Daniel, dizlərinin bağı qoparaq yerə düşən sevgilisinin yanına gedib onu qucaqladı. " Chris getdi. Amanda getdi." Ağlamağa başladı Jasmin. " İndi sırada kim var? Sən ya mən?"
Sevgilisini qucaqlayaraq baxışları qaranlıqda itən Danielin gözlərində yaranan qəzəbin rəsmini belə çəkmək mümkün idi. Qızın əlindən tutub ayağa qaldırdı. " Gəl." – deyib geriyə qayıtdı.
" Hara?"
" Ev sahibinin o məxluq haqqında məlumatı olduğunu bilirik. Bəlkə evdə onu öldürməyin bir yolunu tapa bilərik. Hətta bəlkə dostlarımız hələ də sağdır, o lənətə gəlmiş məxluqun harada yaşadığını öyrənib onları da xilas edə bilərik."
Əllərində heç nə olmayan gənclər üçün bu boş danışıq belə ümidverici gəlmişdi. Jasmin və Daniel dayanmadan evə doğru qaçmağa başladılar.
Yalnızca ayın işığı sayəsində aydınlanan qaranlıq meşə ilə qaçarkən ağıllarında Chris, Amanda və o lənətə gəlmiş məxluqdan başqası yox idi. Evə çatan kimi qapını itələyib içəri girməyə çalışsalar da, alınmadı. İçəridən qapıya dayanan əşyalar onun açılmağa qoymurdu. Buna görə korriganın içəri girdiyi kimi pəncərəyə tərəf qaçdılar. İçəri girib yerdə qanlar içərisində yatmış ev sahibinin üzərindən tullanıb yuxarı çıxdılar. Otağa daxil olub axtarışa başladılar. Bütün dolabları açaraq içlərindəkiləri boşaltdılar. Dəqiq nə axtardıqlarını bilməsələr də, o məxluq haqqında nəsə bir məlumat olan bir vərəq belə onlara kömək edə bilərdi.
" Bura gəl." Jasmin çarpayının altındakı qutunu çıxardıb kağızları yerə tökdü. Daniel otaqda qoyduqları əşyaların arasından bir fənər tapıb işığı yandırdı. " Bax." - əzik bir dəftəri əlinə götürüb vərəqlədi. Çoxlu sayda qaralamalardan, əl ilə çəkilmiz şəkillərdən və qarışıq yazılardan ibarət idi.
Daniel dəftəri qızın əlindən alıb fənəri işıq salması üçün ona verdi. Vərəqləri tələsik çevirib oxumağa başladı.
" Ən böyük silahı caynaqları, ya da dişləri deyil, gözləridi. Onun gözlərinə baxan biri korriganın əsirinə çevrilir. Ən çox qorxduqları isə alovdur. Korriganlar ,demək olar ki, ölümsüzdürlər. Sadəcə səhər ilk günəş şüaları onları sonsuza qədər cəhənnəmə göndərə bilər. Ovladıqları insanların bəzilərini parçalasalar da, çoxunu önlərindəki iyirmi il üçün saxlayırlar.
QEYD – ƏGƏR KORRİGAN TƏRƏFİNDƏN YARALANMISANSA, ONLARDAN BİRİNƏ DÖNÜŞMƏYİN ÜÇÜN SADƏCƏ BİR NEÇƏ SAATIN VAR!!! "
" Chris və Amanda üçün hələ də bir şans var demək." İçində baş qaldıran ani bir ümid Jasmini ələ keçirmişdi. " Bəs yuvasını, ya nə bilim, harada gizləndiyi barədə nəsə yazılıb?"
Daniel vərəqləyib növbəti yazını oxudu. " Nəhəng qayalıqlar və qaranlıq bir mağara onların gizləndiyi yerlərdir."
" Maşının qəza törətdiyi yeri xatırlayırsan? Əmin deyiləm, amma həmin dərənin sonunda qayalıqlar olduğu görmüşdüm."
" Elə isə gedək." – deyib oğlan çantadan bir neçə paltar götürdü. " Bunları yandıraraq özümüzü az da olsa, qoruya bilərik." Qızın əlindən tutub aşağı düşdü. Pəncərəyə yaxınlaşıb çıxarkən birdən diqqətini bir şey çəkdi və geri döndü. Az öncə üzərindən keçdikləri kişinin cəsədindən əsər-əlamət qalmamışdı. Jasminin əlindən fənəri sərt bir şəkildə alıb həmin yerə tutdu. Yerdə yalnızca çoxlu qan qalmışdı. Bunun az öncə oxuduğu şeylə əlaqəsi olmaması üçün dua etməyə başladı. Qızın arxasınca pəncərədən çıxmaq istəyərkən arxadan bir əlin kürəyindən tutaraq geri çəkdiyini hiss etdi. Özünü tarazlaşdırmağa fürsət tapmamış bədəni divara çırpıldı. Zərbənin təsirindən bir anda nəfəs alması dayandı. Divardan dəstək alıb ayağa qalxarkən ev sahibini qarşısında gördü. Parlaq sarı gözləri və qurda bənzər qanlı dişlərindən başqa heç bir fərqlilik yox idi. Görünür, hələ dönüşümün başlarında idi. Nə qədər müddətdən sonra onun da digər məxluq kimi nəhəng olacağını düşündü. Amma bunun tez bir zamanda baş verməməsi onun lehinə idi. Nə də olsa, qarşısındakı bir insan böyüklüyündə idi.
