Bir ruh üçün zaman və məkanın o qədər də mühüm anlayışlar olmadığını bir anda özümü keçmişdə müdir dostumun ofisində tapanda anlamışdım. Bir göz qırpımında o mətbəxdən keçmişə, bir neçə saat əvvələ qayıtmışdım. Uşaqlıqdan bəri dostluq elədiyim Orxan mənimlə eyni yaşda olmasına baxmayaraq öz kreslosunda məndən daha cavan və yaraşıqlı görünürdü. Səliqəli qara kostyumu, qolundakı parlayan saatı, arxaya doğru daradığı qara saçları onu əsl bir iş adamı kimi göstərirdi.
Qapı tərəddüdlə döyüldü və Orxan qapının arxasındakı şəxsi içəri dəvət etdi. Və yaşayan mən qərarsız bir şəkildə içəri girdi:
- Çağırmışdın.
-Hə. Keç otur. - Orxan əliylə stulu işarə elədi və Sərdar oraya əyləşdi.
- Özün də bilirsən səni niyə bura çağırdım. - Orxan sözə başladı.
- Borca görə deyirsənsə...
- Tək borc yox. A kişi, sən neçə aydı əlini ağdan-qaraya vurmursan e, fərqindəsən? Sənə maaş ödənir aylıq, gəlib burda oturub getməyin üçün? Aylardı bircə kəlimə də yazmamısan. Daha dostumsan deyə heç nə demirəm. Amma mən də özümdən yuxarıya tabeyəm, bilirsən. Öyrənsələr vəziyyət belədi, sən də gedəcəksən, mən də əlli-ayaqlı. Bunu istəyirsən?
Sərdar yenə başını aşağı əyib cibindən çıxardığı əski ilə eynəyini təmizləməklə məşğul idi.
- Süsən necədi? - Orxan kreslodakı yerini rahatlayarkən soruşdu.
- Bütün gün şikayət edir. - Sərdar gülümsəyərək cavab verdi.
Və o anda Orxan yanındakı kağızı Sərdarın önünə qoydu və irəli əyilib yavaş səslə danışdı:
- İstefa ərizəndi. İmzalayırsan, bu qədər. 3000 manat borcunu zadı da unuduram. Al, bu da qələm.
Sərdar eynəyinin ardındakı gözlərini qısıb önündəki kağıza baxdı. 10 ildən çox idi burada işləyirdi. Yazmaqdan başqa bacara biləcəyi bir şey ağlına gəlmirdi. Amma artıq onu da edə bilmirdi. Bu çöküşün əvvəl-axır bura gəlib çatacağını bilirdi. Ona görə də qələmi alıb ərizəni imzaladı. Orxan rahatlamış görünürdü. Sərdar heç nə demədən yanına qoyduğu çantanı götürüb getmək üçün ayağa qalxdı. Otaqdan çıxmamışdan əvvəl Orxanın səsini bir daha eşitdi:
- Süsənə salam deyərsən.
Hər şey bir film səhnəsi dəyişirmiş kimi bir anda dəyişdi və artıq tamamilə fərqli bir yerdə və fərqli bir zamanda idim. Hadisələrin axarı üzərində heç bir hakimiyyətim yox idi. Buna təəccüblənmirdim, artıq həyatımı bitirmişdim və həyatım boyunca hadisələr üzərində olan hakimiyyətdən belə istifadə edə bilməmişdim. Kaş yaşadığım müddətdə də hər şey belə öz axarı ilə davam etsəydi mənim heç nə etməyimə ehtiyac olmadan.
