Mən harada ölmüşəm?

92 24 47
                                    

Ölümün nə olduğu ilə bağlı bir sıra axmaq fikirlərim vardı. 16cı məktub belə başlayırdı:

"Ümidvaram ölüm materialistlərin dediyi kimi sadəcə məna yüklənən bir boşluq, bir heçlik deyildir. Çünki mən günahlarımın cəzasını çəkmək istəyirəm. Özümlə birlikdə günah işləyən hər bir kəsin də həmçinin mənimlə birlikdə əzab içində qovrulmasını istəyirəm. Məni yaxşı insanlar, Tanrı yolunda olanlar maraqlandırıb eləmir. Onlar üçün bir cənnət olmasa da olar, onlar əbədi boşluğa qərq olsalar belə bu həyat və ölüm haqqında heç bir şeyi dəyişdirməz. Amma əgər ki, öldükdən sonra bir cəza olmayacaqsa, bir sorğu, ya da ən azından bir qınaq olmayacaqsa, bax, bu hər şeyi mənasız hala salar. Açıqcası mən Tanrı olsaydım bir tək cəhənnəmi yaradardım. Var olmaq günahlarımızdan və günahlarımızın cəzalarından ibarət olmalıdı. Hətta verilən mükafatların altında belə bizim ilk baxışdan anlamadığımız cəzalar yatır. Yenə də Tanrının bizim üçün nə hazırladığını hansımız bilə bilərik ki. Tanrı bizi qorusun! Bəli, Tanrı bizi bağışlamamaqla, bizi cəzalandırmaqla qorusun."

İntihar məktubu buna bənzər bir çox axmaqca fikirlə vərəqlər boyunca uzanır və tamamilə anlaşılmaz bir vəziyyət alırdı. Şükürlər olsun ki, əziz həyat yoldaşım bu məsələni kökündən həll elədi. Heç kim görməyən bir küncə keçib vərəqləri parçalara bölüb dəyərsiz düşüncələrimi pəncərədən küləyin ağuşuna buraxdı. Bununla da həyat haqqında, həmçinin artıq bir ölü olduğum üçün ölüm haqqında düşüncələrimin varlığının sonu gəlmişdi.

Sözü çox uzatmadan, standart prosedurlar yerinə yetirildi. Cəsədim üçün hazırlanan tabut gətirildi, cəsəd içinə yerləşdirildi, maşına qoyuldu və məzarlığa doğru səyahət başlandı. Dayandırmağa çalışdım onları, məni oğlumun olduğu məzarlığın tam əksi bir yerə aparırdılar, şəhərin digər qırağına. Amma əldən nə gələrdi ki?

Hər şey tələsik yola verilirdi. Hamı öz günlük işlərinə qayıtmağa can atırdı, bu səbəblə də bütün qolunda qüvvət olan iş yoldaşlarım məzarımı can-başla qazmağa yardım edirdilər. İş yoldaşlarım, bir neçə tanış və adını belə xatırlamadığım uzaq qohum-əqrəba. Cənazəmdə iştirak edənlər bunlardan ibarət idi. Əlbəttə dəyərli həyat yoldaşım ən çox özün yerdən-yerə vuran şəxs idi bu cənazədə. Digərləri kimi o da kədər maskasını taxmışdı, digərlərindən fərqli olaraq bu maskadan elə istifadə edirdi ki, buna ifrat kədər belə demək olardı. Hadisənin əslini bilməyən yaşayanlar üçün bu olduqca normal bir şey təsviri yaradırdı.  Onlar hamısı qara geyinmişdilər, hava buludlu olduğu üçün bəzilərinin əllərində açılmamış çətirlər var idi. Tabutum duaların sədası altında məzara endirildikdə bəzi yoldaşlarım guya kədərdən üzlərini gizlətmək üçün başlarını aşağı əydilər amma əslində bahalı ayaqqabılarının qəbiristanlığın palçığına bulaşıb-bulaşmadığına baxmaq istəyirdilər.

"Bax, əsl şou budur, Süsən." 

Tabut, torpaq, məzar daşı, bir neçə qarışlıq yer. Bu qədər, hamı dağılışılırdı. Müdirim və ən yaxın dostum cənazə boyu başını aşağı əyib kütlənin ən arxasında dayanmışdı. Hər kəs getdikdən sonra məzarın başında sadəcə Süsən qaldı. Orxan isə hər kəsi yola salmaqla məşğul idi. Ailənin bir parçası kimi başsağlıqlarını qəbul edirdi. Süsən məzarın başında tam ifadəsiz bir şəkildə dayanmışdı. Onu hər zaman cazibədar göstərən qara rəngli geyimlərini geyinmişdi. Həqiqətən birini öldürməmiş qədər gözəl və məsum görünürdü.

Hər kəs getdikdən sonra Orxan da məzara yaxınlaşdı. Süsəni arxadan, belindən qavradı və boynuna şəhvət dolu bir öpüş qondurdu.

- Eləmə - dedi Süsən nazla.

- O ölüdü. Daha bizi görə bilməz. - Orxan öpməyə davam etdi. Buna ölümün ironiyası demək olardı. Mən onları çox aydın şəkildə görürdüm.

Orxanın üstünə yüyürdüm və havadan yüngül yumruqlarımı ona doğru sallayanda belə öpüşlər bir müddət davam etdi. Əsəb hiss etmirdim, heç nə hiss etmirdim, sadəcə əxlaq prinsiplərim gərəyi edilməsi gərəkən bu idi.

- O öldü. Artıq birlikdə ola bilərik. - Orxan Süsənin yanına keçib onun əlini qavradı. Bir-birlərinə nə qədər yaraşdıqlarının fərqinə varmam isə bütün prinsiplərimi alt-üst etmişdi.

- Əvvəllər onu həqiqətən sevmişdim, Orxan. Gün keçdikcə isə o yox olurdu, içində onu əridən bir şey vardı, bunun qarşısını ala bilmirdim. Bu oğlumuz ölməmişdən qabaq başlamışdı, oğlumuzu öldürən şey də elə onun içindəki şey idi. Sonralar yoxluq onu ələ keçirdi. Ona nifrət etməmək mümkünsüz hal almışdı. Hər kəs sadəcə keçmişdəki halının xətrinə dözürdü Sərdara.

- Bəs ondan niyə ayrılmadın, Süsən? 

- Çünki ona yazığım gəlirdi. Ondan ayrılsam özünü öldürəcəyini bilirdim. Əslində bütün bu intihar cəhdləri bir cür mənim görməyim üçün edilirdi. "Bax, əgər məndən ayrılsan özümü öldürəcəm." Onunla bir yerdə qalmağın mərhəmət olduğunu sanırdım. Amma sonra sən mənə başa saldın ki, elə birinə mərhəmət etmək ona ölümü bağışlamaqdı.

Haqlımıydı? Bunun artıq heç bir fərqi yox idi. Özümü öldürmək istəyimin altındakı qarışıq səbəbləri bu ölümsüz halımın anlamasına imkan yox idi. Və beləliklə məzarım başında ediləcək son söhbət də tamamlandı. Süsən və Orxan ayaq bağlarını torpağın altında buraxaraq əl-ələ məzarlıqdan ayrıldılar. Mən isə ətrafa baxdım. Gözlədiyim son bir şey vardı, həqiqətən son bir şey. Maraqla gözlərim ətrafda bu dünyadan olmayan bir şey axtarırdı məzarların arasında...

Sonsuzuncu dəfə...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin