Selly'ə bir şey demədən sürətlə otağıma qaçdım, anamın ad günümdə aldığı çoxlu cibi olan böyük çantanı axtarmağa başladım.
" Axı hara qoymuşam çantanı,off..."
Bir az da axtarandan sonra şkafın dərinliklərindən çantanı tapdım.
Bayaq götürdüyüm balaca çantanı boşaldıb içindəkiləri böyük çantaya yerləşdirdikdən sonra Selly'nin yanına gəldim.
Selly koridordakı güzgüdə özünə baxırdı. Güzgüdən mənim əksimi görən kimi mənə sarı çevrilib soruşdu:
-Otağına niyə getdin?
-Bax,bu çantanın cibini görürsən, öndəki ,sənin boyuna da uyğun gəlir. Səni bu cibin içində gizlədəcəm ki, başqaları görməsin.
Selly gözlərini iricə açıb mənim dediklərimi başa düşməyə çalışırdı .
Əvvəlcə mızıldanıb çantanın cibində gizlənmək istəmədiyini dedi. Əgər razılaşmasa, gəzməyə getməyəcəyimizi deyən kimi razılaşdı.
Çantanı qoluma keçirtdim, Selly'ni də çantanın ön hissəsində yerləşən iri cibinə yerləşdirdim ,sonra da qapını bağlayıb evdən çıxdıq.
Gəzintimizə ən birinci dəniz kənarından başlamaq fikrinə gəldim.
Evimiz dənizə çox da uzaq deyildi, yenə də daha tez gedək deyə avtobusla getməyə qərar verdim.
Avtobus dayanacağına qədər bir az piyada getməli idik.
Dayanacağa çatana qədər Selly mənə gedəcəyimiz yerlə bağlı xeyli sual verdi,susmaq bilmirdi.
- Mari, hara gedirik indi?
- Çatanda görərsən.
-...
- Orda nə var? Mariii, de də...
- Az danış, çatanda görərsən...
-...
-...
Getdiyimiz yeri gizli saxlamağa çalışırdım, ona görə suallarını yola verirdim.
Ona cavab verə - verə yol kənarı ilə gedərkən bir də baxdım ki, ətrafdakıların mənə baxışı normal deyil.
Hələ kənarda anasının əlindən tutmuş balaca oğlan uşağının barmağı ilə anasına məni göstərib dediyini eşidəndə elə bil, başıma qaynar su töküldü:
-" Ana, ana, baaax, ordakı qız öz - özünə danışır,dəlidi o , həə??
Anası da : -"Gəl, oğlum, ondan uzaq dur ,gəl, gedək ",- deyərək uşağın əlindən dartıb özünə tərəf çəkdi. Ana- bala mənə səviyyə ilə baxa - baxa uzaqlaşdılar.
Özümü lap dəli kimi hiss elədim o an . Əsəbləşmədim desəm, yalan olar.Selly yenə nəsə dedi, dediyinə əsəbimdən heç fikir verə bilmirdim .
Dayanacaqda bir az Selly'ə deyinməyə başladım:
-"2 dəq. susa bilmirsən,sənə görə dəli kimi baxdılar mənə ,offf ..."
Elə cümləmə davam edəcəkdim ki, avtobusun gəldiyini gördüm. Tez avtobusa minib boş yerlərdən birində pəncərə tərəfdə əyləşdim.
Hava çox gözəl idi, Günəş par- par parıldayır,yaşıl yarpaqlarının arasından keçərək ağacları daha canlı, əlvan göstərirdi. Səmada buludlar da cürbəcür formalar almış, qalın topalar şəklində yerləşmişdilər.