"Beləliklə, ilin yekun konsertini açıq elan edirik..." uzun danışıqlardan sonra nəhayət konsert başlamışdı.
Orta sıraların birində , pəncərənin düz yanında əyləşmiş konsertə qulaq asırdı. Gözləri isə səhər-səhər təhsil aldığı binaya girən kimi zibil qutusundan azad etdiyi əsərinin üzərində idi . Əsərini dizləri üzərinə almış üzərində barmaqlarını gəzdirirdi.
Dizləri üzərinə qoyduğu əsərin üzərinə günəş öz şəfəqlərini səpələmiş eyni zamanda onun gözlərinin qıyılmasına səbəb olmuşdu.
Əli ilə gözlərini günəşdən qorumağa çalışaraq üzünü tutub günəşə "Sənin nə işin var burda, get səhnəni işıqlandır.." dedi.
Ancaq günəş onun sözlərini vecinə almayaraq öz yerində dayanıb, pəncərədən ona boylanırdı. Günəşin şüalarına daha çox tab gətirməyib başını aşağı salıb yenidən bütün diqqətini notlara vermişdi...
Alqışlardan sonra barmaqlarını notların üzərinə qoydu. Artıq ifasına başlamışdı. Barmaqları məharətlə notların üzərində gəzişərkən, ürəyindəki kiçik həyəcan onu təntidirdi.
Bir müddət sonra günəşin təsirindən gözləri tamamilə bağlanmışdı. Gözlərinin bağlanması ürəyindəki kiçik həyəcanı silib aparmışdı...
Çıxışını davam etdirərkən günəş öz şəfəqlərini yığışdırıb bir müddətlik öz yerini buludlara və yüngül küləyə vermiş, özü isə məharətlə gizlənmişdi.
Pəncərədən ona doğru gələn külək üzünü və başına örtdüyü şərfi yüngülcə oxşadı. İsti günəş şüasından sonra gələn küləyi çox böyük razılıq ifadəsi ilə qarşılamışdı... Lakin külək bununla kifayətlənməmiş əsərin vərəqləri ilə oynamağa başlamışdı..
İfasını bitirər-bitirməz gurultulu alqışlar müşayət etdi onu.. Bu alqışlar dodağına bir balaca təbəssüm qonmasına səbəb olmuşdu..Bir müddət sonra böyük bir sevinclə gözlərini açdığında hər kəsin zalı yavaş-yavaş tərk etdiyini gördü. Səhnə də, qırmızı oturacaqlar da boşalmışdı. Yalnız o qalmışdı.. Orta sırada, qırmızı oturacaqların birində, düz pəncərənin yanında. Və bir də onunla bərabər buludlar, buludların arxasına gizlənmiş günəş həmçinin üzünü oxşayan sakit külək... Onun barmaqlarına axan ürəyinin səsini dinləmək üçün gəlmişdilər... Heç kəsin duymadığı səssiz ifasını eşitmək üçün gəlmişdilər...
O da onların qarşısında baş əyərək "səhnəni" tərk edib, zalla sağollaşdı. üzündə kiçik təbəssüm , qulaqlarında anasının sözləri ilə;
"Bəzi ulduzlar o qədər yüksəkdədirlər ki, insanlar adi gözlə onları görə bilmirlər. Bax, sən də o ulduzlardan birisən..."
Son....♬♬♬
YOU ARE READING
Səssiz İfa
Random"Bəzi ulduzlar o qədər yüksəkdədirlər ki, insanlar adi gözlə onları görə bilmirlər. Bax, sən də o ulduzlardan birisən..."