Kişi əllərini yana açıb dişlərini gösdərərək nərildədi, lakin səsində bir zamanlar insan olduğunu ələ verən bir şeylər var idi. Bundan cəsarət toplayan Daniel yanındakı bir stulu götürərək kişinin başına çırpdı. Stul parçalanaraq ətrafa səpələnsə də, kişiyə heç nə olmadı. Daniel gözü ilə işarələdiyi iri şüşə qırıntısına doğru tullanarkən gənc korrigan onu tutaraq yerə çırpdı. Daniel son anda götürməyi bacardığı şüşə ilə özünü oğlanın üzərinə atan kişinin boğazından dərin bir yara açdı. Hələ tam dönüşmədiyini göstərən digər bir sübut isə boğazından axan tünd qırmızı qan oldu. Kişi qışqıraraq geri çəkildiyi zaman əlindəki balta ilə kömək üçün pəncərədən içəri girməyə çalışan Jasmini gördü. Oğlanı və boynundakı kəsiyi bir anda unudaraq üzünü qıza çevirdi. " Jasmin, qaç." Ancaq Jasmin bu haqda heç düşünmürdü. Əlindəki baltanı havaya qaldırıb bir zərbə endirdi. Kişi qızın əlini havadaca tutub geriyə bükdü. Qız acı içində qışqıraraq əlindəki baltanı yerə saldı. Oğlan yerdə sürünüb baltaya çatdı və götürərək kişinin ayağına bir zərbə endirdi. Baş barmağı və yanındakı barmaqda böyük bir hissə yerdə hərəkətsiz qalarkən növbəti zərbəni bir az yuxarı vurmaq istəyirdi ki, korrigan bir təpik ilə oğlanı özündən uzaqlaşdırıb qız ilə birlikdə pəncərədən çölə atıldı.
Daniel əlini qanayan başına aparıb yerindən qalxdı. Özünü dərhal ələ alıb yerdəki paltarları yenidən qucağına yığaraq pəncərədən çıxdı. Evin ətrafındakı odun yığını arasından çox da uzun olmayan odun parçası götürüb paltarları ona doladı. Fənəri ilə işıq salıb maşının qəza törətdiyi yerə doğru qaçmağa başladı. Maşının yanına gəlib bakdan benzin çəkərək taxtaya bağladığı parçaların üzərinə tökdü. Cibindəki alışqanla məşəli yandırıb dərədən ehtiyatla aşağı düşməyə başladı.
İri qayalıqların arası ilə hərəkət edib məxluqun harada gizləndiyini tapmağa çalışırdı. Hər nə qədər əlində korriganların qorxduğu alov olsa da, bacardığı qədər asta olmağa çalışırdı. Külək hər an məşəli söndürəcəkmiş kimi güclü əsirdi. Daniel dayanaraq ətrafına qulaq asdı. Bəlkə dostlarından birinin səsini eşidib yuvanın harada olduğunu tapa bilərdi. Ətrafına dönərək bir giriş axtarmağa başladı. Ehtiyatı əldən qoymayıb eşitdiyi hər kiçik səsə belə dayanaraq qulaq asırdı. Daniel hər yerə diqqətlə baxsa da, qayalıqlardan başqa heç nə yox idi. Oradan bir qədər uzaqlaşıb ağaclıqlar tərəfə bir addım atdı. Sonra bir addım daha. Və bir addım daha.
Bir anda ayağının altındakı yer yoxa çıxdı ,sanki. Oğlan böyük bir surətlə boşluğa düşüb yerə çırpıldı. Deyəsən, qolu qırılmışdı. Qorxusunda acısını içinə basaraq susdu. Qaranlıqda heç nə görməyib əli ilə ətrafını axtardı. Nə baltadan, nə məşəldən, nə də cibindəki fənərdən bir xəbər yox idi. Oğlan dizləri üstündə sürünərək əlini nəm torpağın üstündə gəzdirdi. Sonunda əlinə nəyinsə gəldiyini hiss edib sevindi. Fənər idi. Yandırmağa çalışdı, amma alınmadı. Fənər qırılmışdı. Bir anda cibindəki alışqanı xatırladı. Tələsik onu çıxardaraq yandırdı. Məşəli tapıb sol əlinə alarkən ani bir ağrı ilə bağırdı içində. Qolu , həqiqətən də, qırılmışdı. Tez-tez nəfəs alaraq əyninəki köynəyi çıxartdı. Köynəyin qollarını bir-birinə düyünləyib qırılan qolundan keçirərək boynuna saldı. Yerdəki məşəlin işıqlandırdığı ətrafına baxdı. Nəhəng bir köstəbəyin yuvasına bənzəyirdi. Məşəli sınıq qolu ilə birtəhər tutub baltanı sağ əlinə aldı. Kiçik addımlarla önündəki yolu izlədi.
YOU ARE READING
SONSUZ GECƏ #Watty_Aze2016
HorrorONLAR ÜÇÜN GECƏ BİTMƏK BİLMƏYƏN BİR SONSUZLUĞA BƏRABƏR İDİ...