Səssiz İfa~♪~

475 39 43
                                    


Dəhlizdə sürətlə addımlayıb dərs alacağı sinifə gedərkən yarım açılmış bir qapıdan o yeri görmüşdü.. Yaxınlaşıb qapını bir az daha açdı. Çiynindəki çantanın tutacağından bərk-bərk yapışmış sağ əli yavaş - yavaş sürüşərək aşağıya sallandı.

Qırmızı xalçanın üzərinə qara rəngli royal necə də gözəl yaraşmışdı... Tavanda royalın əksi bir qədər bulanıq şəkildə də olsa özünü göstərirdi.

Qapını tam açıb ilk addımını atdı. Bir qədər gedib səhnə ilə oturacaqlar arasındakı məsafədə dayandı. Cəmi üçün gün ... Üç gün sonra burada, bu zalda çıxış edəcəkdi. Gözlərini yumub burada çıxış edəcəyini xəyalına gətirdi. Bir neçə saniyə sonra bədənini ələ keçirən kiçik həyəcanla gözlərini açdı. "Həyəcanlanma, axmaq qız...Həyəcanlanma" deyərək əlindəki əsəri barmaqları ilə burdu.
Səhnədən bir qədər aralı olan qırmızı rəngdə oturacaqlar öz qonaqlarını gözləyərkən, royalın qarşısında duran qara rəngli oturacaq da öz ifaçısını gözləyirdi. Oturacağın və alətin üzərinə düşən işıq xəttini izləyərkən gözləri alətin sol tərəfində olan pəncərədə dayandı. Deyəsən, günəş səhnəni işıqlandırmaq üçün vəzifələndirilmişdi bu gün...

Təhsilinin birinci ilində konsertdə çıxış etmək hüququnu qazana bilməyib, konserti yalnız qırmızı oturacaqlarda oturaraq izləməklə kifayətlənmişdi. Lakin növbəti ilə qədər ümidini itirməmiş, çalışmış və ikinci ildə qara stulda oturmaq hüququnu qazanmışdı.

Çantasını ön oturacaqların birinə qoyduqdan sonra səhnəyə çıxıb royalın qarşısındakı oturacaqda əyləşdi. Günəş şüaları bir qədər gözlərini qamaşdırdığından gözlərini qıymalı oldu. Royalın qapağını çox böyük ehtiyatla qaldırdı. Əlində tutduğu əsəri qarşısına qoyduqdan sonra hər iki əlini qaldırıb yüngülcə klaviaturanın üzərində müəyyən klavişlərə yerləşdirdi. Klavişlərə basmadan qarşısına qoyduğu əsəri "ifa etməyə" başladı. Barmaqları klavişilərin üzərində incə şəkildə hərəkət edirdi. Sanki onları incitməkdən çəkinirdi. Əslində isə bu cür, yəni səssiz şəkildə ifa etməyində əsas məqsəd zala gizlin şəkildə girdiyindən heç kəsin xəbər tutmaması üçün idi.

Şüaların təsirindən gözlərini tamamilə qapadığında gözləri önünə "Pianoçu" filmindən bir fraqment gəlirdi. Hansı ki, pianoçu piano olmadan öz xəyal aləmində piano ifa edirdi. Hal-hazırkı bu vəziyyətinin filmdəki həmin fraqmentlə bir az oxşarlığı var idi... Bunu düşünərkən üzünə buruq bir gülümsəmə yayılmışdı.

Pianoda səssiz ifasını davam etdirərkən günəş öz şəfəqlərini yığışdırıb bir müddətlik öz yerini buludlara və yüngül küləyə vermiş, özü isə məharətlə gizlənmişdi.

Pəncərədən ona doğru gələn külək üzünü və başına örtdüyü şərfi yüngülcə oxşadı. İsti günəş şüasından sonra səhnəyə qonaq olan küləyi çox böyük razılıq ifadəsi ilə qarşılamışdı... Lakin külək bununla kifayətlənməmiş əsərin vərəqləri ilə oynamağa başlamışdı.

Səssiz ifasını bitirdikdən sonra böyük bir sevinclə gözlərini açarkən, gözləri zalda olan saata ilişdi. Dərsə xeyli gecikmişdi. Cəld şəkildə küləyin kiçik oyununa qoşulmuş əsərini götürdü.. Üç gün sonra yenidən görüşmək ümidi ilə rayalın qapağını örtüb, səhnə ilə sağollaşdı...

Səssiz İfaWhere stories live. Discover now