Bölüm 1 - Wellounghton'a xoş gəlmisiz !

99 7 5
                                    

Wellounghton qəsri - o sanki öz əzəmətiylə, zahiri görkəmiylə, dörd bir tərəfini əhatə edən meşələrlə insanları tilsimləyir və öz tutqun abu-havasına bürüyür. O, insanları öz dünyasından qoparıb, xəyal dünyasına qərq edir. Elə bir dünya ki, orada hər kəs sərbəstdir və hamı öz istəklərinin, arzularının nirvanasındadır. İnsanlar hətta unudurlar ki, bura Wellounghtondur. Burada xəyallara dalmaq baha başa gəlir. Bunun üçün heç bir məntiqli səbəb axtarmayın. Çünki, bura Wellounghtondur.

Wellounghton qəsri - bu əzəmətli malikanə, cənab Mourisə, atası Uilyam Stivensondan miras qalmışdı. Britaniyanın nüfuzlu redaksiyaları 1939-cu ildə Uilyam Stivensonun amansızca qətlə yetirilməsi haqqında qəzetlər dərc etdirmişdi. İkinci dünya müharibəsinin başlaması, bu cinayətin araşdırılmasını uzun müddət təxirə salacaqdı. Beləliklə də Uilyamın qətli, tarixin tozlu rəfləri arasında öz gizli yerini alacaqdı.

Cənab Mourisə gəldikdə isə, o, bu malikanədə təkbaşına yaşayırdı. Bunu Welloungton qəsrinin qismən yaxınlığında yerləşən qəsəbənin yerli sakinləri deyirdi. Gerçək isə ondan ibarət idi ki, cənab Mouris günün sonunda şam yeməyini heç vaxt təkbaşına etməzdi.

Wellounghton qəsri - o, bu günə qədər öz sirrini qoruyub saxlamışdı və görünən odur ki, bu hələ uzun zaman davam edəcəkdi.

- Onlar çox da uzaqda deyillər...

Cənab Mouris Wellounghton qəsrinə üz tutacaq insanları əvvəlcədən sezə bilirdi. Hətta onların neçə nəfər olacağına dair hər şeyi dəqiq bilirdi və o heç vaxt öz təxminlərində yanılmamışdı.

Bu axşam masa arxasında bir tək cənab Mouris nəzərə çarpırdı. Cənab Mouris hər axşam şam yeməyinə başlamazdan əvvəl, digərləriylə birlikdə dua edərdi. Masa hər zamankı kimi çeşid-çeşid yeməklərlə göz oxşayırdı. Bütün yeməklər cənab Mourisə məxsus idi və onun üçün özənlə hazırlanmışdı. Digərlərinə gəldikdə isə, onlar yalnız insanların qorxularıyla bəslənirdilər. Əgər onlar ac qalsalar, bir-birlərinin, hətta, özləri özlərinin qorxusuyla bəslənərdi. Siz onlara istədiyiniz kimi müraciət edə bilərsiniz, məxluqlar, varlıqlar və ya şər qüvvələr ya da hər nə isə istədiyiniz bir şey. Mənsə onlara sadəcə "digərləri" deyəcəm.

Almaniya qırıcıları İngiltərənin və Şotlandiyanın şəhərlərini bombalamağa davam edirdi. Müharibə bir çox şəhərləri xarabalığa çevirmiş, insanları öz evlərindən didərgin salmışdı. Belə hallarda insanlar özlərinə sığınmaq üçün güvənli yer axtarışına çıxırdı. Ölüm qorxusu bir qrup insanın yolunu gətirib, Wellounghton qəsrinə çıxarmışdı. Təsadüflər insanları bir araya gətirə bilər, amma heç bir təsadüf onları Wellounghton qəsrinə gətirib çıxarmaz. Bu təsadüfdən ötədir. Bu seçimdir. Bir ölüm növündən imtina edib, digərini seçmək kimi. Wellounghton heç vaxt təsadüf deyil, o seçimlərin nəticəsidir. O insanların illuziya dünyasıdır.

Səhəri gün cənab Mouris, 4 nəfərin Wellounghton qəsrinin həyətinə daxil olduğunu görmüşdü. Dəvətsiz qonaqların Wellounghtona üz tutma səbəbləri, nasistlərin hava hücumu zamanı onların şəhərinə, xüsusən də onların çalışdığı oyuncaq fabrikinə zərər yetirmələri olmuşdu. Dəvətsiz qonaqlardan ikisi qadın, ikisi kişi idi. Qadınlardan biri olduqca dəb dəbəli geyinmişdi. Onun adı Laura idi. Laura oyuncaq fabrikinin səhmlərinin önəmli bir qisminin hissədarı idi. Boynundakı boyunbağının dəyəri isə ən az 5 min dollar olardı. 35-40 yaşlarında, şlyapalı, özünü çoxbilmiş göstərməyə çalışsa da, əslində heç nə bilməyən cahil biri idi. Axı ailəsi onu olduqca ərköyün böyütmüşdü. Onun yanında isə paltosu dizlərindən olan, tünd qəhvəyi kostyumlu, hündür boy, 30-35 yaşlarında olan Evan var idi. Evan, Lauranın müavini idi. O, Laurayla olduqca yaxın təmasda idi. Demək olar ki, Lauranın bütün işlərini o idarə edir, hər şeyi o həyata keçirirdi. Digər iki nəfər, Marqaret və İsak isə zavodun siravi işçilərindən idi. Onların üst-başı isə bir qədər toz içində idi. Deyəsən, partlayışdan güclə canlarını qurtarmışdılar. İsak 40-45 yaşlarında, ortaboylu, iri cüssəli, buruq saqqalı sifətini eybəcər göstərən biri idi. Marqaret isə bir qədər arıq, özünə inamsız, 25 yaşlarında gənc qız idi.

WELLOUNGHTONHikayelerin yaşadığı yer. Şimdi keşfedin