Lənətə gəlsin, xatirələrimin arasında fırlanarkən buraya gəlmək həmişə ən əzablı qism olmuşdu. Onda həyət evində qalırdıq. Yaxşı vaxtlarımın sonuna çatdığımı necə təxmin edə bilərdim ki? Sərdar gülümsəyirdi, sonradan satacağı maşının yanında ailəsini gözləyirdi. Tək xoşbəxt görünmürdü, həm də xoşbəxt idi. Amma bu o demək deyildi ki, o tamamilə başqa biriydi. O elə həmin bacarıqsız, yöndəmsizliklə lənətlənmiş Sərdarın keçmiş, lənətli olduğunu anlamadığı forması idi. Hər tərəf ağ rəngə bürünmüşdü və qar hələ də yağmağa davam edirdi. Sərdar və Süsənin 3 yaşlı oğlu qarın üstündə gəzir, çox qeyri-adi bir şeymiş kimi onu əlcəkli əllərinin arasına alırdı. Onlar Süsəni gözləyirdilər, Süsən bəzənməklə məşğul idi. Ailə Sərdarın dostu Orxangilə qonaq getməyə hazırlaşırdı. Süsən evdən çıxdıqda Sərdar öz zibil fikirlərindən ayrılıb maşını işə salmaq üçün rolun başına əyləşdi. Maşının təkərləri qara batdığı üçün qaza basdı amma irəliyə doğru irəliləmək fikri yox idi bu dəmir parçasının. Süsən nəyisə unutduğuna görə yenidən evə girməli olmuşdu. Sərdar bir az əsəbi, bir az dalğın şəkildə amma əsasən də lənətinin sehriylə maşını geriyə doğru sürməyi qərara aldı.
Maşın geriyə doğru gedərkən bir daşın sağ arxa təkərə ilişdiyini sandı və daha da geriyə sürüb o daşın üzərindən keçdi.
"Dayan! Dayan! O daş deyil, nə də kötük deyil, idiot! Lənət olsun sənə!" - kaş səsim eşidilsəydi.
Əgər ruhum hiss etməyi bacarsaydı bu hadisəyə qıraqdan baxmaq mənə cəhənnəm əzabını çəkdirərdi. Süsən yenidən evdən çıxarkən səsinin ən incə və yüksək formasıyla dəhşətli bir şəkildə qışqırdı. Sərdar maşının təkərilə yerə uzanıb qarlar içində oynayan oğlunu əzmiş, onun üstündən keçmişdi. Uşaq səs çıxarmağa belə macal tapmamışdı. Səs çıxarsa belə eşidərmiydim? O qədər düşüncəliydim ki. O gündən bəri özümə və düşüncələrimə hər dəqiqə lənət oxumağa başladım.
Qırmızı qan ağ qara təmas etdi və maşının altındakı uşağın ətrafına yayıldı. Uşaq yerə uzanıb qardan mələk yaratmağa çalışdığı üçün qolları açıq qalmışdı. Ağır maşının təkəri onun düz sinəsinin üstündən keçmişdi və oğlumuz yerindəcə keçinmişdi.
Mən əslində o gün ölmüşdüm. O gündən sonra yaşadığım bir həyat deyildi. Süsənlə aramda yaranan uçurum o qədər böyüdü ki, artıq tamamilə yad birinə çevrildik bir-birimiz üçün. Ən böyük uçurum isə özümlə aramda yaranan uçurum idi. Bir kainat böyüklüyündə və elə kainat kimi hər gün daha da genişlənən.
Buna baxmayaraq yaşamağa davam etdim. Ölə bilməyəcək qədər qorxaq və bacarıqsız idim. Hər səhər gözümü açdıqda ilk düşündüyüm şey ölüm idi, hər gecə yatmazdan əvvəl arzuladığım şey həmçinin. Amma bundan o tərəfə keçmirdi, bu istək sözdə qalırdı. Ölümü düşünmək günahlarımla arama qoyduğum bir çəpər kimiydi.
Mən əslində o gün ölmüşdüm. Amma həmçinin cismən də olsa yaşamışdım. Əgər ölə bilməyəcək qədər bacarıqsız biriydimsə necə olmuşdu ki, həqiqətən ölməyi bacarmışdım. Ruhum necə bədənimdən ayrılmağı bacarmışdı? Bax, ən maraqlısı bu idi.
ŞİMDİ OKUDUĞUN
Sonsuzuncu dəfə...
Spiritualité"Bu o deməkdir ki, mən yoxam?" Özümü ölü hiss etmirdim. Ölü də göründüyümü düşünmürdüm. Şəffaf şüşənin ardındakı reklam lövhəsinin önünə gələnə qədər. Hər şey əks olunurdu bu şəffaf şüşədə, bir tək məndən başqa... Əlbəttə normal olaraq zehnimi minlə...