Çətirlilər.

90 21 40
                                    

1 hissəlik qısa hekayə.

Nə o hüznlü yağışların yağdığı bir gün idi, nə də göydə qızmar günəş kölgəyə möhtac edirdi insanı. Göydəki qərarsız buludların ardından günəş sanki dünyaya gizlicə baxmağa çalışırdı. Bu geniş küçədə insanların arasından keçir, onları müşahidə edirdim. Sanki axına qarşı gedirdim və yanımdan keçən hər su damlası bir-birinin eynisiydi. Amma bu gün yenə onları görmək olurdu, bu axındakı hər kəsdən fərqli olduqları bəlliydi. Üstlərində bəyaz libaslar var idi, bəziləri qadın, bəziləri kişiydi. Yaşları, görünüşləri, baxışları bir-birindən fərqliydi hamısının. Onlar haqqında sadəcə bir şey eyniydi. Əllərindəki qara çətirlər. Bəzən yolun tam ortasında dayanardılar, bəzən insanların arasında süzülərək dövrə vurardılar. Hara getdiklərini sanki özləri belə anlamırdılar. Yolun qırağındakı köhnə dayanacaqda onlardan biri dayanmışdı, ətrafına parlaq işıq yayan bir qız. Dayanacaqda avtobus gözləyirdi, halbuki bu dayanacaqda heç avtobus dayandığını görməmişdim. Qızın bəyaz və uzun əlbisəsi vardı, saçları belinə qədər uzanırdı, iri və özü qədər parlaq gözləri boşluğa baxırdı. Başının üstündəki qara çətiri əlləriylə sıxırdı. Axının arasından qurtulub ona tərəf getməyi qərara aldım. Onun yanında dayanmağıma baxmayaraq qız mənə diqqət etmədən boşluğa baxmağa davam etdi. Birinci yavaşca öskürdüm, sonra cəsarətimi toplayıb soruşa bildim:

- Siz burada nə edirsiniz?

Qızın diqqətini cəlb edə bilmişdim deyəsən. Üzünü mənə tərəf çevirib gülümsədi:

- Mən gözləyirəm.

- Axı bura avtobus gəlmir, xanım.

- Bilirəm. Mən sadəcə gözləyirəm.

- Nə qədər gözləməyi düşünürsünüz?

- Mənim üçün narahat olmayın. Gəldiyim yerdə gözləmək ən yaxşı bacardığımız şeydi. Həm də nəyi gözlədiyimizi belə bilmirik.

- Siz haradan gəlmisiniz?

Qız yenidən üzünü çevirib boşluğa baxmağa davam etdi:

- Gəldiyim yer çox sıxıcıdı. Anlatsam sıxılacaqsınız. Orada hamımız o qədər xoşbəxtik ki. Heç nədən qorxmağımıza ehtiyac yoxdu, hər kəs bir-biriylə mehribandı. Biz hamımız varlı və məsuduq.

- Qəribədi. Siz kanadalısınız?

Belə olmadığını bilirdim. Bu sual qızı gülümsədə bilmişdi. Bu gülüş onun çox-çox uzaq diyarlardan olmasının sübutuydu, çünki bu gülüş bizim dünyamıza aid ola bilməzdi. Qız çətirini sıxıb gözlərini yumanda mən heyranlıqla donub qalmışdım.

- Sizə bir sual daha verə bilərəm?

Bu anda sanki qeybdən bir avtobus ortaya çıxaraq tam olaraq bizim önümüzdə dayandı. Avtobusdan qızılgül ətri gəlirdi və çəhrayının yüngül bir tonuna boyanmışdı hər tərəfi. İçindəkiləri tanımaq çətin olmadı, oturacaqda oturan sərnişinlər çətirlə dolaşan həmin insanlar idi amma öz çətirlərini bağlayaraq yanlarına qoymuşdu hər biri səliqəylə. Qız avtobusa doğru bir addım atdı:

- Mən artıq getməliyəm.

- Siz... sizin əlinizdə niyə çətir var?

Qız başını yuxarı qaldırıb əlindəki çətirə baxdı. Sonra mənə yaxınlaşıb dodaqlarını qulağıma doğru gətirdi və fısıldadı:

- Cənnətdən qaçanların Tanrıdan gizlənməyə ehtiyacı var.

O avtobusa keçdi, avtobus uzaqlaşdıqca geridə sadəcə qızılgül qoxusu və geniş yoldakı bir-birinin eynisi çətirsiz insanlar qaldı. 

Slender'in qısa hekayələriHikayelerin yaşadığı yer. Şimdi keşfedin