Pianonun qarşısında oturub nə çalacağı barəsində qərarsız qalmışdı. Barmaqları incə şəkildə ağ dillərin üzərində gəzməyə başlayarkən, düşüncələri sərt şəkildə qara notlara toxunmaqda idi..
Bir az sonra həzin şəkildə ifa etdiyi musiqi öz yerini bir qədər sərt melodiyalara vermişdi. Düşüncələr beynini necə döyəcləyirsə o, da o cür notları döyəcləməyə başlamışdı.
İfası get-gedə daha da kobudlaşır və sürətlənirdi. Pauzalara fikir vermədən, notların ölçüsünü gözləmədən çalırdı. Bəli, ifa etmirdi sadəcə çalırdı.
Qaşları çatılmış, dodaqları büzülmüşdü. Pianonun klavişləri barmaqlarına, barmaqları biləklərinə, biləkləri isə ona üsyan edirdi... " Dayan" deyə.
Barmaqları ağır işlə yüklənmiş fəhlələrə çevrilmiş, barmaq ucları qızararaq dırnaqlarını günahlandırırdı bu işdə...
Pianonun, barmaqlarının, dırnaqlarının və biləklərinin üsyanına daha artıq tab gətirə bilməyib əllərini azad buraxdı.
Başını yuxarıya qaldırarkən pianonun üzərində birinin əksini gördü. Bulanıq şəkildə olan görüntünün qolları qalxaraq onun çiyninə doğru sarıldı. Evdə tək olmadığını unutmuşdu bir az əvvəl "çıxış " edərkən.
-Qızımı kim əsəbləşdirib belə..?- saçlarından öpdü.
-Heç kim- dedi, əllərini anasının ona sarılmış qollarına doğru aparakən.
-Barmaqlarına bu qədər əziyyət vermə, hələ sənə çox lazım olacaqlar..- qızının qızarmış barmaqlarına işarə etdi. Daha sonra əlavə etdi.
-Gəl həyətə çıxaq, həm barmaqların istirahət etsin, həm də sən.
•°•°•
-Demək konsertdə iştirakına icazə verməyiblər...- dedi, qızının sonuncu barmağını sarıyarkən.
- Başa düşə bilmirəm, onlara nə lazımdı? Geyim yoxsa ifa? Başımın üzərində bitən bir tutam tük yığını yoxsa başımın içindəki düşüncələr?
Aylarla mükəmməl olsun deyə çalış, mükəmməl olsun, böyük həvəslə hazırlaş, sonda da çəkdiyin bütün əziyyət hansısa bir "irəli düşüncəli" insanın hesabına heç olsun.- Heç olmayıb. Niyə heç olsun ki? Onlar təəssüf etsinlər ki, sənin kimi bir pianistin ifasından məhrum buraxdılar özlərini.
- Hər bir pianoçunun ifası onun ürəyinin səsidir, demişdi müəlliməm... İstəmişdim ki, hər kəs eşitsin ürəyimin səsini..
Mən çox istəmişdim, orada o səhnədə çıxış etməyi. Bu dəfə qırmızı oturacaqda oturub, çıxış edənləri alqışlamaqla kifayətlənməyəcəkdim...Bu dəfə kölgədə qalmayacaqdım.- Şışşt...sakit... İndi başını qaldır və səmaya bax.. Səmada parıldayan ulduzları görürsən?
-Hə, görürəm...
-Bəzi ulduzlar o qədər yüksəkdədirlər ki, insanlar adi gözlə onları görə bilmirlər. Bax, sən də o ulduzlardan birisən...
YOU ARE READING
Səssiz İfa
Random"Bəzi ulduzlar o qədər yüksəkdədirlər ki, insanlar adi gözlə onları görə bilmirlər. Bax, sən də o ulduzlardan birisən..."