yerdən qaldırıb qaranlıq meşəyə doğru qızların ardınca qaçmağa başladı.
Jasmin və Amanda ilə birlikdə iri bir kolun arxasına girərək gizləndilər. Çünki qaçmaq çox vaxt xilas olmaq üçün ən yaxşı yol demək deyildi. Hələ onlardan belə surətli olan bir məxluqu nəzərə alsaq, gizlənmək ən yaxşısı idi. Təngnəfəs bir halda oturan üç dost bir neçə dəfə dərindən nəfəs alıb sakitləşməyə çalışdılar. Kolun arxasında nə qədər gözlədiklərini bilmədən sakitcə oturmağa davam etdilər. Nəhayət, olduqca asta bir səs tonu ilə " Chris..." – desə də Amanda cümləsini tamamlaya bilmədi.
" Bilmirəm, ona nəsə olmuşdu. Gözləri... gözləri heç normal deyildi. Sanki, ağlını itirmişə bənzəyirdi."
" Bunun olacağını bildiyi üçün korriganın gözünə baxmamağımızı demişdi ev sahibi." – dedi Jasmin. Daniel davam etmək istəyən Jasminin ağzını tutdu əli ilə. Yanlarından keçən bir kölgə ilə kola doğru daha çox sıxılmağa çalışdılar. Nəfəslərini belə tutan gənclər bacardıqları qədər səssiz olmağa çalışırdılar, lakin artıq gec idi. Məxluq orada birilərinin olduğunu anlamışdı. Burnunu havaya qaldıraraq qoxulamağa başladı. Daniel kolun arasında onlara doğru gələn məxluqu görüb qızlara hazır olmalarını dedi. Əli ilə göstərib üçə qədər saydı. Üç dediyi anda qəfldən koldan çıxaraq qaçmağa başladılar. Tək düşündükləri qaçmaq olan dostlar arxalarına belə baxmırdılar. Amandanın yıxıldığını görən Daniel dərhal onu ayağa qaldırıb yenidən qaçmağa davam etdilər. Lakin yıxılan zaman ayağını əzən qız üçün qaçmaq heç də asana bənzəmirdi. Surəti getdikcə azalan Amanda artıq ən geridə qalan olmuşdu. Jasmin yanında qaçan Amandanı görməyib dayandı və geriyə baxıb qışqırdı. Jasminin səsi ilə arxasına baxan Daniel, Amandanın yenidən yerə sərildiyini görüb dayandı. Artıq qıza yaxınlaşan korrigana baxmayaraq dostunu xilas etmək üçün geri qayıtdı. Atdığı bir neçə güllə məxluqu bir az yavaşlatsa da, onu dayandıra bilmədi. Yerindən sıçrayan məxluq Amandanın düz önündə dayandı. Amanda gözündən düşən bir damla yaş ilə çarəsiz halda digərlərinə baxıb gülümsədi. Artıq gec idi. Məxluq ,sanki, bir kisə un kimi Amandanı çiyninə ataraq çirkin bədəni ilə qaranlıqda yoxa çıxdı.
VOUS LISEZ
SONSUZ GECƏ #Watty_Aze2016
HorreurONLAR ÜÇÜN GECƏ BİTMƏK BİLMƏYƏN BİR SONSUZLUĞA BƏRABƏR İDİ...